Azedu.az

Dünyada repetitorluq trendi: Hansı ölkələrdə daha çox yayılıb?

Repetitor

Müəllimlər və elm adamları

25 Mart 2025, 13:18
Dünyada repetitorluq trendi: Hansı ölkələrdə daha çox yayılıb?

Əksər müəllimlərin dərsdən əlavə repetitorluqla məşğul olması təhsil sisteminin ən aktual problemlərindən biridir. İllər ərzində bu məsələ dəfələrlə gündəmə gəlib ki, müəllimlər əsas dərs saatında şagirdlərə lazımi bilikləri vermir, bununla da şagirdləri əlavə saatlarda hazırlıqlara sövq etmiş olurlar. Əvəllər şagirdlər ancaq yuxarı siniflərdə, yəni 10-11-ci sinifdə oxuyanda ali məktəblərə qəbul imtahanlarında lazımi nəticə göstərmək üçün repetitor yanına gedirdilər. İndi isə 1-ci sinifdən tutmuş 11-ci sinifə qədər bütün şagirdlər repetitor xidmətindən istifadə edirlər.

 

Artıq cəmiyyətdə ali məktəblərə hazırlığın repetitor vasitəsilə aparılması ənənəsi möhkəmlənib. Çünki məktəbin verdiyi təhsillə ali məktəbə qəbul olmaq müşkül məsələdir. Buna görə də valideynlərin böyük əksəriyyəti maddi vəziyyətindən asılı olmayaraq boğazından kəsib övladlarını repetitor yanına, müxtəlif hazırlıq kurslarına göndərirlər.

 

Ekspertlərin fikrincə, repetitorluq qəbul imtahanlarında test üsuluna keçilməsi ilə başlayıb. Orta məktəblərdəki təhsilverənlər testlərdənkənar dərs keçdikləri üçün məktəblilər qəbul imtahanlarında uğur qazanmaq üçün test üsulu üzrə tədris keçən müəllimlərlə əlavə məşğul olmağı üstün tuturlar.

 

Valideyin Leyla Səlimovanın sözlərinə görə, övladı 10-cu sinifdə oxuyur. Məktəbdə təhsil səviyyəsi aşağı olduğundan övladını repetitor yanına hazırlığa göndərir. “Bir çox orta məktəbdə 6-cı sınifdən yuxarı şagirdlərə demək olar ki, dərs keçilmir. Elə bil ki, müəllimlər məktəbə vaxt keçirməyə gəlirlər. Həm sinifdə uşaq çoxluğu, həm də bəzi müəllimlərin işlərinə can yandırmaması savadsızlığa səbəb olur. Nə müəllimlərdə dərs öyrətməyə, nə də şagirdlərdə dərs oxumağa həvəs qalmayıb. Sinifdə oxumağa meyilli olan bir-iki şagirdin də həvəsi azalır. Mənim övladımın oxuma potensialı var. İstəmirəm ki, o da savadsızlar sırasında olsun. Onun gələcəyi üçün əlimdən gələni edirəm. Məktəbdə dərs keçilmirsə məcbur olub onu repetitor yanına göndərirəm. Mənim başqa çıxış yolum yoxdur.”

 

Valideyin Validə Kərimova bildirib ki, övladı 9-cu sinifdən hazırlığa gedir. Sınaq imtahanında aşağı nəticə topladığını söyləyən valideyin övladını hazırlığa qoymağa qərar verib. “İlk sınaq imtahanında uşaq çox aşağı nəticə göstərdi. Həmin vaxt o, müəllim yanına hazırlığa getmirdi. Sadəcə məktəbdə öyrəndiyi biliklə imtahanda iştirak etdi. Bu nəticədən sonra onun məktəbdə öyrəndikləri ilə heçnəyə nail ola bilməyəcəyini anladım. Qərara gəldim ki, uşağın gələcəyi üçün onu mütləq hazırlığa qoymaq lazımdır. Artıq iki ildir ki, hazırlıq dərslərinə gedir. Bir neçə dəfə sınaq imtahanlarında iştirak edib və yüksək bal toplayıb. Hazırda müəllim yanına və ya hazırlığa getməyən uşaqların abutiriyent olmaq şansı demək olar ki, yoxdur. Bir valideyin olaraq arzum övladımı savadlı insan kimi yetişdirməkdir. Bunun üçün də əlimizdən gələni edirik”.

 

Elm və təhsil naziri Emin Əmrullayev hesab edir ki, bəzi hallarda valideynlər uşaqları lazımsız yükləyirlər, repetitor yanına göndərirlər: “Valideynlər elə düşünür ki, uşaqlar nə qədər çox oxusalar, bir o qədər yaxşıdır. Bəlkə də, uşaq özü boş qalsa, daha çox öyrənər. Əslində öyrənmə başadüşmə ilə bağlıdır. Bir şeyi çox tez və yaxud çox çətin, uzun yol ilə öyrətmək olar. Mən müəllimlərin məktəb daxilində dərsdən sonra repetitorluqla məşğul olmasını doğru hesab etmirəm. Öz sinfində dərs dediyi uşağa dərsdən sonra da repetitorluq etmək ayıbdır. Nə qədər ki, ali təhsilə dırnaqarası yalnız savadlı və ağıllılar qəbul olacaq düşüncəsi ilə baxsaq repititorluq qaçılmaz olacaq. Ali təhsilə giriş asanlaşdırılmalıdır. Əsas olan ali təhsili bitirmək məsələsidir. Bu gün ali təhsil almaq elə də asan deyil”.

 

Repetitorluq bir çox ölkələrdə də geniş yayılıb. Amma bu ölkələrdə təhsildə yüksək rəqabət və akademik nəticələrə böyük önəm verildiyi üçün bu xidmət növündən geniş istifadə olunur.

 

Çin, repetitorluğun çox yayıldığı ölkədir. Tələbələr, məktəb proqramını keçmək və xüsusilə universitetə qəbul imtahanlarında yüksək nəticələr əldə etmək üçün repetitorlara müraciət edirlər. Ölkədə repetitor xidmətləri həm fərdi, həm də onlayn şəkildə geniş yayılıb.

 

Cənubi Koreya da repetitorluğun yüksək tələbat olduğu ölkələrdən biridir. Məktəb və universitet imtahanlarına hazırlıq üçün repetitorlardan istifadə geniş yayılıb. Xüsusilə, "hagwon" adı verilən xüsusi repetitorluq mərkəzləri çox populyardır.

 

Yaponiya da repetitorluğun geniş istifadə edildiyi ölkələr sırasındadır. Yapon tələbələri, universitetə qəbul və akademik nəticələr əldə etmək üçün repetitor xidmətlərinə müraciət edirlər. Xüsusilə imtahan hazırlığı məsələsində repetitorlar çox mühüm rol oynayır.

 

Hindistanda repetitorluq xidmətləri, həm fərdi dərslər, həm də onlayn təhsil vasitəsilə çox yayılıb. Hindistanın müxtəlif bölgələrində təhsil və imtahanlarda uğur qazanmaq üçün repetitorlar geniş şəkildə fəaliyyət göstərirlər.

 

Böyük Britaniyada da repetitorluq xidmətləri geniş yayılıb. Xüsusilə GCSE və A-level imtahanlarına hazırlıq məqsədilə repetitorluq çox populyardır. Tələbələr, yüksək akademik nəticələr əldə etmək üçün repetitorlara müraciət edirlər.

 

ABŞ-da repetitorluq xidmətləri geniş şəkildə təklif olunur, xüsusən SAT, ACT və digər imtahanlara hazırlıq üçün. Həmçinin, fərdi dərslər və akademik dəstək xidmətləri təhsil sisteminin bir hissəsi olaraq yayılıb.

 

Avstraliyada da repetitorluq populyardır, xüsusən məktəb və universitet imtahanlarına hazırlıq üçün. Tələbələr və valideynlər, təhsil nəticələrini yaxşılaşdırmaq üçün repetitor xidmətlərindən istifadə edirlər.

