“İbtidai sinifdən uşağı repetitor yanına göndərib, yormaq doğru deyil”.
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Ekspert qeyd edib ki, repetitorlara müraciət etməkdənsə, valideyn övladının zəif olduğu nüansları bilib, ona yardımçı ola bilər:
“Bəzi valideynlər övladlarını gələcəkdə ali təhsil müəssisələrinə qəbul imtahanlarında yaxşı nəticə göstərib, istədikləri universitetə qəbul oluna bilsinlər deyə ibtidai sinifdən repetitor yanına göndərirlər. Tövsiyə edərdim ki, ibtidai sinifdə təhsil alan uşağın valideyni müəllim ilə sıx əlaqədə olsun. Övladının dərslərdəki zəif və yaxşı tərəfləri barədə danışıb, nəticələrini müzakirə etsinlər. Bununla da hansı mövzuda zəifdirsə, o istiqamətdə valideyn və müəllim birgə işləsin və problemləri aradan qaldırsınlar. Nəticədə şagirdlər daha kiçik yaşlardan repetitorlara məruz qalmayacaqlar.
Ümumiyyətlə, uşaqların məktəbdən sonra fərdi repetitor yanına getməsinin tərəfdarı deyiləm. Uşağı ibtidai sinifdən stresə salmaq, yormaq lazım deyil. İbtidai sinif şagirdi dərslərini əyləncəli bir şəkildə öyrənməlidir. Çünki aşağı siniflərdə ağır dərs metodu yoxdur, uşağın bu dövrdə yüklənməsi qəbuledilməzdir.
Hazırki müşahidələrimizə əsasən deyə bilərəm ki, valideynlərin əksəriyyəti övladını repetitor yanına göndərir və kənarda dayanırlar. Heç uşağının hansı fəndən zəif, hansından yaxşı olduqları barədə məlumatları belə olmur. Bu təbii ki, doğru deyil. İstər ibtidai təhsil, istərsə də yuxarı siniflərdə valideyn müəllim ilə mütəmadi əlaqə saxlayıb öz uşağının təhsilini təqib etməlidir”.
Ekspert bildirib ki, valideyn uşağını repetitor və ya hazırlıq kursuna göndərdikdən sonra bütün iş və məsuliyyət müəllimin boynundadır deyib, geri çəkilməməlidir:
“Valideyn düşünür ki, pulunu verib övladını repetitor yanına göndərdikdən sonra artıq onun işi bitir... Ancaq birdə ayılır ki, uşaq dərslərində heç də yaxşı deyil. Burada zərbəni alan isə valideyn və uşaq olur.
Valideyn mütəmadi olaraq övladını sınaq imtahanına aparmalı, nəticəni müəllim ilə təhlil etməlidir. Biz görürük ki, uşaq müəllimin verdiyi ev tapşırığını yazmır. Bu artıq ənənəvi hal alsa da, təbii ki, uşağın yekun nəticəsinə mənfi təsir göstərən amillərdən biridir. Hətta bəzi uşaqlar var ki, müəllimindən narazı olub, onu qane etmədiyini söyləyir və müəllimini dəyişmək istədiyini qeyd edir. Araşdırdıqda isə müəllimin tələbkar olduğu ortaya çıxır. Uşaq öz rahatlığı üçün tələbkar müəllimdən imtina edir.
Həmin vaxt valideyn problemin kökünə baxmalıdır. Övladının əsassız iddialarına inanmaqdansa, vəziyyətlə özü tanış olmalı, dərs fəaliyyətini izləməlidir”.