Azedu.az

Şagirdlərin psixoloji sağlamlığını necə qorumaq olar? - Təzyiq yox, dəstək...

Psixoloji xidmət

5 Mart 2025, 11:12
Şagirdlərin psixoloji sağlamlığını necə qorumaq olar? - Təzyiq yox, dəstək...

Müasir təhsil sistemi şagirdlərdən yüksək akademik nailiyyətlər gözlədiyi üçün onların üzərində ciddi psixoloji təzyiqlər yaranır. Valideynlərin və müəllimlərin daim uğur tələbi qoyması şagirdlərdə mükəmməllik sindromu formalaşdıra, bu isə onların psixi sağlamlığına mənfi təsir göstərə bilər.

 

Akademik göstəricilər önəmli olsa da, psixoloji rifahın nəzərə alınmaması ciddi problemlərə səbəb olur. Bəs, şagirdlərin bu təzyiqlərlə daha sağlam şəkildə mübarizə aparması üçün hansı addımlar atılmalıdır?

 

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən psixoloq Nizami Orucov qeyd edib ki, davamlı uğurlu olacağına, olmalı olduğuna inandırılan hər şagird bir müddət sonra özünü sübut etmə məcburiyyəti hiss etməyə başlayır:

156126

“Şagird və tələbələrdə bu mükəmməliyyətçi və yüksək gözlənti hallarını yaradan əsas faktorlar ailə və məktəb mühitidir. Çünki heç bir uşaq kiçik yaşlardan öz-özünə belə bir yanaşma formalaşdıra bilməz. Davamlı uğurlu olacağına, olmalı olduğuna inandırılan hər şagird zamanla özünü sübut etmə məcburiyyəti hiss edir. Daha sonra daxili tənqidçi işə düşür və “Niyə mən bunu edə bilmədim? Niyə bacarmadım? Niyə məhz bu şəkildə etmədim?” kimi sərt yanaşmalar ortaya çıxır. Beləliklə, nəticədə psixoloji gərginlik artır və bədbəxt hadisələr yaşana bilir. Çünki uşaqlıqdan etibarən bu şagirdlərə uğur həyatda yeganə məqsəd kimi təlqin edilib, onların əsas diqqəti yalnız buna yönəldilib".

 

Psixoloq vurğulayıb ki, valideynlər bilməlidirlər ki, onların övladlarına dediyi hər söz, göstərdiyi hər yanaşma zamanla uşağın özünü dəyərləndirmə tərzinə çevrilir:

 

“Uşaq bu fikirləri həyatının doğrusu kimi qəbul edir. Özünü təsdiqləməli olduğu situasiyada bunu edə bilmədikdə, valideynini məyus etdiyini düşünərək özünü uğursuz və günahkar bilir. Nəticədə isə ağır psixoloji problemlərlə üzləşir. Bunun qarşısını almaq üçün əsas məsələ düzgün maarifləndirmədir. Bu məqsədlə məktəb kollektivi, məktəb psixoloqları, valideynlər və şagirdlər arasında sıx emosional və maarifləndirici əlaqələr qurulmalıdır. Doğru bilinən yanlışlar düzəldilməli, ailələrə düzgün yanaşmalar öyrədilməlidir. Eyni zamanda, psixoloji dəstək tədbirləri təşkil olunmalıdır".

İstefa ərizəsi molla rejimini silkələdi - İran çalxalanır
Son xəbərlərDaha çox