Bəzi məktəb direktorları şagirdlərin başqa müəllimlərin yanına hazırlığa getməsinə mane olub, onları məktəbin müəllimlərinin yanında hazırlıq keçməyə məcbur edirlər.
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib.
Ekspert qeyd edib ki, belə bir fəaliyyətin həyata keçirilməsi hələ də mövcuddur və təəssüf ki, bu təcrübə davam edir:
"Valideynlər övladlarını məktəbdəki tədris prosesindən narazı olduqları üçün başqa bir müəllimə göndərmək istəyirlər, lakin məktəb direktorları buna mane olmağa çalışır və bildirirlər ki, məktəbdə hazırlıq kursları təşkil edilib, valideynlər övladlarını məktəbin müəllimlərinin yanında hazırlığa göndərməlidirlər. Bu yanaşma düzgün deyil. Məktəb direktoru təhsil müəssisəsini heç bir müəllimə icarəyə verməməlidir. Təəssüf ki, bir çox məktəb direktorları üçün bu artıq adi hala çevrilib".
Müsahibimiz əlavə edib ki, bəzi hallarda müəllimlərlə müəyyən məbləğ qarşılığında razılaşmalar əldə edilir:
""Mən sənə bu qədər şagird göndərəcəm, sən burada dərs keç, həm mənə icarə haqqı ödə, həm də şagirdlərin hazırlıq haqqından faiz ver",- kimi fəaliyyətlər hələ də davam edir. Halbuki məktəb direktoru təhsil müəssisəsini idarə edən şəxsdir və dövlət tərəfindən ona verilən səlahiyyətlərdən sui-istifadə etməməlidir. Bəzi direktorlar hətta məktəbin kompüter laboratoriyalarını və dövlət tərəfindən təmir olunan idman zallarını icarəyə verirlər".
Ramin Nurəliyev qeyd edib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bu məsələlərə ciddi nəzarət etməli, genişmiqyaslı araşdırmalar aparmalıdır:
"Belə qanunsuz fəaliyyətlə məşğul olan direktorlar barəsində müvafiq cəzalar tətbiq edilməli və onlar vəzifələrindən azad olunmalıdır. Məktəb təhsil ocağıdır və burada yalnız təhsil verilməlidir. Təhsil pulla satılmamalıdır. Dövlət ödənişsiz təhsil üçün bütün imkanları səfərbər edir, buna görə də belə halların qarşısı qətiyyətlə alınmalıdır".