Ötən il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondu birlikdə Din Təhsili üzrə Respublika Konfransı təşkil etmişdi.
AzEdu.az xəbər verir ki, bu fikirləri "Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində" beynəlxalq simpozium zamanı Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov bildirib:
"Bu il isə həmin mövzunu qlobal səviyyəyə çıxardıq. Yenə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutu birlikdə “Müasir Dünyada Din Təhsili Modelləri” mövzusuna həsr olunmuş böyük bir simpozium keçiririk.
Bu simpoziumun əsas məqsədi dünyada bu sahədə fəaliyyət göstərən elm adamlarını bir araya toplamaq, eyni zamanda ali təhsil müəssisələrinin müasir modellərini müzakirəyə çıxarmaqdır. Bildiyimiz kimi, dünyada bir çox çağırışlar var. Eyni zamanda bəzi yerlərdə mənəvi dəyərlər deqradasiyaya uğrayır. Ona görə də din təhsilini necə təşkil etməliyik ki, həm mənəvi dəyərlərə uyğun olsun, həm də müasir dünyanın çağırışlarına cavab verə bilsin?
Bu məqsədlə keçirilən builki simpoziumda dünyanın 15 ölkəsindən təxminən 70-ə yaxın tədqiqatçı iştirak edir. Bu gün və sabah onlar öz fikirlərini bölüşəcək, elmi məruzələrlə çıxış edəcəklər.
Onların məruzələrinin tezisləri artıq nəşr olunub, eyni zamanda geniş elmi məqalələr şəklində dərc olunur. Məqsədimiz, qeyd etdiyim kimi, din təhsili sahəsində həm müasir standartlara cavab verən, həm də mənəvi dəyərləri ön planda tutan modelləri müəyyənləşdirmək və bu modellərdən yararlı nümunələri dünyaya təqdim etməkdir.
Eyni zamanda qeyd etmək istərdim ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu bu sahədə mühüm rol oynayır. Çünki Azərbaycan İlahiyyat İnstitutunda verilən din təhsili dünyada unikal modellərdən biridir. Bu, həm İslam dünyasında, həm də ümumilikdə dünyada fərqlənən bir modeldir.
Burada təhsil yalnız İslama deyil, digər dinlərə də aid bölmələrlə aparılır və bu bölmələrdə dinlər müqayisəli və obyektiv şəkildə öyrənilir. Biz bu modeli dünyaya tanıtmaq istəyirik. Yəni Azərbaycanın din təhsilində qazandığı nailiyyətləri beynəlxalq aləmə təqdim etmək niyyətindəyik.
Dünyanın bir çox ölkəsindən tanınmış alimlər və mütəxəssislər bu gün bizim simpoziumda iştirak edirlər. Ümid edirəm ki, bu simpozium öz müsbət nəticəsini verəcək və gələcəkdə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və onun tabeliyində fəaliyyət göstərən qurumlar bu sahədəki fəaliyyətlərini davam etdirəcəklər".