 

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov deyir ki, hazırda ölkə təhsilində ən ciddi problem repetitorluqla bağlıdır: “Mən deyərdim ki, təhsilimizdə çox ciddi repetitorluq sistemi yaranıb. Doğrudur, dünyanın hər yerində repetitorluq var. Amma heç bir ölkədə belə geniş yayılmayıb. Sanki paralel ikinci bir təhsil şəbəkəsi mövcuddur. Bu bir tərəfdən məktəbi, digər tərəfdən müəllimi nüfuzdan salır. Uşaq sinifə getməlidir, dostu-yoldaşı olmalıdır. Repetitorluqda isə bunların heç biri yoxdur. Düşünürəm ki, təhsilin ən ciddi problemi repetitorluqdur. Bunun qarşısını cərimələrlə almaq mümkün deyil”.

 

Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, bu gün şagirdlərin çoxu hər gün rəsmi təhsil aldığı məktəbdən sonra qeyri-rəsmi məktəbə - repetitorun yanına gedir: "Deməli, rəsmi təhsilin səmərəsizliyi ucbatından şagird istər-istəməz öz uşaqlığını normal keçirməkdən, valideyn isə maddi vəsaitindən məhrum olur. Əgər, şagird getdiyi məktəbdə lazım olan bilik, bacarıq və vərdişlərə yiyələnsə, dərsdən sonra qalan vaxtını öz inkişafı üçün başqa istiqamətlərə sərf edər. Qonşu Rusiyada şagird məktəbdə keçdiyi proqramı mənimsəmədikdə, dərsdən sonra əlavə dərslər keçirilir. Bunun üçün də müəllimə əlavə haqq ödənilir. Bu, müəllimlərin evdə repetitorluqla məşğul olmasının qarşısını alır. Digər maraqlı təcrübələr də var. Hər halda, ilkin olaraq bu təcrübələrdən nisbətən optimal sayılanını seçib tətbiq etmək tərəddüdlərə son qoymaq yolunda ilk addım ola bilər”.

 

Ekspertin sözlərinə görə, bir çox müəllimlər dövlət büdcəsindən maaş almaqla yanaşı, repetitor kimi də qazanc əldə edirlər: “Bu, bir tərəfdən pedaqoji dəyərlərin nə dərəcədə aşındığının, digər tərəfdən isə dağıdıcı “anti-məktəb” prosesinin təşəkkülünün göstəricisidir. 

 

Sistemləşdirilmış biliklər əldə etmək üçün təlim-tərbiyə müəssisəsinə, məktəbə, müəllimə deyil, repetitora müraciət ehtiyac meyarına çevrilir. Repetitor institutu da yerində saymır, forma və məzmunca durmadan təkmilləşir. Artıq pedaqoji leksikonumuza daha prestijli və qiymətcə fərqli “bunker repetitoru” anlayışı gətirilib”.

 

Nadir İsrafilov bildirib ki, mərkəzləşmiş imtahan keçirildiyi üçün repetitorluğa münbit şərait var: "Bu, ali məktəbə qəbul olmaq həvəsindən yaranan bir anlayışdır. Repetitorluğu aradan qaldırsaq, o zaman gərək testi və imtahanları da ləğv edək. Çünki repetitorluq bilavasitə testin ortalığa çıxmasından sonra yaranıb. Bu gün şagirdlərin əksəriyyəti dərsliklərlə deyil, test kitabçaları ilə hazırlaşır. Məntiqlə biz həmin test kitablarını da ləğv etməli, tələblərə cavab verməyən dərslikləri yeniləməliyik. Üstəlik, bu gün repetitorluq minlərlə müəllimin qazanc mənbəyi hesab olunur”.

 

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov bildirib ki, bu gün təhsilin əsas ciddi problem repetitorluqdur. Bu, biliyin mənimsənilməsinə deyil, əzbərçiliyə xidmət edir və təhsildə ciddi fəsadlar törədir. Repetitorluq təhsil sistemini böyük bir rüşvət və korrupsiya şəbəkəsinə çevirib. İllərdir ki, repetitorluğun ləğvi barədə danışılır, deyilir. Amma hələ də bir nəticə yoxdur. Repetitorluq məktəbdən fərqli olaraq vətəndaş yetişdirə bilməz. Çünki təhsil sistemi müxtəlif səviyyələrdə tədris olunan bütün fənlər, tədris proqramları üzərində qurulub. Repetitor yanında tarixi, riyaziyyatı öyrənmək olar, amma o şagirdin digər fənlərdən heç bir anlayışı olmur”.

 

Şahlar Əsgərovun dediyinə görə, bəzi müəllimlər əsas dərs saatında lazımi bilgi vermir, bununla da şagirdləri əlavə saatlarda çalışmağa sövq etmiş olurlar: “Bu gün yuxarı sinif şagirdlərinin çoxu məktəbə yox, hazırlığa, repetitor yanına gedir. Çünki müəllimlər onlara lazımi bilgini vermir. Başları qarışıb repetitorluğa. Repetitor pedoqoji prosesi pozur, hətta ən mükəmməl müəllimlər belə bəzən repetitorluq dalğasına tabe olur və məktəbdəki dərsləri yaxşı keçmir. Şagirdlərinə fərdi hazırlıqları aşılayırlar. Məktəb kompleks bir yerdir. 5-6 repetitor bir məktəbi əvəz edə bilməz. Repetitorluq biznesdir, özü də gəliri kifayət qədər çoxdur. Biznes isə rəqabətdir. Ölkədə repetitorluq fəaliyyətinin bu qədər geniş yayılması onu göstərir ki, təhsil sistemində qüsurlar var. Müasir təhsil sistemi fərdi təhsil verə bilir, ancaq bütöv sinifə təhsil verə bilmir. Ənənəvi təhsil sistemində sinifə ayrı-ayrı öyrəncilərin mexaniki cəmi kimi baxılır. Bu qüsurlu yanaşma aparıcıdır. Sinifə bir-biri ilə üzvi ələqədə olan canlı orqanizm kimi baxmaq lazımdır. Bu faydalı baxışdır. Öyrəncilər təhsil prosesinin obyektidir. Sinif isə birgə tədris məkanıdır. Sinifə bütöv orqanizm kimi baxılarsa, təhsilin keyfiyyətini xeyli yüksəltmək mümkündür. Tək-tək fərdlərin əlaçı, olimpiada çepionu olması, ya qızil medal alması, ya konkurs qalibi olmasının fərdi əhəmiyyəti var, ancaq ictimai əhəmiyyətli azdır. Bütöv sinifin təhsil parametrlərinin yüksək olması milli və dövləti əhəmiyyət kəsb edir. Məktəbin əsas borcu bütöv sinifi öyrətməyi bacarmaqdır”.

 

Professor vurğulayıb ki, dərs prosesində sinifi aktiv və passiv olmaqla xəyalən iki yerə bölmək olar. Tədris materialını mənimsəyə bilənlər və bilməyənlər: "Başqa sözlə, təhsil səviyyəsi orta səviyyədən yuxarıda və aşağıda olanlar. Təəssüf ki, müəllim ancaq sinifin aktiv hissəsi ilə işləyir. Passiv tələbələrin varlığı müəllimi narahat etmir. Heç ondan bunu tələb edən də yoxdur. Bu, müasir təhsil sisteminin ən böyük qüsurudur. Məktəblər bütöv sinifə dərs deməyi bacarsa repetitorluğun kökünü kəsə bilərlər: "Bu qüsurun açarı Elm və Təhsil Nazirliyinin əlindədir. Əks halda ölkəni bürüyən repetitorluq kütləvi təhsili məhv edəcək”.

