Azedu.az

Peşə təhsili: Gənc qızların yeni imkanı

Peşə Təhsili

24 İyul 2025, 14:12
Peşə təhsili: Gənc qızların yeni imkanı

Son illərdə Azərbaycanda təhsil sistemində baş verən müsbət dəyişikliklərdən biri də peşə təhsilinə olan marağın artmasıdır. Xüsusilə diqqət çəkən məqamlardan biri isə qızların peşə təhsilinə üz tutma meylinin güclənməsidir. Ənənəvi olaraq daha çox oğlanlara xas sayılan texniki və sənət yönümlü sahələrdə bu gün qızlar da aktiv şəkildə təmsil olunurlar.

Bu faktı Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov da təsdiqləyir. Onun sözlərinə görə, qadınların peşə təhsilində iştirakı 2021-ci illə müqayisədə yüksəlib. 2021-ci ildə 29.6 faiz olmuşdursa, bu rəqəm 2025-ci ildə 40 faizə çatıb: “Lənkəran Dövlət Peşə Təhsili Mərkəzində ilk dəfə qadın məzunların sayı 50 faizə çatıb”.

Peşə təhsili konkret bir sahəyə ixtisaslaşmanı təmin etdiyindən, məzunlar əmək bazarına daha tez və hazırlıqlı şəkildə daxil ola bilirlər. Xüsusilə turizm, kosmetologiya, dizayn, kulinariya, informasiya texnologiyaları və tibb texnikumlarında təhsil alan qızların gələcəkdə iş tapmaq şansı yüksəkdir.

Əvvəllər peşə təhsili daha çox ikinci dərəcəli sayılırdı. Amma bu gün valideynlər və şagirdlər arasında "bacarıqlı olmaq diplomdan önəmlidir" fikri yayılmağa başlayıb. Qızlar öz ayaqları üzərində durmaq, tez müstəqil olmaq və sevdikləri sahədə işləmək üçün bu təhsil formasını seçirlər.

Son illər peşə təhsili sahəsində ciddi islahatlar aparılır. Müasir avadanlıqla təchiz olunmuş tədris mərkəzləri, təcrübə proqramları və beynəlxalq əməkdaşlıqlar qızların marağını artırır. Artıq bu məktəblərdə yalnız texniki deyil, yaradıcılıq və sənət yönümlü ixtisaslar da tədris olunur.

Peşə təhsili alan qızların daha çox üstünlük verdiyi ixtisas sahələri dərzi, moda dizaynerliyi, aşpazlıq və qida texnologiyası, kosmetologiya və gözəllik xidməti, turizm, otelçilik və.s.

Bəzi texniki sahələrdə, məsələn, avtomobil təmiri, elektronika və mühəndis köməkçisi ixtisaslarında da artıq qızlar təhsil almağa başlayır ki, bu da gender stereotiplərinin zəiflədiyinin göstəricisidir.

Artıq Azərbaycanda peşə təhsili alıb öz biznesini quran və ya beynəlxalq şirkətlərdə işləyən çox sayda gənc qız var. Onların uğuru cəmiyyətə, xüsusən də yeniyetmə qızlara ilham verir və sübut edir ki, bacarıqla gələcək qurmaq mümkündür – diplomun adı yox, sahibinin nəyi bacardığı önəmlidir.

Peşə təhsilinə yönələn qızların sayının artması yalnız təhsil sahəsində deyil, bütövlükdə cəmiyyət üçün mühüm bir inkişaf göstəricisidir. Bu tendensiya qadınların iqtisadiyyatda daha fəal iştirakına, daha erkən müstəqillik qazanmalarına və gender bərabərliyinin möhkəmlənməsinə xidmət edir. Gələcəyin ixtisaslı, öz işinin ustası olan qadınları bu gün peşə məktəblərində formalaşır.

