Cəmiyyətin inkişaf tempinə uyğun olaraq təhsil sektorunda da gənc mütəxəssislərin rolu durmadan artır. Bu baxımdan 25-30 yaş aralığında olan müəllimlərin fəaliyyəti xüsusi diqqət mərkəzindədir. Belə ki, bu yaş kateqoriyasına daxil olan təhsilverənlər adətən, təzə ali məktəb məzunları və ya iş fəaliyyətinin ilk mərhələsində olan müəllimlərdir. Onların peşəyə yanaşması, motivasiya səviyyəsi və ixtisas seçimi təhsilin keyfiyyətinə birbaşa təsir göstərir.
Maraqlıdır, yaş həddi 25-30 arasında olan müəllimlərin ümumi sayı nə qədərdir?
Mövzu ilə bağlı AzEdu.az Quba-Xaçmaz Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq bildirilib ki, Siyəzən rayonunda 79 nəfər müəllim fəaliyyət göstərir:
"Belə ki, onların ixtisasları əsasən Azərbaycan dili, xarici dil və riyaziyyat fənləri üzrədir. Xaçmaz rayonunda 189 nəfər müəllim var. Onların ixtisas sahələri əsasən Azərbaycan dili, təsviri incəsənət, biologiya, coğrafiya, tarix və informatika fənlərini əhatə edir. Şabran rayonunda isə 70 nəfər müəllim çalışır. Bu müəllimlər arasında kimya, fizika, ibtidai sinif, ingilis dili və fiziki tərbiyə fənləri üzrə ixtisaslaşan pedaqoqlar üstünlük təşkil edir.
Quba rayonu üzrə isə 412 müəllim fəaliyyət göstərir. Riyaziyyat, ibtidai sinif, xarici dil və Azərbaycan dili və ədəbiyyatı fənn üzrə müəllimlər daha çox üstünlük təşkil edir".
Qeyd edək ki, ölkə üzrə təxminən 300 minə yaxın təhsilverən fəaliyyət göstərir.