Azedu.az

Rektorlar haqqında nə bilirik? - İlham Mədətov...

Rektorlar

Müəllimlər və elm adamları

11 İyun 2025, 10:25
Rektorlar haqqında nə bilirik? - İlham Mədətov...

Universitetlərdə təhsilin keyfiyyəti və ümumi idarəetmə əsasən rektorların təcrübə və biliklərindən asılıdır. Onların hansı sahədə təhsil aldıqları və neçə ildir bu vəzifədə çalışdıqları universitetin inkişafına təsir edən əsas amillərdəndir.

 

Bəs, Azərbaycanda fəaliyyət göstərən universitet rektorları kimlərdir? Onlar hansı sahədə təhsil alıb, neçə ildir rəhbərlik edirlər?

 

AzEdu.az bu suallara cavab tapmaq üçün araşdırma aparmağa davam edir.

 

Araşdırmamızda bu dəfə Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) var.

 

Bu ali təhsil müəssisəsinə hazırda İlham Mədətov rəhbərlik edir.

 

İlham Mədətov 2009-cu ildə Azərbaycan idmanının inkişafındakı xidmətlərə və dövlət qulluğunda səmərəli fəaliyyətə görə "Tərəqqi" medalı ilə təltif olunub. 2012-ci ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaranmasının 20 illik yubileyi münasibətilə və idmanının inkişafında xidmətlərə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

 

Mədətov İlham İsa oğlu 13 noyabr 1952-ci ildə Yevlax şəhərində anadan olmuşdur. 1970-ci ildə Yevlax şəhər 4 nömrəli orta məktəbi qızıl medalla bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsinə daxil olmuş, 1976-cı ildə oranı bitirmişdir. iyul 1974 – iyul 1975-ci il dövrdə SSRİ Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyi xətti ilə Misir Ərəb Respublikasında tərcüməçi işləmişdir. 1976-cı ilin avqustundan oktyabrındadək Maarif Nazirliyinin təyinatı ilə Yevlax rayon Varvara kəndində orta məktəbdə müəllim işləmişdir.

 

1976-cı ilin oktybarından 1980-ci ilin sentyabrındadək Yevlax şəhər Komsomol Komitəsində komsomol təşkilatçısı, şöbə müdiri və katib vəzifələrində işləmişdir. 1980-ci ilin sentyabrından 1984-cü ilin avqustuna qədər SSRİ Müdafiə Nazirliyinin xətti ilə Liviyada hərbi xidmətdə olmuş və ərəb dili tərcüməçisi işləmişdir. 1984-cü ilin sentyabrından 1988-ci ilin avqust ayına qədər Yevlax şəhər Partiya Komitəsində təlimatçı və şöbə müdiri vəzifələrində çalışmışdır. 1988-ci ilin sentyabrından 1991-ci ilin iyul ayına qədər Moskvada Sov. İKP MK İctimai Elmlər Akademiyasının Ümumdünya siyasəti və beynəlxalq münasibətlər kafedrasının aspirantı olmuşdur. 1991-ci ilin iyununda "Misirin SSRİ və ABŞ ilə münasibətdə siyasəti (1970–1980-ci illər)" mövzusunda dissertasiya müdafiə etmiş, tarix elmlər namizədi adını almışdır. 1991-ci ilin iyulundan dekabr ayındadək müvəqqəti işləməmişdir.

 

1991-ci ilin dekabr ayından 1995-ci ilin may ayındadək Yevlax şəhər İcra Hakimiyyəti Başçısının humanitar məsələlər üzrə müavini işləmişdir. 1995-ci ilin may ayından Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin (2001-ci il apreldən 2006-cı il fevraladək Gənclər, İdman və Turizm) Beynəlxalq əlaqələr idarəsinin rəisi, şöbə müdiri işləmişdir. 2005–2007-ci illərdə Avropa Şurası İdmanın İnkişafı Komitəsinin Buro üzvü seçilmişdir.

 

 2007-ci ildə onun əvəzinə təsis edilmiş Avropa Şurası İdman üzrə Genişlənmiş Hüdudlu Sazişin İdarəetmə Şurasının 2008–2009-cu illər və 2010–2011-ci illər üçün Büro üzvü seçilmişdir. 2001-ci ildən Milli Olimpiya Komitəsinin üzvü seçilmişdir. 2017-ci ildə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru təyin edilib.  Yeni Azərbaycan Partiyasının üzvüdür.

 

Pekin 2008 XXIX, London 2012 XXX, və Rio de-Janeiro 2016 XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan İdman nümayəndə heyətinin rəhbəri (Şef de Mission) olmuşdur. Bakı 2015 I Avropa Oyunları (2015 Avropa Oyunları)Təşkilat Komitəsinin katibi olmuşdur. 1997-ci ildən başlayaraq Avropa Şurası İdmanın İnkişafı Komitəsi, Gənclər üzrə Hökumətlərarası İdarəetmə Komitəsi iclaslarında, Avropa Şurası İdman nazirlərinin, Gənclər nazirlərinin konfranslarında, Beynəlxalq Olimpiya Komitəsinin, Avropa Olimpiya Komitəsinin Assambleyasının seminarlarında, İslam Əməkdaşlıq Təşkilatının İdman və Gənclər nazirlərinin konfransında və iclaslarında müntəzəm iştirak etmişdir.

 

8 ildir ki, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsini icra edir.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox