Hazırda müəllimlərin işə qəbul müsabiqəsinin test imtahan mərhələsi davam edir.
Artıq ikinci ildir ki, müsabiqə bütün dünyanı öz cənginə alan pandemiyadan müdafiə qaydalarına uyğun şəkildə təşkil edilir.
İyulun 5-dən etibarən start verilən test imtahanlarında ardıcıllıq üzrə İbtidai sinif müəllimliyi üzrə imtahan prosesi davam edir.
AzEdu.az müsabiqənin test imtahanı mərhələsinin aparıldığı Azərbaycan Texniki Universitetinin (AzTU) idman mərkəzindən reportajı təqdim edir.
Binanın önündə namizədlərin ailələri toplaşıb, həyəcanla imtahanı gözləyir, az qala, içəri daxil olan hər kəsə uğur arzulayırlar... Qeydiyyat vaxtının bitməsinə az qaldığı üçün imtahanda iştirak edəcək müəllim namizədlər əllərində buraxılış kağızları ilə həyəcanla imtahan binasına daxil olmağa tələsirlər. Mühafizə xidməti geri qalan
namizədləri səsləyərək tələsdirir, onları tək-tək yoxlayıb binaya buraxır.
Binaya daxil oluruq, bizi nəzarətçi könüllülər və təşkilati heyət qarşılayır. Namizədlər qeydiyyat şöbəsinə yaxınlaşdıqdan sonra imtahan zalına yola salınır. Qeydiyyat müddəti tamamlanır və qapılar bağlanır.
Artıq işə başlamaq zamanı... Çox keçmir ki, Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli ümumi proses barədə media təmsilçilərini məlumatlandırır:
-Artıq 5 iyuldan etibarən Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə start vermişik. Bu gün artıq müsabiqənin beşinci günüdür. İnformatika- Fizika fənnləri üzrə namizədlər öz imtahanlarını bitiriblər. Ardıcıl olaraq üçüncü gündür ki, ibtidai sinif müəllimlərinin imtahanları davam edir. Ümumi olaraq isə proses 2 avqusta kimi davam edəcək və 59 min 153 namizədin test mərhələsində iştirakı nəzərdə tutulub. Qeydiyyat prosesinə nəzər salsaq, ilk 4 gün ərzində 80%-ə kimi davamiyyət qeydə alınıb və artıq prosesdə 9 min 600-dən artıq namizəd iştirak edib. Keçən il ilk dəfə olaraq biz prosesi Bakı şəhəri ilə yanaşı 17, bu il isə 12 müxtəlif regionda təşkil edirik. Bu regionlar Sumqayıt, Abşeron, Şamaxı, Şirvan, Quba,Masallı, Kürdəmir, Balakən, Mingəçevir,Ağcabədi və Gəncə şəhərləridir. İbtidai sinif üzrə imtahanlar növbəti həftənin ilk günü də davam edəcək. Daha sonra isə ardıcıllıq üzrı sıra Riyaziyyat fənni üzrədir.
Yavaş-yavaş digər media nümayəndələri mərkəzdə imtahanların keçirildiyi zala doğru hərəkət edirik. Bu zaman direktor bizi məlumatlandırmağa davam edir:
-Gün ərzində imtahanlar üç seansda təşkil edilir. İlk seansda 08:20-dən etibarən müəllimlər imtahan binasına daxil olur və qeydiyyat prosesi aparılır. Qeydiyyat prosesi 40 dəqiqə davam edir və müddət bitdikdən sonra qapılar bağlanır, namizədlərin girişi bloklanır. İmtahanların müddəti 90 dəqiqədir. Ümumilikdə verilən 60 sualdan 40-ı ixtisası, digər 20-si isə tədris strategiyası və təlim metodikasını əhatə edir. İlk seansda saat 09:00-da imtahana başlayırıq və bu 10:30-a kimi davam edir. İkinci seansımız 11:30-dan etibarən qeydiyyat prosesinə başlayır. Daha sonra 12:30-14:00 arası ikinci imtahan seansı aparılır. Sonuncu seans 16:00-da başlayır və 17:30-da yekunlaşır. Görmə əlilliyi olan vətəndaşlarımız üçün qanunvericilikdə əlavə 30 dəqiqə də müddət nəzərdə tutulub.
Qısa müddət sonra biz təşkilatçılarla birlikdə imtahanların təşkil edildiyi zala daxil oluruq. Namizədlərin imtahanın başlamasını gözləyərəkən keçirdikləri həyəcan və stress üzrlərində çox aydın hiss olunur.
Yüksək bir səslə imtahanların başladığı elan olunur. Könüllülərdən ibarət nəzarətçilər bir-bir namizədlərə yaxınlaşaraq onlara yardımçı olmağa çalışır.
Direktor prosesə mane olmamaq üçün zalın girişində alçaq səslə suallarımızı cavablandırmağa davam edir:
-Hazırda bu mərkəzdə imtahanların keçirilməsi üçün üç zal fəaliyyət göstərir.Pandemiyadan əvvəl iki zaldan istifadə edirdik. Hazırda olduğumuz zalda pandemiyadan əvvəl eyni vaxtda 640 namizəd imtahan verə bilirdi. Ancaq indi pandemiyadan müdafiə qaydalarına uyğun olaraq bu sayı 270 nəfərə endirmişik. İmtahan zalında olacaq namizədlərin sayını müəyyənləşdirmək üçün bir neçə məqam nəzərə alınıb. Məsələn, Gəncə şəhərində iki müxtəlif müəssisədə imtahan təşkil edilir,orda ümumi tutum sayı 170-ə bərabərdir. Əsasən, o imtahan mərkəzinə və imtahanın keçiriləcəyi zala dəvət olunacaq regionlar üzrə namizədlərin sayı və.s kimi məqamlar nəzərə alındığı üçün zalların tutumu dəyişir. Məsələn, Şamaxıdakı imtahan zalının tutumu 85, Kürdəmirdə 75, Balakəndə 100-ə bərabərdir. Bu say bölgələr üzrə dəyişir. 2019-cu ilə kimi MİQ imtahanları bu məkanda – Azərbaycan Texniki Universitetinin idman zalında keçirilib. Ötən il pandemiya reallığını nəzərə alınaraq 17 müxtəlif şəhərdə, 32 müxtəlif məkanda imtahanlar keçirildi. Bu il mərkəzlərin sayını biz az azaltdıq, ancaq tutumları artırdıq. Bakı şəhəri də daxil olmaqla 12 müxtəlif bölgədə və 13 müxtəlif mərkəzdə imtahanlar təşkil edilir. Bu ümumi şəkildə 3000-dən artıq namizəd imtahanlarda iştirak edəcək. Paytaxt üzrə iştirak edəcək nazmidələrin sayı 1000-dən çoxdur, digər namizədlərin sayı isə bölgələri əhatə edir. Hazırda bu mərkəzin ümumilikdə tutumu 450-ə bərabərdir. Ancaq pandemiyadan öncə yalnız bir kiçik və yuxarıda yerləşən böyük zalda 900-ə yaxın namizədin iştirakı üçün imtahanlar təşkil edilirdi. Hər iki kiçik zalda 100-ə qədər namizəd imtahan prosesində iştirak edir.
Buradan çıxıb digər imatahan zallarına doğru hərəkət edirik. Bu müddətdə nəzarətçilərin prosesin şəffaflığı üçün necə çalışmasının və daim bir-birilərini məlumatlandırmasının şahidi oluruq.
Uzun dəhlizlə hərəkər edərək digər zalı prosesə mane olmadan yuxarıdan müşahidə etmək üçün keçidə daxil olduq. Burada diqqətimizi namizədlərin hər brinin yanında olan qara paketlər çəkir. Bunların nə olduğunu soruşduqda isə direktorun cavabı maraqlı olur:
-Həm pandemiya, həm də ümumi vəziyyətləri nəzərə alaraq biz namizədlərə tövsiyələr hazırlamışıq. O, tövsiyələrdə -“Mümkünsə əşyalarınızı gətirməyin”- hissəsi qeyd olunub. Ancaq namizədlərin əksəriyyəti ailəli, yaxud gənc xanımlar və ya bəylərdir. Onlar da ailələri ilə danışmağa ehtiyac duyurlar. Buna görə telefonların sönülü olması və əlavə avadanlıqların olmaması şərti ilə çantalarına gətirmələrinə icazə var. Bütün imtahan zallarının girişlərində həmin şəxslərin girişləri təkrar yoxlanılır, əlavə gətirilən bütün əşyalar paketlənir və namizəd imtahan müddətində onlara toxuna bilmir. Sonda həmin paket namizədin özünə təqdim olunur və o əşyalarını götürüb imtahan zalını tərk edir.
Digər zala nəzarət bölgəsindən çıxıb qeydiyyat şöbəsinə doğru hərəkət edərkən bağlanan giriş qapısının önündə gözləyən və içəri girməyə çalışan gecikən namizədləri görürük. Onlar kədərli şəkildə içəri baxır və bura daxil olmağa ümüd edirlər.
Biz prosesdə hər hansı bir problem olub-olmaması və həmin gecikən namizədlərin taleyi ilə bağlı direktordan maraqlandıq:
-Bütün namizdələrimiz qaydalara və təlimatlara uyğun şəkildə prosesdə iştirak edir, heç bir problem olmur. Tək problemimiz imtahana gecikən namizədlərlə bağlıdır. Ancaq bu da bizdən asılı bir şey deyil. Bütün təlimatlarda, Təhsil Nazirliyinin feysbuk hesabı və namizədlərin şəxsi səhifələrində qeydiyyat müddətinin 40 dəqiqə olması və müddət bitdikdən sonra namizədlərin buraxılmayacağı ilə bağlı məlumat qeyd olunub.Bəzən bu müəyyən münaqişəyə səbəb olur. Amma nəticə etibarı ilə namizədlər də artıq ümumi qaydalarla tanışdılar və başqa problem yaranmır. Gecikdikləri üçün imtahana buraxılmayan müəllimlər əlbəttə ki, istəsələr Təhsil Nazirliyinə müraciət edə bilərlər. Ancaq təəssüf ki, bu namizədin özü ilə bağlı bir məsələ olduğu üçün kiminsə kömək edə biləcəyini düşünmürük. Artıq həmin namizəd bir də növbəti il bu prosesdə iştirak edə bilər. Bəzi namizədlər regionlarda olmalarına baxmayaraq Bakıda imtahan vermək istəyirlər. Bu halda da gecikmələrin müşahidə olunması təbiidir. Ümumilikdə hər hansı ciddi problemlərimiz olmur. Bəzən şəbəkə ilə bağlı problemlərlə üzləşirik,yaxud avadanlıqlarla bağlı müəyyən ehtiyac olur və bu tələb dərhal ödənir. Əgər namizədin imtaha verdiyi müddətdə texniki nazasızlıqla bağlı gecikmə varsa bu müddət konpensasiya olunur. Ehtimallar daxilində belə bir şey var ki, ümumiyyətlə bir imtahan otağı, və ya mərkəzdə problem yarana bilər. Bu zaman həmin namizədlər üçün növbəti günlərdə imtahan seansının təşkil olunması nəzərdə tutulur
Daha sonra media nümayəndləri və təşkilatçılarla fasilə vermək üçün dayanırıq. Bu müddətdə də Təhsil İnstitunun İnsan Resurları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli digər təşkilatçılarla birlikdə suallarımızı cavablandırmağa davam edir.
Bəs Bakıda və regionlarda imtahan prosesinə nəzarət necə həyata keçirilir?
-Hazırda burada fəaliyyət göstərən imtahan idarəçilərinin sayı 100 nəfərdən çoxdur. Bunlar, Təhsil Nazirliyinin “Bir Könüllü” layihəsi əsasında cəlb edilən könüllülərdir. Bu könüllülər Bakı, Sumqayıt və Abşeronda fəaliyyət göstərirlər. Hər üç namizədə bir könüllü nəzarət edir. Digər imtahan heyətlərimiz isə yerli Təhsil İdarəetmə orqanlarının əməkdaşları və həmin məktəbin heyətindən fotmalaşdırılıb. Bütün ölkə üzrə 300-dən artıq şəxs nəzarətçi və imtahan rəhbəri qismində bu prosesə cəlb olunub.
Daha sonra direktor imtahan prosesinin təşkili və vakant yerlər üçün rəqabət haqqında danışaraq, bu il rekord sayda müraciət və imtahanda iştirak üçün dəvət olunan namizəd olduğunu bildirir:
-Ötən il pandemiya şərtlərini nəzərə alaraq ilkin olaraq işləməyən müəllimlər və yeni məzun olan namizədlərin iştirakını həyata keçirdik. Daha sonra biz düşündük ki, işləyən müəllimlərin imtahanda iştiraknı təmin edək. Bildiyimiz kimi Vətən müharibəsi və pandemiya şərtləri tədris ili ərzində bu imtahanları təşkil etməyimiz üçün bizə imkan vermədi. Bu isə namizədlərlə bağlı xüsusi tələb, şərt yoxdur. İstəyən şəxs imtahanda iştirak edə bilir. Nəticə olaraq bu il 62 min 242 namizəddən 60 min 627 namizəd öz ərizəsini təsdiq etdi. Müsabiqədə iştirak üçün emal prosesi bitdikdən sonra 59 min 171 namizədin ərizəsi təsdiq olundu. Hardasa 18 namizəd birbaşa diaqnostik qiymətləndirmə nəticəsində birbaşa vakansiya seçimində iştirak etdilər. Bu il imtahanda işdirak üçün dəvət göndərilən namizədlərin sayı müsabiqə tarixində rekorddur. Əvvəl bu say 48 mindən çox idisə, bu il 59 mindən çoxdur. İmtahanlarda ən yüksək bal toplayan namizəd vakant seçimində digərlərindən daha üstündür. Toqquşma halında təhsil və stajla bağlı müəyyən meyarlar var və bu ötən ildən tətbiq olunur.Bu zaman həmin meyarlara əsasən namizədlərə üstünlük verilir. Əgər toqquşma halı yoxdursa, bu zaman kimin seçilmiş vakant yer üzrə balı daha yüksəkdirsə həmin namizəd seçilir.
Dəhlizdə və imtahan zallarında nəzarətçi könüllülərin daim hərəkədə olması və imtahan prosesinin şəffaf keçirilməsində vacib rol oynadıqlarının şahidi oluruq.
Ela bu zaman “Bir tələbə” könüllü proqramının koordinatoru Möhtərəm Ağayeva onların fəaliyyəti barədə məlumat verməyə başlayır:
-Hazırda Bakı, Abşeron və Xırdalanda ümumilikdə 110-a yaxın tələbə-könüllü fəaliyyət göstərir. Könüllülərin fəaliyyətləri əsasən, gələn namizədlərin temperaturlarının ölçülməsi, zallara istiqamətləndirilmələri, zallarda həmin namizədlərin qəbul olunması, onların bütün əşyalarının paketlənməsi, oturacaqları yerlərə yönləndirilməsi, namizəd yerləşdikdən sonra təlimatın oxumasını əhatə edir. Daha sonra isə imtahan başlayan zaman könüllü nəzarətçilər imtahanın gedişatına nəzarət edir, proses zamanı namizədlərin suallarını cavablandırırlar. Bununla yanaşı imtahana başlamazdan öncə tələbə könüllülər tərəfindən kodlar daxil edilir ki, əks təqdirdə namizədlər imtahana başlaya bilməz. Həmçinin hər hansı problem yaranan zaman iştirakçılar tərəfindən bu könüllü nəzarətçilərimizə bildirilir və onlar bu problemi aradan qaldırırlar. İndiyə kimi imtahanlar əsasən kağız üzərində olub, indi isə kompüter vasitəsi ilə həyata keçirilir. Bəzən elə olur ki, namizədlər kompüterdən istifadə etməkdə çətinlik çəkirlər.Bu zaman nəzarətçi könüllülərimiz onlara yardımçı olurlar.
