Səslənilən iddialar arasında "təhsilimiz repetitorların əlindədir" fikri doğru deyil. Bu, yalnız ali məktəblərə hazırlıq istiqamətində repetitorların təsirini göstərir. Lakin bu, ümumi təhsili əhatə etmir. Çünki bəzi təhsil pillələrində repetitorların fəaliyyətinin universitetə hazırlıq mərhələsindəki rolu danılmazdır.
Bu fikirləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib.
Ekspert qeyd edib ki, 10-11-ci siniflərdə qəbul proqramına daxil olan mövzuların yalnız kiçik bir hissəsi məktəb dərslərində əks olunur. Bu səbəbdən abituriyentlər repetitor və kurslara müraciət etməyə məcbur olurlar:
“Ümumiyyətlə, keyfiyyətli dərs keçmək hər bir müəllimin vicdanına bağlıdır. Xüsusilə aşağı siniflərdə müəllim illik planı və proqramı düzgün şəkildə tədris edərsə, hər hansı bir problem yaranmaz. Lakin 10-11-ci siniflərdə verilən proqram ali məktəblərə hazırlıq baxımından təkmilləşdirilməyib. Bu səbəbdən universitetə hazırlaşan abituriyentlər, indiki təhsil sisteminə görə, məcbur olaraq repetitor və hazırlıq kurslarına müraciət etməli olurlar. Əks təqdirdə, universitetə qəbul olma ehtimalları azalır”.
Müsahibimiz əlavə edib ki, hazırda tədris sistemi universitetə hazırlıq istiqamətində təşkil edilməyib:
“Qəbul imtahanı 5-11-ci siniflərdəki proqram əsasında hazırlanır, bunu inkar etmirik. Lakin 10-11-ci siniflərdə qəbul proqramına daxil olan mövzuların yalnız kiçik bir hissəsi məktəbdə tədris edilir. Buna görə də abituriyentlər repetitor və kurslara müraciət etməli olurlar.
Bəzi abituriyentlər repetitor hazırlığına müraciət etmədən özləri hazırlaşmağa çalışırlar. Lakin bu şəkildə ali məktəbə hazırlaşan abituriyentlərin yalnız çox az bir hissəsi uğur qazana bilir. Bu, ixtisas qruplarına görə dəyişir: 1, 2 və 4-cü qruplara hazırlaşan abituriyentlər üçün fərdi hazırlıq çətindir, amma 3-cü qrupla hazırlaşanlar özləri fərdi şəkildə hazırlaşa bilərlər”.
Ramin Nurəliyev açıqlamasında vurğulayıb ki, yuxarı, xüsusilə 10-11-ci siniflərdə keçirilən tədris planı universitetə hazırlıq məqsədilə təşkil olunmalıdır:
“Bu halda, yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti də yaxşı olar. Cəmiyyət bu gün bütün məsuliyyəti müəllimlərin üzərinə atır və onları dərs keçməməkdə günahlandırır. Lakin onlar anlamırlar ki, xüsusilə yuxarı sinif proqramlarında qəbul imtahanının yalnız 10%-i əhatə olunur. Bu səbəbdən şagirdlər məktəb dərslərinə laqeyd yanaşır və dərslərə gəlmirlər. Bu halda, müəllim keçdiyi dərsdən zövq ala bilmir”.