Bu gün region məktəblərində müəllimlərin bir çoxu müddətli müqavilə ilə çalışır. Müşahidələrimizə əsaslanaraq deyə bilərik ki, hər il fərqli müəllimlərin məktəbdə dərs deməsi şagirdlərin müəllimə və dərslərə adaptasiya olma müddətini uzadır. Bu isə dərs prosesinə öz təsirini göstərir.
Bu problemin qarşısını almaq üçün müəllimlərə hansı şərait yaradılmalıdır ki, müəllim region məktəbinə müddətli müqavilə ilə yox, daimi iş üçün müraciət etsinlər?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlu qeyd edib ki, regionlarda müəllimlərin tez-tez yerdəyişməsi şagirdlərin müəllimə və dərsə adaptasiya olmasında ciddi problemlər yaradır:
"Müəllimlərin işə qəbulu imtahanı keçirilir. Həmin müsabiqənin nəticəsinə əsasən, müəllimlər seçimə buraxılırlar. Bu zaman onlar topladıqları ballara uyğun olaraq 8 vakant yer seçirlər. Görürük ki, Bakıda yaşayan müəllim Bakı şəhərini, rayonda yaşayan müəllim də şəhəri seçir. Lakin bəzən regionlara düşən müəllimlər işləmir və yaxud elə ərazilərdəki vakant yerlər tutulmur, boş qalır. Elə yerlərə müddətli, yəni birillik müqavilə ilə müəllim tapılır. Bəzən isə birinci yarımil yekunlaşır, lakin indi-indi müəllim təyin edilir”.
Ekspert qeyd edib ki, regionlara təyin olunan müəllimlərin, xüsusilə təsviri incəsənət, musiqi və fənn müəllimlərinin çoxu düşünür ki, bir il region məktəbində işləyib, növbəti il MİQ imtahanında daha yüksək bal toplayaraq başqa yerə keçərlər:
“Müəllimlərin tez-tez yerdəyişməsi isə şagirdlərin müəllimə və dərsə adaptasiya olmasında ciddi problemlər yaradır. Bu kimi hallarda yaxşı olardı ki, həmin ərazidə yaşayan və müsabiqə şərtlərini ödəmiş müəllimlər boş plan yerlərinə cəlb edilərək daimiləşdirilsin. Çünki həmin müəllimlər şagirdləri tanıyır, əraziyə bələddir. Yaxşı olardı ki, məhz bu müəllimlərə müraciət edilərək onların işləri daimiləşdirilsin.
Məsələn, nəyə görə Yardımlıda yaşayan müəllim Qazaxa, Qazaxda yaşayan müəllim isə Yardımlıya təyin olunmalıdır? 5-10 balın fərqi təhsilə heç nə qazandırmır, əksinə, təhsildə boşluq yaradır".