Azedu.az

Rektor: Gələcəkdə süni intellekt ən güclü müəllimlərdən biri olacaq

Rektorlar

25 Oktyabr 2025, 12:28
Rektor: Gələcəkdə süni intellekt ən güclü müəllimlərdən biri olacaq

Süni intellektin müəllim rolunda çıxışı bu gün fantastik səslənsə də, yaxın gələcəkdə reallığa çevrilə bilər.

AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov rəsmi feysbuk səhifəsində paylaşımında qeyd edib.

Rektor bildirib ki, süni intellekt (Sİ) artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib və öyrənmə, iş və ünsiyyət tərzimizi kökündən dəyişir.

"Təsəvvür edin, gülümsəyən, Sİ ilə idarə olunan bir müəllim sizin adınızı bilir, öyrənmə tərzinizi anlayır və dərsləri fərdi ehtiyaclarınıza uyğunlaşdırır. Üstəlik, Sİ yorulmur və 24/7 rejimində fəaliyyət göstərə bilər, bu da tələbələrin istənilən vaxt kömək almasına imkan verir.

Sİ müəllimləri tam əvəz etməyəcək, əksinə, onların işini tamamlayacaq. Rutini və təkrarlanan tapşırıqları yerinə yetirməklə, süni intellekt müəllimlərə yaradıcı və analitik işlərə daha çox vaxt ayırmağa imkan verəcək. Bunun üçün etik çərçivələrin müəyyənləşdirilməsi vacibdir.

Ən real ssenari əməkdaşlıqdır: süni intellekt müəllimlərin bacarıqlarını artıraraq onların daha səmərəli işləməsinə kömək edəcək. Təhsildə Sİ fərdi öyrənməni izləmək və dərsləri fərdiləşdirmək üçün yeni imkanlar yaradacaq. Onu rəqib deyil, tərəfdaş kimi qəbul etmək təhsilin daha əlçatan və keyfiyyətli olmasına xidmət edəcək".

Ə.Muradov həmçinin bildirib ki, süni intellektin müəllim rolunda çıxışı bu gün fantastik səslənsə də, yaxın gələcəkdə reallığa çevrilə bilər.

"Müəllim və Sİ-li müəllimin rolları fərqli olacaq və müəllim nüfuzu əhəmiyyətli dərəcədə arta bilər. Gələcək artıq yaxınlaşır və süni intellekt onun ən güclü müəllimlərindən biri ola bilər".

Zəngəzur dəhlizi bu tarixdə açılacaq - Kritik AÇIQLAMA
Son xəbərlərDaha çox