Bu gün 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günüdür.
Rektorlar öz rəsmi feysbuk səhifələrində paylaşımlar edərək professor-müəllim heyətini təbrik edib, onlara uğurlar, sağlamlıq və yaradıcılıq dolu bir gələcək arzulayıblar.
AzEdu.az Təhsil Portalı rektorların paylaşımlarını təqdim edir.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) rektoru Rüfət Əzizov:
"Cəmiyyətin inkişafında misilsiz xidmətləri olan bütün müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm!
Təhsilin bütün pillələrində, məktəbdən universitetə qədər, fədakarlıqla çalışan, bilik və dəyərləri gələcək nəsillərə ötürən bütün müəllimlərə dərin minnətdarlığımızı bildiririk.
Sizin əzmkarlığınız, səbir və peşəkarlığınız ölkəmizin gələcəyini formalaşdırır. Siz cəmiyyətin ən etibarlı dayağı və inkişafın əsas hərəkətverici qüvvəsisiniz.
Bayramınız mübarək, əziz müəllimlər!".
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov:
"Hörmətli UNEC müəllimləri!
Sizi 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edirəm.
Müəllim ən şərəfli peşə, ən müqəddəs missiyadır. Dünya nə qədər dəyişsə də, texnologiyalar nə qədər inkişaf etsə də müəllimin sözünün hikməti və işığının gücü dəyişmir və əminəm ki, gələcəkdə də belə olacaq. Siz UNEC-in ən böyük sərvətisiniz! Universitetimizin bu gün qazandığı uğurlar məhz sizin fədakar əməyinizin bəhrəsidir!
Əziz müəllimlər, sizə və doğmalarınıza möhkəm can sağlığı, uzun ömür, bol-bol uğurlar arzulayıram. Ulu Tanrı sizi qorusun.
Müəllimlər Gününüz mübarək!
Hər şey daha da yaxşı olacaq!".
Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov:
"Bu gün bütün müəllimlərimizin bayramıdır! Müəllim – yalnız bilik verən deyil, həm də gənc nəslin dünyagörüşünü formalaşdıran, onların qəlbinə və düşüncəsinə işıq salan ən ali şəxsiyyətdir.
Müəllimlik sadəcə bir peşə deyil, millətin gələcəyini qurmaq missiyasıdır. Bu müqəddəs missiyanı daşıyan bütün müəllimlərimizi, Mingəçevir Dövlət Universitetinin müəllimləri başda olmaqla ürəkdən təbrik edir, şərəfli peşə fəaliyyətlərində uğurlar arzulayıram! Qoy sizin əlinizdən yetişən hər bir tələbə sizin ən böyük qürurunuz, gələcəyimiz isə sizin zəhmətinizin bəhrəsi olsun.
Universitetimiz Sizinlə böyüyəcək, Sizinlə yüksələcək!".
Bakı Avrasiya Universitetinin (BAAU) rektoru Səyavuş Qasımov:
"Müəllim — bilik verən, dəyərlər aşılayan, həyat yollarına işıq salan və gələcəyin formalaşmasında əvəzsiz rol oynayan şəxsiyyətdir.
Onların fədakarlığı, səbr və peşəkarlığı sayəsində cəmiyyətimiz tərəqqi edir, dövlətimiz inkişaf edir, gələcək nəsillər isə möhkəm mənəvi və elmi təməllər üzərində yetişir.
Bu əlamətdar gün münasibətilə bütün müəllimlərimizi səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, xoşbəxtlik və gənc nəslin formalaşdırılması kimi şərəfli missiyalarında yeni uğurlar arzulayıram.
Bakı Avrasiya Universitetinin müəllimlərinə isə xüsusi minnətdarlığımı bildirirəm.
Universitetimizin inkişafında, təhsil mühitinin zənginləşməsində və tələbələrimizin savadlı, vətənpərvər, dəyərlərə sadiq mütəxəssislər kimi formalaşmasında göstərdiyiniz əvəzsiz xidmət danılmazdır. Sizin fədakar əməyiniz və peşəkarlığınız sayəsində Universitetimizin uğurları daha da möhkəmlənir, gələcəyə inamla baxmağımıza zəmin yaradır".
Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev:
"Bakı Slavyan Universitetində çalışan bütün həmkarlarımın simasında bu uca adı şərəflə, əzmkarlıqla daşıyan hər bir müəllimi beynəlxalq müəllim günü münasibəti ilə təbrik edirəm!
Ulu öndər Heydər Əliyev “mən müəllim adından uca ad tanımıram” demişdi. Prezident İlham Əliyev isə Vətənin azadlığı uğrunda vuruşan gənclərin vətənpərvərlik ruhunda böyüdülməsində müəllimin, Azərbaycan məktəbinin əvəzsiz rolunu vurğulamışdır. Azərbaycan müəlliminə verilmiş bu yüksək qiymət bizi sevindirərək ruhlandırmaqla yanaşı, gənc kadların hazırlanması işində məsuliyyətimizi daha da artırır.
Əziz həmkarlar, hər birinizi təbrik edir, dünən universitetimizdə keçirilmiş “Təhsildə yeni çağırışlar” beynəlxalq forumunun motosunda deyildiyi kimi, “sən bir ulduzsan, çünki müəllimsən!” arzusunu hər birinizə çatdırıram. Sizin və hər bir gəncdə yaradacağınız vətənpərvərlik, peşəkarlıq və inkişaf işığının hər zaman gur olması diləyi ilə!".
Qarabağ Universitetinin (QU) rektoru Şahin Bayramov:
"Qarabağ Universitetinin əziz və dəyərli müəllimləri!
Sizi, 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə elmi-pedaqoji fəaliyyətdə və şəxsi həyatda bol-bol uğurlar arzulayırıq!
Siz, tələbələrimizin yüksək ixtisaslı mütəxəssis kimi yetişməsi üçün əsl fədakarlıq göstərirsiniz!
Siz, tələbələrimizin milli-mənəvi dəyərlərimizə sahib layiqli vətəndaşlar olması üçün yorulmadan çalışırsınız!
Siz, müəllim adını şərəflə daşıyırsınız!
Sizinlə fəxr edirik!
Gününüz mübarək olsun!
Qarabağ Universiteti ailəsinin üzvü olmaq sonsuz fəxarətdir!".
Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayev:
"Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün vicdanlı və məsuliyyətli müəllim ordusunu təbrik edirəm!
Millətimizi aydın sabahlara, parlaq qələbələrə hazırlayan müqəddəs peşə sahibləri,
Gününüz mübarək, yolunuz aydınlıq olsun!".