Azedu.az

Tibbdən müəllimliyə: "Əlimdə şans olsa, daha ucqar kənddə işləyərdim" - MÜSAHİBƏ

Rubrika

Müsahibə və reportajlar

Region təhsili

Quba-Xaçmaz Regional Təhsil İdarəsi

26 Noyabr 2024, 13:10
Tibbdən müəllimliyə: "Əlimdə şans olsa, daha ucqar kənddə işləyərdim" - MÜSAHİBƏ

AzEdu.az Təhsil Portalı dəfələrlə “Fədakar müəllim” rubrikasında uzaq məsafə qət edərək, çətin relyefli ərazilərdə dərs deməyə gedən müəllimlərdən müsahibələr alıb.

 

Budəfəki müsahibimiz Nərgiz İsmayılova feldşer (həkim köməkçisi) olmaqdan imtina edərək, öz arzusunun dalınca Sumqayıtdan Siyəzənə təsviri incəsənət fənnini tədris etmək üçün gedir.

 

Müsahibimizi daha yaxından tanıyaq...

 

-Nərgiz xanım, xoş gördük. Sizi daha yaxından tanımaq istəyərik.

 

-Mən, İsmayılova Nərgiz Hamlet qızı. Gəncə şəhərində anadan olmuşam, 26 yaşım var. Gəncə Tibb Kollecində feldşerlik ixtisasında təhsil almışam. İxtisasım tibbə aid olsa da, həmişə özümü müəllimlikdə görürdüm. Şagirdlərlə işləməyi, onlara bilik öyrətməyi çox sevirdim. Müəllimliyə bağlı olduğumdan müəyyən kurslarda nəzarətçi kimi işləyirdim. Artıq kolleci bitirdikdən sonra öz arzumun arxasıyca hazırlaşıb, Gəncə Dövlət Universitetinin Təsviri incəsənət müəllimliyi ixtisasına daxil oldum. Universitetdə oxuduğum müddətdə uşaqlara hazırlıqlar keçirdim. Məzun olduqdan sonra ötən il müəllimlərin işə qəbulu imtahanına daxil olaraq Siyəzən rayon Yanıq Ələz kənd məktəbinə Təsviri incəsənət müəllimi kimi təyin olundum. Çalışdığım məktəb 9 illik olduğundan orada cəmi 5 saat dərsim var. Buna görə də dərslərimi bir günə toplamışam. Ailəli olduğum üçün Siyəzəndə qala bilmirəm. Ona görə də Sumqayıtdan Siyəzənə gedib-gəlirəm.

 

-Sizi tanıdığıma şad oldum. Maraqlıdır, müəllimliyi istədiyiniz halda çox fərqli bir sahəyə - tibbə daxil olmusunuz. Bu seçimi özünüz etmişdiniz?

 

-Xeyr, özüm etməmişdim. Tibb sahəsi üzrə oxumağımın səbəbi ailəm idi. Onlar məni bu sahədə görməyi çox istəyirdilər. Mən isə ailəmin arzusunu yarıda qoymayıb, kollecə daxil oldum, amma hiss etdim ki, bu ixtisas mənə görə deyil. Müəllimlik həvəsim tibbə qalib gəldi. Elə həmin vaxtdan hazırlaşaraq imtahan verib, ali məktəbə daxil oldum.

 

-Nə gözəl! Öz arzunuzun arxasınca getmisiniz. Nərgiz xanım, Təsviri incəsənət müəllimi kimi rəsm qabiliyyətiniz necədir?

149928

-Uşaq yaşlarından rəsmə həvəsim var. Ona görə də kursa gedirdim. Təsviri incəsənət müəllimi olmaq üçün keçirilən qabiliyyət imtahanında öz üzərimdə işləyərək maksimum – 10 bal toplamışam.

 

-Müəllimliyi sevirdim dediniz, bəs valideynlərinizə bildirmişdiniz ki, tibbi yox, müəllimliyi istəyirsiniz?

