Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq üçün qabiliyyət imtahanlarına qeydiyyat linki 2-3 sentyabr tarixlərində yenidən aktiv edilir.
DİM-dən AzEdu.az-a verilən məlumata görə, əvvəlki qeydiyyat tarixlərində qabiliyyət imtahanında iştirak üçün qeydiyyatdan keçib imtahan komissiyalarını təsdiq etmiş abituriyentlər (subbakalavrlar) qeydiyyatdan keçə bilməzlər.
Musiqi sənəti, teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə xüsusi qabiliyyət imtahanlarında iştirak edən abituriyentlər buraxılış vərəqələrini çap edərkən ixtisaslarına uyğun proqram formalarını da çap etməlidirlər. Abituriyent ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir. Buraxılış vərəqələri qeydiyyat prosesi başa çatandan sonra Mərkəzin saytına yerləşdiriləcək.
Xatırladaq ki, ali və ya 11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat 7 – 21 avqust tarixlərində həyata keçirilib.