Valideynlər övladlarının imtahan nəticələrini yaxşılaşdırmaq məqsədilə tanıdıqları və ya tövsiyə olunan repetitorların yanına göndərirlər. Lakin bu seçim həmişə uğurlu olmaya bilər.
Düzgün repetitor seçimi necə aparılmalıdır?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Sevinc Purkeştasib bildirib ki, bəzən özlərini uğurlu müəllim kimi təqdim edən repetitorların bilik və bacarıqları yetərli olmur:
"Hazırda imtahanlarda yüksək nəticə əldə etmək üçün repetitor yanına və ya hazırlıq kurslarına getmək bir çox şagird və valideyn üçün vacib addıma çevrilib. Valideynlər övladlarının göstəricilərini yaxşılaşdırmaq üçün ən yaxşı müəllimi və ya kursu tapmağa çalışırlar.
Lakin bəzən düzgün seçim edilmir. Belə repetitorlar özlərini uğurlu kimi təqdim etsələr də, bilik və bacarıqları yetərli olmur. Buna baxmayaraq, onlar valideynlərdən yüksək ödəniş tələb edirlər ki, bu da nə şagirdin bilik səviyyəsinə, nə də ailənin maddi vəziyyətinə uyğun gəlmir və nəticədə gözlənilən təhsil faydası əldə olunmur".
Repetitor seçərkən valideynlərin diqqət etməli olduğu əsas məqamlar:
"Ən önəmli kriteriya müəllimin təcrübəsi və nəticələridir. Repetitorun neçə illik təcrübəyə malik olması mühüm rol oynayır. Təbii ki, gənc kadrlar da nəzərə alına bilər, amma müəyyən müddətli təcrübə hələ də əsas şərtlərdən biridir. Müəllimin hansı şagirdləri hazırladığı, bu şagirdlərin imtahan nəticələri – bütün bunlar öncədən araşdırılmalıdır. Eyni yanaşma kurslara da şamil edilir. Kursların nəticələri öyrənilməli, hansı kursun daha yaxşı nəticə verdiyi araşdırılmalıdır. Real uğurlarına diqqət yetirmək vacibdir.
İkinci vacib amil isə tədris metodikasıdır. Müəllimin fərqli səviyyədəki şagirdlərlə işləmə bacarığı, zəif tərəfləri inkişaf etdirmə üsulu mühüm əhəmiyyət daşıyır. Tövsiyə olunan müəllimlər də nəzərə alınmalıdır, lakin sosial mediada yayılan rəylərə deyil, real nəticələrə əsaslanmaq lazımdır".
Yüksək qiymət keyfiyyətin göstəricisi deyil:
"Misal üçün, yüksək məbləğ tələb edən müəllim dərs keyfiyyətinə zəmanət vermir. Əsas olan abituriyentin dərslərdə irəliləyişidir. Müəllim səbirli, motivasiyaedici və psixoloji dəstək verə bilən olmalıdır. Ən əsası isə sınaq dərslərin təşkili vacibdir. Bu dərsdə həm valideyn, həm də abituriyent iştirak etməli, düzgün müəllim seçimi təmin edilməlidir. Nəticə etibarilə, repetitor seçimi ciddi məsələdir və bu prinsip kurslara da şamil olunur. Qərar tələsik və ya reklam təsirinə əsaslanaraq verilməməlidir".