Son illərdə məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yenidən qurulması və yeni bağçaların tikintisi istiqamətində mühüm addımlar atılıb. Regionlarda fəaliyyət göstərən bağçaların əksəriyyəti əsaslı təmir olunub, uşaqların təlim-tərbiyəsi və sosial inkişafı üçün müasir standartlara uyğun şərait yaradılıb.
Belə ki, təhsilin erkən mərhələsində uşaqların inkişafına önəm verən dövlət proqramları çərçivəsində məktəbəqədər təhsil sisteminin əhatəliliyinin artırılması da prioritet istiqamətlərdən biridir.
Hazırda regionlarda neçə bağça fəaliyyət göstərir?
Mövzu ilə bağlı AzEdu.az Qazax-Tovuz Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.
İdarədən sorğumuza cavab olaraq bildirilib ki, ümumilikdə 158 bağça fəaliyyət göstərir:
"Belə ki, Şəmkir rayonu üzrə 50, Tovuz rayonu üzrə 40, Gədəbəy rayonu üzrə 8, Qazax rayonu üzrə 26 və Ağstafa rayonu üzrə 34 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir".
Həmçinin onu da qeyd edək ki, bağçaların sayı ötən illə eynilik təşkil edir.