Elə bu zaman ilk maksimum nəticə göstərən namizədin olduğunu öyrənirik. Gözləmə zalındakı oturacaqlarda əyləşən müəllim namizədə yaxınlaşaraq onu təbrik etdik və təəssüratlarını maraqlandıq.
Əvvəlcə özünüzü təqdim edin...
-Mən Qafarova Gülər Əlövsət qızı. 13 ildir Qobustan rayonu Təklə kənd orta məktəbində ibtidai sinif müəlliməsi kimi fəaliyyət göstərirdim.Lakin yol məsələsinə görə gedib-gəlmək mənə problem olurdu. Bu səbəblə yerdəyişmə etmək istəyirdim və bu da mənə bu il nəsib oldu. Maksimum nəticə göstərərək 60 bal topladım, buna görə çox sevincliyəm.Bütün əziyyət çəkənlərin qarşılığını görməsini arzulayıram. İmtahan prosesi çox şəffaf və rahat şəkildə təşkil edilmişdi. Qeyd edim ki, bizə keçən ildən Təhsil Nazirliyi bizə imtahanlarda hansı mövzuların düşəcəyi ilə bağlı çərçivə təqdim etmişdi. Bu çox gözəl bir təşəbbüsdür, Nazirliyə minnətdarlığımızı bildiririk. Demək olar ki, bütün suallar bu mövzu çərçivəsini əhatə edirdi. Suallar da çox rahat idi, hamısının öhdəsindən gələ bildim. Bu da hesab edirəm ki, mənim əzimkarlığım və əziyyətimizin bəhrəsidir. Uğur əldə etmək istəyən insan mütləq bu yolda əziyyətlərə qatlanmalıdır.
Gülər xanım, digər namizədlərə nə kimi tövsiyələriniz olardı?
-Ən əsası məqsədli olsunlar. Şəxsən mən səhər imtahana gəlmədən əvvəl geyindim-kecindim, hazırlaşdım və aynanın qarşısında dayanıb özümə -“Sən bacaracaqsan, 60 bal toplayacaqsan,sənin fotoların çəkiləcək”- dedim və etdim. Hər kəsə də imtahana yaxşı hazırlaşmağı, özlərinə inanmağı və məqsədli olmağı məsləhət görürəm.
Müəllim namizədi bir daha təbrik etdik və uğurlar arzulayaraq ondan uzaqlaşdıq. Artıq imtahanın bitməsinə az qalıb.
Son olaraq direktor bizi imtahan prosesində həyata keçirilən yenilik barədə məlumatlandırdı
-Hazırda imtahan verən, şəbəkədə olan namizədlərə imtahan bitdikdən sonra öz cavablarını nəzərdən keçirmələri üçün 10 dəqiqə vaxt verilir. Namizəd səhv və düz qeyd etdiyi sualları görür, öz qeydlərini aparır və bunu bizə bildirir. Daha sonra namizədin şəxsi səhifəsinə onun balı, səhv və doğru yazdığı cavablar göndərilir. Eyni zamanda apellyasiya pəncərəsi açılır, namizəd heç bir yerə müraciət etməyə ehtiyac qalmadan şəxsi səhifəsi ilə nəticə haqqında istədiyi şəkildə müraciətini bizə ünvanlaya bilir. Daha sonra isə ekspertlərimiz tərəfindən həmin məsələ araşdırılır və nəticə barədə məlumat namizədin şəxsi səhifəsinə göndərilir. İmtahanlar şəbəkə üzərindən aparıldığı üçün son iki-üç ildir bu formatdan istifadə edilir.
Daha sonra dəhlizdə yavaş-yavaş çıxışa doğru yaxınlaşırıq. İmtahan demək olar ki, bitir. Pilləkənlərdən enən və könüllülərin çıxışa yönləndirdikləri namizədləri görürük. Simalarından imtahanın necə keçdiyi müəyyən qədər hiss olunur....