 

-Müəllim olmağa həvəsim anamın təhsil işçisi olması ilə də bağlıdır. Anam məktəbdə müəllim kimi çalışanda həmişə onu özümə ideal görürdüm. Məktəbdə tədbirlər keçiriləndə aktiv iştirak edirdim. Elə o vaxtdan uşaqlarla işləmək mənə xoş gəlirdi. Amma rəsm çəkməyi xoşladığım üçün ailəm rəsssam olacağımı düşünürdü. Buna görə də tibb sahəsinə üz tutmağı məsləhət gördülər. Mən də ailəmi qırmadım. 2013-cü ildə kollecə daxil olundum, istədiklərini etdim. Əslində onlar kolleci bitirib Azərbaycan Tibb Universitetinə də qəbul olunmağımı istəyirdilər, amma bundan sonra öz istəyimi üstün tutdum, müəllimliyə getdim. 

 

-Kolleci bitirdikdən sonra o sahə üzrə işlədiniz?

 

-2017-ci ildə Tibb kollecindən məzun oldum. Müəllimliyə həvəsim olduğu üçün kursa üz tutub, ali məktəbə hazırlaşmağa başladım. Amma ailəm tibb işçisi olmağımı istədiyi üçün xəstəxanalara CV-lər göndərmişdim. Nə təsadüf ki, CV-yə cavab universitetə daxil olmaq mesajımla eyni gündə gəldi. Mən də işdən imtina edib, ali təhsilə üz tutdum. Bu sahə mənim hobbimdir. Əsəbi olanda, yaxud kefim olmayanda məhz rəsm çəkərək kefimi düzəldirəm.

 

-Nə təsadüf, bir növ ailənizi qabaqlamısınız.

 

-Düşünürəm ki, insan öz sevdiyi sahə üzrə işləsə, daha çox uğur qazana bilər. Tibb sahəsinə də üz tuta bilərdim, amma orada bu qədər həvəs və potensialla çalışmayacaqdım.

 

-Nərgiz xanım, siz rəsmi sevirsiniz. Bəs, şagirdlərinizin təsviri incəsənət fənninə marağı necədir?

 

-Biz əylənə-əylənə dərs keçirik. Bu fənni onlar çox sevirlər. Təəssüf ki, yalnız həftənin 1 günü görüşə bilirik. Məndən olsa məktəbə həftənin 5 günü gedərəm, amma yoldaşım hərbçi olduğundan vaxtı qalmır. Ona görə də dərslərimi həftənin bir gününə toplamışam.

 

Amma sualları olanda mütləq onlayn şəkildə də olsa, onlara kömək edirəm. Həftədə bir dəfə dərsimin olmağına baxmayaraq, tez-tez onlarla danışırıq, hətta görüntülü zəng edərək təsviri çəkməklərinə köməklik də etmişəm.

 

Onlar tədbirlərdə, xüsusi günlərdə plakatlar hazırlayır, rəsmlər çəkirlər. Dərsdən əlavə vaxt ayıraraq işləyirik. Daha sonra əl işlərini sinifdən asırıq. Öz işləri gözlərinin qabağında olduğuna görə sevinirlər.

149932

Çox istəyirəm ki, şagirdlər 9-cu siniflə yekunlaşmasınlar. Yaşayış yerlərinə görə onların təhsilləri yarımçıq qalmasın. Təhsillərini davam etdirsinlər, ali məktəbə daxil olsunlar. Əlimdə olsaydı, bacarıqlı şagirdləri özümlə gətirərdim. “Mənimlə yaşa, amma təhsilini davam et”, - deyərdim. Amma təəssüf ki, hər istədiyimizi edə bilmirik.

 

-Müsahibənin əvvəlində bildirmişdiniz ki, özünüzü pis hiss edəndə rəsm çəkirsiniz. Həmin rəsmlərdə nələri təsvir edirsiniz?

 

-Tələbə olanda digər işlərimi kənara qoyub, rəsm çəkirdim. İndi isə mənzərə təsviri, ya da xoşuma gələn hər hansısa təsviri çəkirəm. Dərs müddətində isə şagirdlərim üçün müxtəlif ideyalar axtarıram ki, dərs proqramından əlavə onlara maraqlı plakatlar, rəsmlər çəkməkdə köməklik edim.

 

-Maaşınız sizi qane edir? Yol problemi yaşamırsınız ki?

 

-Maaşım qane edir. Mən məsafəyə görə H2 həvəsləndirici də alıram. Yoldaşımın maşını olduğu üçün yol problemi yaşamıram. Amma gələn il MİQ-də yenidən iştirak edib Sumqayıtda işləmək istəyirəm. Çünki yoldaşımın evdə olduğu tək istirahət günü var, onu da mən əlindən almışam. O, mənlə birgə Siyəzənə gedib-gəlir. Əgər növbəti il MİQ-də başqa bölgəyə qəbul olunsam, artıq getmə şansım olmayacaq. Buna görə də Sumqayıtı istəyirəm.

 

Ailə vəziyyətim imkan versəydi, başqa ucqar rayonda da işləmək istəyərdim. Çünki ucqarlarda uşaqların müəllimə daha çox ehtiyacı olur. Çox adam ucqar rayonlara getmirlər. Hazırda işlədiyim məktəbdə də məndən əvvəl Təsviri incəsənət müəllimi olmayıb. Ona görə də 6-7-8-9-cu siniflərə də öz siniflərindən əlavə 5-ci sinfin məlumatlarını öyrədirəm.

149930

-Nə yaxşı, yoldaşınız da sizə dəstəkdir.

 

- Bəli, yoldaşım da, onun ailəsi də mənə dəstəkdir. Hətta yoldaşım hərbçi olduğuna görə səhər gedib, axşam gəlirdi. Ailəsi mənə deyirdi ki, ixtisasın üzrə hazırlaş işə qəbul ol. Mən də MİQ imtahanına 2 ay qalmış hazırlaşıb nailiyyət əldə etdim.

 

-Heç olub ki, o  sizə “Yox, uzaqdır işləmə” desin?

 

-Bəli, olub. Məktəbə qəbul olunduqdan sonra məlumat toplayanda bildik ki, çox ucqar kənddir. Ora gedən marşrut Siyəzənin mərkəzinə qədər gedir. Kəndə isə ancaq 1 maşın gedib-gəlir. O da 35 manata aparır. Düzdür, məsafə azdır rayondan kəndə, amma yol o qədər pisdir ki, başqa maşınla getmək mümkün olmurdu.

 

Ona görə yoldaşım narazılıq etdi ki, işdən icazə ala bilməsəm sən işləyə bilməyəcəksən.

 

Hardasa 2-3 ay bir xeyli çətinlik çəkdim, məktəbə başqa maşınla getdim. Ya ikimiz gedirdik, o, məni gözləyirdi dərsimi keçirdim, gəlirdim, ya da digər müəllimlərlə əlaqə saxlayıb onlarla gedirdim. Amma sonra yol təmir oldunduğu üçün öz maşınımızla gedə bildik.

 

-Yoldaşınızla harada tanış olmusunuz?

 

-Biz ikimiz də Gəncəliyik. Mən qabiliyyət imtahanı üçün rəsm hazırlığına gedirdim. Orada bir qızla rəfiqə olmuşdum. Nə təsadüf ki, qızın dostu ilə də yoldaşım dost olub. Sonralar universitetə gəlib-getdikcə də münasibətimiz yaranmağa başladı. Nə yaxşı ki, də onu tanımışam.

 

-Nərgiz xanım, gələcək hədəfləriniz nələrdir?

 

-Yeniliklərə açıq insanam. Bir işlə kifayətlənmirəm. Ona görə də yenidən MİQ-də iştirak etmək, eləcə də magistraturaya hazırlaşmaq istəyirəm. İndi də DİM-də Zal nəzarətçisi olmaq üçün çalışıram.

 

Məhz müəllimlik üzrə daha çox nailiyyət əldə etmək niyyətindəyəm.

 

-Magistrı hansı ixtisas üzrə oxumaq istəyirsiniz?

 

-Mən əvvəl ixtisasartırma ilə maraqlanırdım. Daha sonra həmin proses dayandığı üçün ixtisasımı artıra bilmədim. Hazırda ixtisasartırma mövcuddursa, ibtidai sinif müəllimliyi üzrə ixtisas artırmaq, alınmasa öz ixtisasım üzrə magistr oxumaq istəyərəm.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox