Övladını repetitor yanına göndərməyən bir çox valideyn müəllimlərin məktəbdə repetitorluq fəaliyyəti ilə məşğul olmalarından narazıdırlar. Onlar bildirirlər ki, müəllim otağın birini (günorta dərsdən sonra) götürüb, başqa uşaqlara hazırlıq keçir.
Bəs bu qanunidirmi? Sinifdə repetitorluqla məşğul olmaq olarmı?
Təhsil mütəxəssisi Elşən Qafarov AzEdu.az-a açıqlamasında bildirib ki, təhsil sistemi də, məktəb də repetitorluğun aradan qaldırılmasında maraqlı deyil:
“Təhsil sistemindəki əsas problemlərdən biri müəllimlərin repetitorluq fəaliyyəti ilə məşğul olmalarıdır. Bu prosesdə əsas sifarişçi tərəf valideynlərdir. Müəllimin əlavə gəlir əldə etmək istəyi onu repetitorluğa yönəldir. Digər tərəfdən, repetitorluq təhsil prosesində yalnız valideynlərə deyil, bütün tərəflərə “sərf edir”.
Repetitorların nəticələri məktəblərin və ümumilikdə təhsil sisteminin adına yazılır. Müəllim məktəbdə repetitorluqla məşğul olduqda ən azından valideynlər bilirlər ki, övladları daha təhlükəsiz yerdədir, evlərdə, kurslarda və şəraitsiz otaqlarda olduğundan daha yaxşıdır.
Repetitorluğun ləğv edilməsi üçün əvvəlcə onu yaradan səbəbləri müəyyənləşdirmək lazımdır. Repetitorluğa sövq edən amillər arasında Dövlət İmtahan Mərkəzinin imtahan mexanizmi, uşaqları repetitor yanına göndərməyin “dəb” halını alması, müəllimlərin pedaqoji qaydalara riayət etməməsi və digər faktorlar yer alır.
İlk növbədə bu səbəblər araşdırılmalı və repetitorluğun aradan qaldırılması məqsədi güdülməlidir. Bu gün repetitorluğun aradan qaldırılmasını yalnız valideynlər istəmir. Burada ən çox əzab çəkən isə uşaqlardır. Onlar həddindən artıq yüklənir və taqətləri tükənir.
Təhsil sistemi və məktəblər isə repetitorluğun aradan qaldırılmasına maraqlı deyillər, çünki müsbət nəticələr məktəbin üzərinə yazılır”.
Müsahibimiz qeyd edib ki, gələcəkdə məktəblər publik hüquqi şəxsə çevirilə bilər:
“Düşünürəm ki, yaxın gələcəkdə məktəblər publik hüquqi şəxs statusu qazandıqda, repetitorluq qismən rəsmiləşəcək. Yəni valideyn məktəblə müqavilə bağlayacaq, ödənişi məktəbin hesabına köçürəcək, məktəb isə repetitorluqla məşğul olan müəllimə əlavə əmək haqqı ödəyəcək. Bu artıq rəsmiləşmiş bir sistem olacaq. Beləliklə, repetitorluq nəzarət altında olacaq. Lakin bu dəyişikliklər üçün çox sayda addım atılmalıdır. Görünən odur ki, bu vəziyyət uzun müddət hazırkı formada davam edəcək”.