Azedu.az

İşğaldan azad edilmiş ərazilərdə 300-dən çox şəxs peşə hazırlığına cəlb olunub

Peşə Təhsili

14 Oktyabr 2025, 12:21
İşğaldan azad edilmiş ərazilərdə 300-dən çox şəxs peşə hazırlığına cəlb olunub

İşğaldan azad edilmiş ərazilərdə peşə hazırlığı kurslarının təşkili üçün xüsusi güzəştlər və təşviq mexanizmləri tətbiq olunur.

AzEdu.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya” mövzusunda keçirilən tədbirin “Azərbaycanın dayanıqlı inkişafı üçün təhsilə investisiya” adlı panel müzakirəsində deyib.

O bildirib ki, Dövlət Məşğulluq Agentliyi həmçinin işğaldan azad edilmiş ərazilərdə də təhsil və məşğulluq təşəbbüsləri ilə çıxış edir:

"Xüsusi olaraq qeyd etmək istərdim ki, işğaldan azad edilmiş ərazilərdə agentliyimiz tərəfindən peşə hazırlığı kurslarının təşkili üçün xüsusi güzəştlər və təşviq mexanizmləri tətbiq olunur. İşğaldan azad edilmiş ərazilərdə peşə hazırlığının təşkilini stimullaşdırmaq və ixtisaslaşmış təlim müəssisələrini regiona cəlb etmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının qərarı ilə adambaşına düşən vəsaitə 20% əlavə tətbiq edilir. Bundan əlavə, Qarabağ Peşə Hazırlığı Mərkəzi özəl təlim müəssisələri ilə birgə regionun ehtiyaclarına uyğun olaraq birgə təlimlər təşkil edir, öz infrastrukturundan işəgötürənlər üçün geniş istifadəyə imkan yaradır. Bu regionlarda infrastrukturun bərpası ilə yanaşı, insan kapitalının bərpası da prioritet istiqamətlərdəndir:

O qeyd edib ki, hazırda bu ərazilərdə 300-dən çox şəxs peşə hazırlığı proqramlarına cəlb olunub və bu proses mərhələli şəkildə genişlənir: 

"Bu həm regionların sosial dirçəlişinə, həm də dayanıqlı məşğulluq ekosisteminin formalaşmasına xidmət edir. Təhsil və insan kapitalına qoyulan investisiya fəaliyyəti kimi daha bir istiqamətə diqqətinizi çəkmək istəyirəm. Agentliyimizin Mərkəzi Karyera Filialı vətəndaşların, xüsusilə də yeniyetmə və gənclərin karyera inkişafı, peşə seçimi və bacarıqlarının inkişafı istiqamətində sistemli xidmətlər göstərməklə ömürboyu öyrənmənin davamlılığını təmin edir. Bu məqsədlə MKF tərəfindən layihələr həyata keçirilir, forumlar, sammitlər və karyera festivalları təşkil olunur. Bu tədbirlərdə gənclər öz potensiallarını və maraqlarını tanımaq imkanı əldə edirlər; əmək bazarının tələblərinə uyğun ixtisas və bacarıqlar öyrənirlər; nəticədə öz gələcək təhsil seçimlərini təsadüfi deyil, qanunauyğun şəkildə edirlər. Bütün bunlar gənclərin, tələbələrin və işaxtaran şəxslərin peşə, bacarıq və karyera planlaması sahəsində bilik və bacarıqlarına sərmayə qoyulması deməkdir. Bununla da MKF insan kapitalının formalaşmasında birbaşa iştirak edir", – deyə Sadiq Əliyev əlavə edib.

Putin Paşinyanla mübahisə etdi - Xəbəriniz Var?
Son xəbərlərDaha çox