Azedu.az

Bacarıq ali məktəb diplomundan önə keçə bilər?

Peşə Təhsili

5 Sentyabr 2025, 12:29
Bacarıq ali məktəb diplomundan önə keçə bilər?

İşəgötürənlər kollec məzununa etimad göstərməkdə tərəddüd edir

Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib.

167222

Müsahibimiz qeyd edib ki, ali diplom çox vaxt sadəcə bir kağız deyil, həm də müəyyən zəmanət və intellektual hazırlıq göstəricisidir:

"Bu mövzu cəmiyyətimizdə illərdir müzakirə olunur və sosial şəbəkələrdə gündəmə gəlməsi təsadüfi deyil. Bir tərəfdən deyirik ki, bacarıqlı, təcrübəli insan öz sahəsində ali təhsillidən daha yaxşı nəticə verə bilir. Həqiqətən də reallıqda belə nümunələr var. Məsələn, ustalıq, texniki xidmət, İT sahəsi, dizayn, hətta menecmentdə çox istedadlı şəxslər ali təhsili olmadan da uğur qazana bilir. Onların təcrübəsi bəzən nəzəri bilikdən qat-qat üstün olur. Cəmiyyət də haqlı olaraq sual verir ki, əgər bu şəxs işini daha yaxşı bilirsə, niyə diplom onun qarşısında maneəyə çevrilməlidir?

Digər tərəfdən isə işəgötürənin mövqeyi var. Ali diplom sadəcə bir kağız deyil, həm də müəyyən zəmanət və intellektual hazırlıq göstəricisidir. Universitet təhsili insana yalnız peşə bilikləri vermir, həm də üfüq genişliyi, analitik düşüncə və ünsiyyət bacarığı qazandırır. Məhz bu səbəbdən işə qəbul prosesində diplom bir süzgəc rolunu oynayır və işəgötürən namizədin müəyyən səviyyədə bilik və təfəkkürə malik olduğunu düşünür. Yəni bu tələb tamamilə əsassız deyil".

Hər kəsə universitet oxumaq lazım deyil:

"Azərbaycan reallığında əsas problem ondan ibarətdir ki, peşə və kollec təhsili hələ də cəmiyyətdə ali təhsil qədər dəyər qazanmır. Təəssüf ki, peşə məktəblərində verilən biliklər əmək bazarının ehtiyaclarını tam qarşılamır, təcrübə imkanları zəifdir və nəticədə işəgötürənlər kollec məzununa etimad göstərməkdə tərəddüd edir. Halbuki bu sahə gücləndirilsəydi, bu gün hər bir iş üçün ali diplom tələb olunmazdı. Çünki hər kəsə universitet oxumaq lazım deyil. Cəmiyyətimizdə yanlış yanaşma var ki, yalnız ali təhsil uğurun açarıdır. Amma inkişaf etmiş ölkələrdə görürük ki, güclü peşə təhsili sisteminə malik olan şəxslər iş bazarında rahat özünə yer tapır.

Əslində düzgün yanaşma bundan ibarət olmalıdır: hər bir iş üçün ən vacib kriteriya bacarıqdır. Əgər bir şəxs praktik bilik və uzun illərin təcrübəsi ilə işini yüksək səviyyədə görürsə, onun diplomu yoxdursa belə, dəyəri azalmamalıdır. Amma bu, diplomun tamamilə arxa plana keçirilməsi demək deyil. Akademik baza olmadan yalnız təcrübə bəzən kifayət etmir. Xüsusilə idarəetmə, elmi araşdırma, dövlət idarəçiliyi kimi sahələrdə həm nəzəri bilik, həm də praktik bacarıq birlikdə tələb olunur".

Dövlət peşə və kollec təhsilinə daha çox sərmayə qoysa, işəgötürənlərlə məktəblər arasında əməkdaşlıq güclənsə, məzunlar real bacarıqlarla yetişsə, gələcəkdə iş bazarında əsas meyar diplom yox, bacarıq olacaq:

"Günün reallığı budur: Azərbaycanda hələ bir çox sahədə ali diplom formal şərt olaraq qalacaq. Çünki işəgötürənlər kollec məzunlarını lazımi qədər güvənli hesab etmir. Ancaq bu proses dəyişə bilər və dəyişməlidir. Əgər dövlət peşə və kollec təhsilinə daha çox sərmayə qoysa, işəgötürənlərlə məktəblər arasında əməkdaşlıq güclənsə, məzunlar real bacarıqlarla yetişsə, onda gələcəkdə iş bazarında əsas meyar diplom yox, bacarıq olacaq.

Bu gün cəmiyyətin istəyi budur: diplom sadəcə formal sənəd kimi yox, real bilik və bacarığın göstəricisi olsun. Əks halda yalnız kağız üzərində olan ali diplom işə yararlı olmur və işəgötürən də bu fərqi görür. Yəni məsələ diplomun olub-olmamasında yox, onun arxasında dayanan keyfiyyətdədir".

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox