Azedu.az

Repetitorluq ləğv edilə bilməz, yalnız tənzimlənə bilər

Repetitor

17 Fevral 2025, 12:20
Repetitorluq ləğv edilə bilməz, yalnız tənzimlənə bilər

“Nə deyiriksə deyək, nə ediriksə edək, təki müəllimi məktəbə, şagirdi sinfə cəlb edə bilək".

 

Bu fikirləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov qeyd edib.

 

Ekspertin sözlərinə görə, bunsuz nə məktəbə inam, nə də müəllimə güvən yaranmayacaq:

 

“Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında “strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, təhsil müəssisəsi səviyyəsində bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması” kimi vəzifələrin həyata keçirilməsində müəyyən problemlər yaşanacaq.

 

Sanki, bir növ dalana dirənmişik. Bəlkə, kimsə etiraz edib deyə bilər ki, repetitorluğun kimə və nə ziyanı var? Bu halda digər daha düşündürücü sual yaranır. Məktəb varsa əlavə təhsil şəbəkəsinə, müəllim varsa əlavə repetitor xidmətinə nə ehtiyac var və niyə də olmalıdır? Biz lazımi bilik əldə etmək üçün qeyri-rəsmi fərdi fəaliyyətlə məşğul olan repetitorlara və ya dolayısı yollarla və müxtəlif adlarla repetitor xidməti göstərən kurslara pənah aparırıqsa, onda qanuni yolla sistemləşdirilmiş bilik, bacarıq və vərdişlər aşılamağa borclu olan təhsil müəssisələrimiz nə ilə məşğul olur və ya olmalıdırlar? 

 

Bütün deyilənlərə və yazılanlara rəğmən hələ ki məsələyə rəsmi mövqeyimiz ondan ibarətdir ki, “təhsil sistemi ən öndə olan ölkələrdə də repetitorlardan istifadə edilir”.“Hər bir insan övladını əlavə dərs üçün müəllim yanına qoya bilər”. “Repetitorluq ləğv edilə bilməz, yalnız tənzimlənə bilər”.“Yalnız sahibkarlıq fəaliyyəti kimi repetitorluğun hansısa iqtisadi yönləri tənzimlənə bilər”. “Gərək, repetitorluğun necə olması ilə bağlı təkliflər də olsun ki, biz onu dəyərləndirək" və  və s. İndi də son gəldiyimiz qənaət ondan ibarətdir ki, “bu həm də vicdan məsələsidir”. Olsun, ancaq dərd ondadır ki, bu vicdan məsələsinə də fərqli yanaşmalar var və buna hərə öz prizmasından baxır.

 

Məsələni başqa bir şəkildə şəkildə qoysaq ki, repetitorluqdan istifadə edilsin, əlavə dərs üçün uşaq müəllim yanına da getsin. Amma, bu məsələnin də başqa bir “amma”sı ondan ibarətdir ki, niyə rəsmi fəaliyyət sahiblərinin görməli olduğu işi, qeyri-rəsmi fəaliyyətlə məşğul olanlar görməlidir? Bir neçə il öncə, Bakıda repetitorluq edən müəllimlərlə müqavilə imzalanacağı barədə xəbərlər gündəmi zəbt etmişdi. Verilən açıqlamalara və yayılan məlumatlara əsasən məktəblərdə hüquqi və fiziki şəxslərlə birgə fəaliyyət müqavilələrinin bağlanmasına dair qərar verilməsi bildirilirdi. Qərara əsasən, valdeynlərin əlavə ödənişləri hesabına şagirdlərə məktəblərdə əlavə xidmətlər göstəriləcəkdi. Bu variant da elə vəd olaraq qaldı”.

 

N.İsrafilov söyləyib ki, müəllim məktəbə, şagird də sinfə qayıtmalı, sağlam və işgüzar məktəb mühiti bərpa edilməlidir:

 

“Nəzərə alsaq ki, repetitorluğun qayəsini ali məktəbə hazırlıq təşkil edirsə və nazir də etiraf edirsə ki, “məktəblər təhsil vermir və biz bunu bilirik. Biz əgər mərkəzləşmiş imtahan ediriksə, repetitorluq üçün hər zaman münbit şərait olacaq.” Elə isə, bəlkə ali məktəblərə qəbul imtahanlarının modelini dəyişək? İstənilən halda ya oyanlıq, ya da bu yanlıq nəsə etməliyik.

 

Bunun üçün isə müzakirələr geniş surətdə davam etdirilməli, irəli sürülən rəy və təkliflər təhlil olunmalı, ümumi rəy əsasında illərlə davam edən müzakirə və mübahisələrə bir dəfəlik nöqtə qoyulmalıdır. Heç olmasa ona görə ki, bu məsələnin həlli artıq gözləmə limitini xeyli aşıb.

 

Son olaraq onu deyə bilərəm ki, nə qədər ki, rəsmi təhsilin qeyri-rəsmi təhsildən asılı vəziyyətə salınmasına xidmət edən repetitorluq qeyri-rəsmi fəaliyyət sahəsi kimi rəğbət qazanmaqda davam edəcək, məktəb-ailə münasibətlərinin optimal yolu tapılmayacaq, müəllim fenomeni şagird və valideynlərin ümid, inam və güvən mənbəyinə çevrilməyəcək, cəmiyyət üzvləri arasında məktəb deyəndə müəllim, müəllim deyəndə məktəb düşüncəsi formalaşmayacaq, ən başlıcası isə müəllim nüfuzunun qaldırılması üçün bütün imkanlardan istifadə olunmayacaq. Repetitorluq institunun ləğvinə yönəlik bütün cəhdlər də bir o qədər səmərəsiz qalacaq. İstəsək də, istəməsək də, müəllim məktəbə, şagird də sinfə qayıtmalı, sağlam və işgüzar məktəb mühiti bərpa edilməlidir”.

Ukrayna neft zavodunu vurdu - Putin ƏMR VERDİ
Son xəbərlərDaha çox