 

Təhsil eksperti Elçin Əfəndi vurğulayıb ki, son on ilə nəzər yetirsək, ümumiyyətlə təhsil sistemində aparılan dəyişikliklər, qəbul imtahanları ilə bağlı olan dəyişikliklər repetitorluğun daha geniş vüsət almasına gətirib çıxarıb: “Bu gün 8-9, 10-11-ci sinif şagirdləri məktəbə demək olar ki, istisna hallarda gedirlər. Onlar hazırlıq üçün repetitor yanına, kurslara üz tuturlar. Müəllimlərin də müəyyən hissəsi yalnız repetitor fəaliyyəti ilə məşğul olmağa üstünlük verir. Dünyanın əksər ölkəsində repetitor fəaliyyəti var, amma bizdəki qədər geniş vüsət almayıb. Orada istisna hallarda hansı fənlərdən uşaq zəifdirsə, o fənn üzrə də yönləndirilir. Bizdə isə kütləvi şəkildə müraciət var. Hətta məktəbə hazırlıq, ibtidai sinif pilləsində repetitorlara üz tutulur. Bunun qarşısı alınmalıdır. Bütün bunların aradan qaldırılması üçün nələr edilməlidir? İlk olaraq müəllimlərin əmək haqqı artırılmalıdır. Düzdür, sertifikasiyadan uğurlu keçənlərin maaşları artırılır, ümumilikdə maaşlar artırılmalıdır.

 

Eyni zamanda müəllimlər üçün konkret iş saatı tətbiq etməliyik. Elə etmək lazımdır ki, orta məktəblərdə çalışan müəllimlər şagirdləri evdə təhsilə cəlb etməsinlər. Təhsil məktəbdə, auditoriyada verilməlidir. Əgər kimsə pullu təhsil istəyirsə, bu zaman məktəb rəhbərliyi ilə danışıb dərsdən sonra orada təşkil olunacaq məşğələlərdə iştirak edə bilərlər. Son illər təmayülləşmə adı ilə müəyyən ixtisas qrupları üzrə qruplaşdırmalar aparıldı. Ancaq bu da effekt vermədi, əksinə, daha bərbad vəziyyət yarandı. Əgər mövcud vəziyyəti dəyişmək istəyiriksə, Elm və Təhsil Nazirliyinin müəyyən proqramı olmalıdır. Müəllimlərin əmək haqqını nə qədər yüksək etsək bir o qədər yaxşıdır. Eyni zamanda qəbul imtahan qaydalarını sadələşdirməliyik, burada fənn sayını minimallaşdırmalıyıq. Belə olduğu halda kütləvi şəkildə repetitorluğun azalmasına səbəb olacaq. Bunu nazirlik və DİM düşünməlidir, bu sahədə ciddi islahatlara ehtiyac var. Bu da danılmaz faktdır ki, yüksək bal toplayan bütün abituriyentlər hazırlıq mərkəzlərinin və repetitorların yetirmələridir. Bu gün məhz hazırlıq mərkəzləri və repetitorlar olmasa, Azərbaycanda hər il orta ixtisas və ali təhsil müəssisələrinə qəbul olanların sayı 10 min nəfərdən artıq ola bilməz! Filan məktəbin şagirdi yüksək bal topladı deməklə həmin şagirdə dərs deyən repetitor müəllimin haqqını, əziyyətini yerə vurmaq deməkdir”.

 

Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə əsasən, övladının ali məktəbə qəbul olması üçün maddi imkanı, sosial vəziyyəti aşağı olan yüzlərlə ailələr məcbur olub, borc-xərc edib uşağını repetitor yanına hazırlığa göndərirlər. Bir, bəzən iki il uşağını hazırlaşdırmaq üçün bu ailələr sıxıntı, korluq çəkirlər. Uşaqlar isə səhər məktəbə, dərsdən sonra isə repetitor yanına hazırlığa gedir. Yorulur, vaxt itirirlər. Bütün bunların qarşısını almaq üçün qəbul imtahanları ləğv edilməlidir. Hesab edirəm ki, ali məktəblərə qəbul bir sıra xarici ölkələrdə olduğu kimi attestat balı ilə keçirilsə daha yaxşı olar”.

 

Nərmin Qarazadə

Azərbaycanlılar ayağa qalxdı - Urmiyada baş verənlərə Bakıdan reaksiya
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox