AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
26 noyabr harada nәlәr baş verb, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
26 noyabr Azərbaycan Kəlağayısı Günüdür:
UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Kəlağayı faylını birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi hazırayıb. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin UNESCO yanında Daimi Nümayəndəliyi, UNESCO üzrə Milli Komissiyanın birgə həyata keçirdiyi çoxşaxəli fəaliyyət nəticəsində Komitə kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğunu beynəlxalq səviyyədə təsdiq etmiş olub.
26 Noyabr Ümumdünya informasiya günüdür:
Bu gün BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan Beynəlxalq İnformasiyalaşdırma Akademiyası və Ümumdünya İnformasioloji Parlamentin təşəbbüsü ilə qeyd olunan bu gün informasiya-kommunikasiya texnologiyaları sahəsində çalışanların peşə bayramıdır.
26 noyabr 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) ləğv olunub:
Ali Sovet keçmiş DQMV-nin mərkəzi şəhəri Stepanakertin adının dəyişdirilərək Xankəndi adlandırılması, habelə Mardakert və Martuninin tarixi adlarının (Ağdərə və Xocavənd) bərpası barədə qanun qəbul edib. Dağlıq Qarabağda Hadrut və Əsgəran rayonları ləğv edilib, Hadrutun ərazisi Xocavənd rayonunun, Əsgəranın ərazisi isə yeni yaradılan Xocalı rayonunun tərkibinə verilib. Ali Sovetin həmin iclasında parlamentin daimi fəaliyyət göstərəcək orqanının - Milli Şuranın yaradılması barədə də qərar qəbul olunub.
26 noyabr Azərbaycanda coğrafiya üzrə tədris metodikasının əsasını qoyan, Azərbaycan dilində ilk coğrafiya dərsliklərini hazırlayan Qafur Rəşad Mirzəzadənin xatirə günüdür:
Alimin həm də dilçiliyə dair əsərləri və uşaqlar üçün yazdığı hekayələri var.