Kurikulum sistemi bir çox valideynlərin narazılığına səbəb olur. Buna səbəb məktəbdə müəllimlərin əlavə olaraq aldırdıqları bir çox vəsaitlərdir. Valideynlər müxtəlif iş dəftərləri, test kitabçaları almaqlarına baxmayaraq, demək olar ki onlardan istifadə edilmədiyini deyirlər. Sadəcə uşaqlarının təhsili üçün vacib sayıb, onların oxuması üçün tapşırılanları alırlar.
AzEDU.az ibtidai siniflərin əlavə vəsaitlərini, qiymətlərini öyrənmək üçün kiçik araşdırma aparıb.
Məcburi aldırılan, amma istifadə olunmayan vəsaitlər
Valideyn Könül Məmmədova deyir ki, sentyabrda oğlu məktəbə gedəndə ən azı 250 -300 manat xərcləyib: “Məktəb başlayanda müəllimə test kitabları tapşırdı. Məktəb ləvazimatlarından -dəftər, karandaşlar, penal, qələm, kitab, dəftər üzləri və başqaları birlikdə 100 manat tutdu. Geyimlərə isə 200 manat xərclədim. Hələ azını deyirəm. Kitabların bəziləri səliqəsiz, köhnə olduğu üçün özüm aldım. Əgər kitabların hamısını özüm alsaydım, yəqin ki, 40 -50 manat əlavə çıxacaqdı”.
Onun sözlərinə görə, alınan testləri arada yazırlar. Onların qiymətləri isə 5 -6 manat arasında dəyişir: “Azərbaycan dili qrammatika kitabı, ingilis dili kitabı da əlavə alındı. Məlumat kitabları aldım, qiymətləri 1.50-2 manat arasındadır. Bir də ingilis dili lüğət aldırdılar. Onun qiyməti isə 1-1.50-dir. Azərbaycan, rus və ingilis dilində sözlüyün qiyməti isə 3 manatdır.
K.Məmmədova bildirib ki, 1-2-ci siniflərdə bütün fənlərdən iş dəftərləri alınırdı. İndi oğlu 3-cü sinifdə oxuyur. Bu ildən onlar alınmır.
Qızı ikinci sinifdə oxuyan Səidə Abbasova deyir ki, ilin əvvəlində tapşırılan vəsaitlər alınıb. Sonradan heç nə tələb olunmayıb: “Məktəb başlayanda orfoepiya, orfoqrafiya və izahlı lüğət aldıq. Onların qiyməti 4 manatdır. Azərbaycan dilindən testlər tapşırılmışdı. Qiymətləri 2-3 manat arasında dəyişir. Bunlar məcburi deyil, amma iş dəftərlərini məcburi alırıq. Rus dili kitabını məktəb vermir, özümüz aldıq. Qiyməti 5 manatdır. İki-üç iş dəftəri olur. Bu vaxt heç nə almırıq”.
Valideynlərin narazılıqlarını, uşaqların boş yerə kitablarla yüklənməsini, vəsaitlərin qiymətləri ilə bağlı məktəb ləvazimatları satılan bir neçə mağazada olduq. Əksəriyyəti foto çəkməyə belə icazə verməsələr də, bəzilərindən qiymətləri öyrənə bildik.
Qiymətlər
Azərbaycanca-ingiliscə lüğət - 13 manat
Azərbaycanca-ingiliscə, İngiliscə Azərbaycanca lüğət - 6 manat
İngilis dili qrammatika çalışmalar toplusu - 4.50
Rus dilindən summativ - 4 manat
Rus dilindən iş dəftəri - 4 manat
Kiçik yaşlı məktəblinin izahlı lüğəti - 4 manat
Kiçik yaşlı məktəblinin Orfoqrafiya - Orfoepiya lüğəti - 4 manat
Əsmər Qabil
Foto - İsmət Paşa