Son illərdə məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yenidən qurulması və yeni bağçaların tikintisi istiqamətində mühüm addımlar atılıb. Regionlarda fəaliyyət göstərən bağçaların əksəriyyəti əsaslı təmir olunub, uşaqların təlim-tərbiyəsi və sosial inkişafı üçün müasir standartlara uyğun şərait yaradılıb.
Belə ki, təhsilin erkən mərhələsində uşaqların inkişafına önəm verən dövlət proqramları çərçivəsində məktəbəqədər təhsil sisteminin əhatəliliyinin artırılması da prioritet istiqamətlərdən biridir.
Hazırda regionlarda neçə bağça fəaliyyət göstərir?
Mövzu ilə bağlı AzEdu.az Qarabağ Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.
İdarədən sorğumuza cavab olaraq bildirilib ki, ümumilikdə 168 bağça fəaliyyət göstərir:
"Belə ki, Ağcabədi rayonu üzrə 36, Ağdam rayonu üzrə 29, Ağdərə rayonu üzrə 3, Bərdə rayonu üzrə 33, Füzuli rayonu üzrə 33, Tərtər rayonu üzrə 27, Xocalı rayonu üzrə 2, Xankəndi rayonu üzrə 1 və Xocavənd rayaonu üzrə isə 4 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir".