“Artıq oğlanların təhsilə və elmə meyil göstərmədiyini görürük”
Bu sözləri AzEdu.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
“Qadınların, qızların təhsilli olması vacibdir. Amma bu gün sürətlə məktəbdə, səhiyyədə, eləcə də dövlət strukturlarında qadınlaşma gedir. Bu o demək deyil ki, Azərbaycan qadını oxumamalıdır, xeyr, onların fəal və təhsilli olması önəmli və qürurvericidir. Amma məsələnin digər tərəfində qadın çoxluğu təhsilə təsir edir. Bunun sosial səbəbləri ciddi araşdırılmalıdır. Bu gün kişi müəllimlərin çoxu məktəbdə yox, digər işlərdə çalışırlar. Qalanı isə repetitorluqla məşğul olur.
Bu ciddi fərqi həll etmək üçün əmək haqqı məsələsinə baxılmalıdır. Təsadüfi deyil ki, son illər müəllimlərin əmək haqqının artırılması üçün dövlət səviyyəsində işlər görülür. Maaşlar yüksək olduğu təqdirdə kişi müəllimlər repetitorluğa yox, məktəblərdə fəaliyyətə üstünlük verəcəklər.
Əgər bu ciddi məsələ indi araşdırılıb, qarşısı alınmazsa, hazırda 30 min olan kişi müəllimlərin sayı növbəti illərdə daha da azalacaq”.