Universitetlərdə təhsilin keyfiyyəti və ümumi idarəetmə əsasən rektorların təcrübə və biliklərindən asılıdır. Onların hansı sahədə təhsil aldıqları və neçə ildir bu vəzifədə çalışdıqları universitetin inkişafına təsir edən əsas amillərdəndir.
Bəs, Azərbaycanda fəaliyyət göstərən universitet rektorları kimlərdir? Onlar hansı sahədə təhsil alıb, neçə ildir rəhbərlik edirlər?
AzEdu.az bu suallara cavab tapmaq üçün araşdırma aparmağa davam edir.
Araşdırmamızda bu dəfə Azərbayacan Dövlət Mədəniyyət və İncəsənət Universiteti var.
Bu ali təhsil müəssisəsinə hazırda Ceyran Mahmudova rəhbərlik edir.
Ceyran Emin qızı Mahmudova 19 iyul 1964-cü il tarixində Bakı şəhərində anadan olub. 1971-1982-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 1982-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi-nəzəriyyə fakültəsinə daxil olub, 1987-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.
1987-90-cı ilərdə Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun əyani aspirantı olub. 1990-96-cı illərdə həmin institutda kiçik elmi işçi, elmi işçi, baş elmi içşi vəzifələrində çalışıb. 1991-ci ildən 2017-ci ilədək Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında müəllim vəzifəsindən professor vəzifəsinə qədər yüksəlib.
1994-cü ildə “Azərbaycan təsniflərinin problemləri” mövzusunda namizədlik, 2012-ci ildə “Azərbaycan bəstəkarlarının mahnılarında poeziya ilə musiqinin qarşılıqlı əlaqələri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. AAK tərəfindən 2003-cü ildə “dosent”, 2017-ci ildə “professor” elmi adına layıq görülüb.
2010-cu ildən Ali Attestasiya Komissiyasının sənətşünaslıq və memarlıq üzrə ekspert şurasının üzvüdür. Azərbaycan Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvüdür. C.Mahmudova 3 monoqrafiya, ali mәktәblәr üçün 2 dәrs vәsaiti, orta mәktәb müәllimlәri üçün 2 metodik göstәrici, 50-dən çox elmi, 40-dan artıq elmi-publisistik məqalənin və fənn proqramlarının müəllifidir. Respublika və beynəlxalq miqyaslı bir sıra elmi konfrans və simpoziumlarda iştirak edib.
2010-2014-cü illərdə Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalında “Musiqi xəzinəsi” verilişinin ssenari müəllifi və aparıcısı olub.
2017-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi sənəti” fakültəsinin dekanı vəzifəsində işləyib.
30 iyul 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib.
13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif edilib.
7 ildir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsini icra edir.