“Övladlarınızı travmadan, düşməkdən, yıxılmaqdan, isti sudan, iti uclu əşyalardan qoruyun".
Bu sözləri AzEdu.az-a açıqlamasında pediatr, Günay Rəsulova söyləyib.
Dərmanlar əlçatmaz yerdə saxlanılmalıdır
“Udula biləcək yad cisimləri, sürüşən konfetlər, tumlu, sərt qabıqlı meyvələr,qəpik, düymə və s. kimi ani boğulma verə biləcək şeyləri uşaqlardan uzaq tutun.
Nənə- baba ilə yaşayan ailələr, nənə babanın təzyiq, şəkər və s dərmanlarını uşaqların əli çatmayan yerlərdə saxlayın. “Xodinok” ən çox travma səbəbi olduğu üçün, qoymamağa çalışın”.
Hündür mərtəbədə yaşayan valideynlər üçün xəbərdarlıq
“Təzə oturan, yerində fırlanan uşaqları 360 dərəcə hər tərəfə düşə bilmə ehtimalını hesablayın, sonra oturdun və ya uzadın”, - deyə müsahibimiz qeyd edib:
“Hündür mərtəbəli evlərdə yaşayan valideynlər, xüsusilə analar, lütfən daim diqqətli olun. Pəncərə və balkonların uşaq üçün təhlükə mənbəyi ola biləcəyini unutmayın. Qonaq getdiyiniz yüksək mərtəbəli mənzillərdə də bu riskləri nəzərə almağınız vacibdir. Körpə uşaqların daim yanında olun, bir an belə nəzarətsiz qoymayın.
Ev şəraitində uşağa iynə vurmaq və ya digər tibbi müdaxilələr etmək tövsiyə olunmur. "Heç nə olmaz" kimi laqeyd yanaşmalar ağır nəticələrə səbəb ola bilər. Təəssüf ki, bəzən bu cür səhlənkarlığın fəsadları sonradan peşmanlıqla nəticələnir.
Evə körpədən böyük yaşlı uşaq varsa, onları da nəzərdən qaçırmayın. Körpələri digər uşaqlarla tək qoymaq təhlükəli ola bilər. Ən əsası, unutmayın: övladlarınızın təhlükəsizliyindən daha vacib heç bir iş və ya məşğuliyyət yoxdur".