Hazırda Azərbaycanda repetitorluq təhsilin ayrılmaz bir hissəsinə çevrilib. Ali təhsil müəssisələrinə qəbul olmaq və yüksək bal toplamaq istəyən bir çox abituriyentlər repetitor yanına gedirlər.
Maraqlıdır, bəs, xaricdə də repetitorluq fəaliyyəti buradakı qədər populyardır? Dünya ölkələrində abituriyentlər ali məktəbə necə hazırlaşırlar?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov bildirib ki, dünyanın bir çox ölkəsində repetitor fəaliyyəti mövcuddur:
“Amma xaricdə şagirdlər repetitor yanına məcburiyyətdən deyil, lüks üçün gedirlər. Məsələn, Azərbaycanda elədir ki, müvafiq bir bal toplamağa görə şagirdlər repetitor yanına getməli olurlar. Hazırlığa getmək onların gələcəyinə təsir edir. Lakin xaricdə nə zamansa tənbəllik edib, dərs oxumayan və qısa zaman ərzində çox şey öyrənmək istəyənlər repetitorlara üz tuturlar. Az öncə də qeyd etdiyim kimi, bu onlar üçün məcburiyyət deyil, sadəcə olaraq seçimdir.
Qeyd edim ki, hazırda yaşadığım Amerikada da repetitorluq fəaliyyəti var. Hətta universitet tələbələri də bəzi fənlərdən hazırlığa getməli olurlar. Amma kim hansı dərsi qaçırıb, iştirak etməyibsə, mövzulardan geri qalıbsa, onlar həmin dərslərə görə repetitorlara gedirlər. Burada repetitorluq məktəbin, formal təhsilini yerini almayıb.
Xaricdə universitetə qəbul olmaq bizdəki qədər çətin deyil. Ona görə orta məktəb şagirdləri dərslərini yaxşı oxuduqları təqdirdə istədikləri universitetə qəbul oluna bilmirlər".
Mütəxəssis qeyd edib ki, bəzi ölkələr var ki, repetitorluq fəaliyyəti azdır, hətta yox səviyyəsindədir:
“Finlandiya, Estoniya və s. kimi ölkələrdə şagirdlər repetitorlara çox nadir hallarda müraciət edirlər. Çünki orta məktəb sistemləri elə qurulub ki, şagirdlərin ali məktəbə daxil ola bilmələri üçün hansısa əngəl yoxdur. Orada son iki ildə keçirilən dərslər sırf universitetlə əlaqədardır.
Əlbəttə burada şagirdin maraqları, fəaliyyətləri, fəallığı və s. kimi məsələlər də rol oynayır. Amma bir çox pedaqoq tərəfindən deyildiyi kimi, burada universitetlərin giriş qapısı geniş, çıxış qapısı dardır. Ona görə də repetitorluq fəaliyyəti xaricdə o qədər də geniş vüsət almayıb”.