Təsəvvür edin, bir ailə uşağını məktəbə göndərir, amma bir müddət sonra görür ki, məktəbdə aldığı bilik imtahanlarda tələb olunan nəticəni vermir. Valideyn düşünür ki, “hamı repetitor yanına gedir, mənim uşağım niyə getməsin?” və nəticədə bu, ümumi bir vərdişə çevrilir.
Bu fikirləri AzEdu.az-a Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli söyləyib.
Müsahibimiz qeyd edib ki, repetitorların çoxalması məktəbin və ümumən sistemin səmərəsizliyinin göstəricisidir:
"Bu məsələ cəmiyyətdə hər zaman müzakirə olunub, amma mənə görə, problemin kökü çox dərindədir. Biz “təhsil repetitorların əlindədir” deyəndə sanki təhsilin günahını bir qrup insana yəni repetitorlara yükləyirik. Amma bu, problemin üzünü göstərir, kökünü yox. Əslində repetitorlar sistemin nəticəsidir, səbəbi deyil.
Təsəvvür edin, bir ailə uşağını məktəbə göndərir, amma bir müddət sonra görür ki, məktəbdə aldığı bilik imtahanlarda tələb olunan nəticəni vermir. Valideyn düşünür ki, “hamı repetitor yanına gedir, mənim uşağım niyə getməsin?” və nəticədə bu, ümumi bir vərdişə çevrilir. Yəni repetitorluq artıq fərdi seçim deyil, sosial zərurət halını alıb. Amma sual budur: niyə məktəb uşağı universitetə hazırlaya bilmir?
Burada bir neçə səbəb var. Əvvəla, məktəblərdə tədris çox vaxt imtahan məntiqinə uyğun aparılmır. Müəllim dərsi “keçmək” üçün keçir, uşağın anlayıb-anlamadığına fokuslanmır. Şagirdin dərsdə marağı sönür, müəllim isə nəticə təzyiqi altındadır. Bütün bunların fonunda şagird düşünür ki, onun uğuru məktəbdən yox, repetitordan asılıdır. Bu isə həm məktəbin, həm də müəllimin cəmiyyətdəki imicinə zərbə vurur".
Hər kəs “bal yığmaq” yarışındadır:
"Amma gəlin açıq danışaq: valideyn də haqlıdır. O istəyir ki, övladı universitetə düşsün, gələcəyi təmin olunsun. O, məktəbə deyil, nəticəyə fokuslanır. Çünki sistem də nəticəni yəni balı ölçür. Heç kim uşağın düşünmə bacarığını, yaradıcı yanaşmasını, məntiqini qiymətləndirmir. Nəticədə, hər kəs “bal yığmaq” yarışında olur. Bu yarış da repetitorluğun “rəsmi” əsasına çevrilir.
Bəzən cəmiyyətdə “repetitorlar təhsili məhv edir” kimi fikirlər səslənir. Mən bu yanaşma ilə razı deyiləm. Repetitorlar mövcud boşluğu doldururlar. Əgər sistem işləsəydi, məktəblərdə tədris həm keyfiyyətli, həm də praktik yönümlü olsaydı, heç kim əlavə dərsə ehtiyac duymazdı. Repetitorların çoxalması məktəbin və ümumən sistemin səmərəsizliyinin göstəricisidir.
Mənim fikrimcə, bu problemi aradan qaldırmağın yolu repetitorları qadağan etmək deyil, məktəbi funksional hala gətirməkdir. Məktəb elə bir yer olmalıdır ki, şagird oradan evə qayıdanda “mən öyrəndim” hissi ilə çıxsın. Müəllim uşağın fərdi potensialını görə bilsin, yalnız proqramı bitirməyə yox, bacarığı inkişaf etdirməyə çalışsın. Valideyn isə məktəbi “formal tədris yeri” yox, övladının gələcəyinə yön verən mühit kimi görsün".
Bu gün təhsildə ən böyük problem balansın itməsidir:
"Biri “bilik azdır” deyir, biri “test çoxdur”, digəri “uşaq dərs oxumur” deyir. Amma heç kim soruşmur ki, uşaq niyə oxumaq istəmir? Bəlkə də maraqlı dərs görmür, bəlkə də müəllim yorulub, bəlkə də sistem onu boğur. Biz bu suallara cavab tapmadan, nə qədər qanun, islahat, proqram dəyişsək də, mahiyyət dəyişməyəcək.
Bir də vacib məqam var: repetitorluq bəzən həm də etimad məsələsidir. Valideyn məktəbə etibar etmir. Uşağının gələcəyini təsadüfə buraxmaq istəmir. Amma əgər məktəblər, müəllimlər və sistem birlikdə elə bir mühit yaratsa ki, nəticəyə inam artsın o zaman repetitorluq tədricən öz aktuallığını itirəcək.
Yekunda deyim ki, “təhsil repetitorların əlindədir” demək problemin adını çəkməkdir, amma həllini göstərmək deyil. Təhsil repetitorların yox, uşaqların, müəllimlərin və cəmiyyətin əlində olmalıdır. Əgər biz bu üç tərəfi eyni məqsədə yönəldə bilsək, onda artıq “repetitor problemi” deyilən anlayış da arxada qalacaq".