"Peşə təhsili ilə bağlı Ceyhun müəllimin ictimaiyyəti məlumatlandırdığı məsələlərə diqqət yetirsək, bu qəbul ilində peşə təhsilinə olan plan yerlərinin artırılması qeyd olundu. Həmçinin bəzi ixtisaslar üzrə peşə təhsilinə olan tələbatın artması, digərlərində isə azalması müşahidə olunur".
Bu fikri AzEdu.az-a açıqlamasında ixtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev qeyd edib. Ekspert bildirib ki, artmanın əsas səbəbi texnologiya və süni intellektlə bağlı sahələrə marağın artmasıdır: "Kompüter yönümlü, informasiya texnologiyaları sahələrindəki artan maraq bu ixtisaslara qəbul sayını da yüksəldir. Əksinə, bəzi sahələrdə, məsələn, toxuculuq və tikiş sahələrində maraq azalır. Bunun əsas səbəbi isə texnoloji avadanlıqların artıq insan əməyini əvəz etməsidir. Tək bir texnoloji cihazla 20-30 nəfərlik işçi qüvvəsinin əvəz olunması bu sahəyə marağı azaldır".
Bundan əlavə, peşəkar olmayan ustaların xidmət göstərməsi də ciddi problemdir
"Digər vacib məsələ isə peşə təhsili alanların hərbi xidmətə çağırılmasıdır. Abituriyentlər peşə təhsili aldıqdan sonra hərbi xidmətə gedir, geri döndükdə isə bir çoxu təhsilini davam etdirmək istəmir və əmək bazarına qoşulmağa çalışır. Bunun qarşısını almaq üçün peşə təhsili alanlara da möhlət hüququ verilməsi məqsədəuyğundur. Bunun üçün qanunvericilikdə dəyişikliklər edilməlidir.
Bundan əlavə, peşəkar olmayan ustaların xidmət göstərməsi də ciddi problemdir. Hər hansı bir şəxs sadəcə əl qabiliyyətinə əsaslanaraq, "usta" adı ilə işləyir. Halbuki peşə təhsili alan və diplomlu mütəxəssislər bu işi görsə, həm vətəndaşların narazılığı azalacaq, həm də xidmətin keyfiyyəti artacaq. Eyni zamanda, bu şəxslər vergi ödəyicisi olacaq və dövlətə də fayda verəcək.
Bu problemlərin qarşısını almaq üçün peşə təhsili olmayan şəxslərin xidmət göstərməsinə məhdudiyyətlər tətbiq olunmalı və peşə təhsilinə sövq edilməlidirlər. Bu yolla həm sahədə çalışanlar keyfiyyətli kadr olacaq, həm də peşə təhsilinə maraq artacaq".