Peşə məktəbində aşbazlığın sirlərini öyrənən Ləman Musayeva deyir ki, əvvəlcə ailəsi onun universitetə getməyimi istəyib: “Amma mən seçimimi peşə təhsilindən yana etdim. İndi aşpazlıq üzrə təhsil alıram və bu sahədə özümü inkişaf etdirmək istəyirəm. Təcrübə dərslərimiz çox maraqlı keçir, artıq real restoranda işləməyə başlamışam. Bacardığım bir işin içində olmaq mənə güvən verir. Hər qızın öz sahəsində uğur qazanmaq hüququ var – bu, tək universitetlə olmur.”

Peşə məktəbində dərs deyən müəllim Səmayə Babalının sözlərinə əsasən, illər əvvəl qızların peşə təhsilinə marağı az idi, ancaq son 5 ildə vəziyyət dəyişib: “Onlar indi daha motivasiyalı, daha məqsədyönlü şəkildə gəlirlər. Xüsusilə texniki və dizayn sahələrinə maraq artır. Qızlar bu məktəblərdə təkcə peşə öyrənmirlər, həm də sosial bacarıqlar, özünəinam və komanda işində təcrübə qazanırlar. Bu, onların həyat yolunu dəyişir”.

Müəllim vurğulayıb ki, onlar qızların texniki və xidmət sahələrində daha çox təmsil olunmasından çox məmnundurlar: " Peşə təhsili almış qız əməkdaşlarımız işə daha məsuliyyətli və bacarıqlı yanaşır. Xüsusilə aşpazlıq, qrafik dizayn və tibbi sahələrdə peşə məktəblərindən məzun olan qızlar sürətlə inkişaf edirlər. Universitet məzunu olmayan, amma işinin ustası olan gənclərə ehtiyacımız çoxdur.”

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, son illər Azərbaycanda peşə təhsilinə olan münasibət dəyişməkdədir. Əvvəllər bu sahə daha çox oğlanlara və akademik uğursuzluq yaşayanlara yönəlmiş kimi qəbul edilirdisə, bu gün artıq peşə məktəbləri innovativ tədris, texniki baza və əmək bazarına uyğun ixtisaslarla diqqət çəkir. Ən sevindirici hal odur ki, qızların bu sahəyə marağı sürətlə artır. Onlar təkcə ənənəvi qadın peşələri deyil, informasiya texnologiyaları, elektronika, mühəndis köməkçisi kimi sahələrə də üz tuturlar: “Bu dəyişiklik həm gender bərabərliyi, həm də iqtisadi müstəqillik baxımından çox önəmlidir. Qızlar daha gənc yaşlarından əmək bacarığı əldə edir, müstəqil qərarlar verir və gələcək karyeralarını özləri qurmağa başlayırlar. Peşə təhsilində aldığımız qızlar artıq universitet diplomuna ehtiyac duymadan öz sahəsində mütəxəssis kimi yetişir. Bu, həm ailələr üçün, həm də ölkənin ümumi inkişafı üçün böyük üstünlükdür”.

Peşə təhsili qızlara praktiki bacarıqlar qazandırır və onlara real iş imkanları yaradır. Cəmiyyət və ailələr bu dəyişimi dəstəklədikcə, yaxın illərdə bu rəqəmlərin daha da artacağını proqnozlaşdırmaq mümkündür. Qızların peşə təhsilinə marağının artması təhsilin daha funksional və praktik olmasına yönəlmiş yeni yanaşmaların nəticəsidir. Peşə təhsili artıq yalnız zəif oxuyanlar üçün deyil, gələcəyini tez qurmaq istəyən, bacarığı ilə işləmək və özünə güvənən gənclər üçün cəlbedicidir. Qızlar bunu anlayır və müasir sahələrdə - dizayn, kulinariya, texnologiya və səhiyyə üzrə peşə məktəblərinə axın edir. Bu çox ümidverici tendensiyadır.

Nərmin Qarazadə

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox