Müasir cəmiyyətdə uğur qazanmağın tək yolu ali təhsil deyil. Əksinə, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, peşə bacarıqları və praktik biliklər də insanın həm iqtisadi, həm də şəxsi inkişafında mühüm rol oynayır. Xüsusilə ali təhsil alma imkanı olmayan şəxslər üçün peşə təhsili alternativ yox, real və perspektivli bir seçimdir. Peşə təhsili yalnız bir sənət öyrətmir - o, insanlara müstəqil şəkildə işləmək, öz biznesini qurmaq və ya xarici ölkələrdə işləmək imkanı da yaradır. Dünyada minlərlə uğurlu insan - ustalar, dizaynerlər, proqramçılar, sənətkarlar və texniki mütəxəssislər - peşə təhsili ilə böyük uğurlar əldə ediblər.
Ali təhsil almaq imkanı olmayan insanlar üçün peşə təhsili yeni bir yol açır – həm iqtisadi müstəqillik, həm də şəxsi inkişaf baxımından. Vacib olan yalnız düzgün sahə seçmək, bacarıqları inkişaf etdirmək və davamlı öyrənməkdir. İstər kişi, istər qadın – hər kəs üçün uyğun peşə var. Unutmaq olmaz ki, sənəti olan heç vaxt işsiz qalmaz. Bu gün peşə təhsilini yüksək səviyyədə mənimsəyi bacaran şəxslər gələcəkdə iş tapmaqda çətinlik çəkməzlər. Oların arasında aktiv və daha bacarıqlıları isə daha irəli gedərək məşgul olduğu sahədə özəl təsərrüfat sahəsini qura bilər. Kiçik sahibkara çevrilə bilərlər. Bu zaman maraqlı bir mənzərə ilə qarşılaşmaq da mümkündür. Məsələn bu il ali məktəbə qəbul ola bilməyib, kədərlənən abuturiyentlər fərdi bacarıqları sayəsində sahibkara çevrilib, işə götürən rolunda çıxış edə bilərlər. Hazırkı vəziyyətdə proseslər bu istiqamədə gedir. Önəmli olan hansı ixtisasa qəbul olunmaq deyil, əsas olan qəbul olduğun peşəni necə mənimsəməkdir. Peşə məktəblərində elə ixtisaslar var ki, onları mükəmməl bilmək ali məktəblərin aktual olmayan ixtisaslarına yiyələnməkdən qat-qat üstündür. Çünki ali məktəbin həmin ixtisaslarına valideynlər və gənclər sadəcə görüntü üçün üz tutur, qeyri-peşəkar kimi oranı bitirir və diplom simvolik mahiyyət daşıyır. Amma peşə mərkəzlərində elə ixtisaslar var ki, bu gün oranı seçib, o peşəni sevərək yiyələnənlər sabahın böyük sənətkarları və ya kiçik sahibkarları olacaqlar.
Sumqayıt Peşə məktəbinin məzunu Elvin Hacıyevin sözlərinə görə, peşəyə yönəldiyi üçün peşman deyil: “Mən orta məktəbi bitirdikdən sonra ali məktəbə hazırlaşdım, amma qəbul ola bilmədim. Əvvəlcə ruhdan düşdüm. Sonra valideynlərimin də təşviqi ilə Peşə liseyinə sənəd verdim. Elektrik sahəsinə həmişə marağım olub, ona görə bu istiqaməti seçdim. İndi isə deyə bilərəm ki, bu, həyatımda verdiyim ən düzgün qərarlardan biridir. Peşə məktəbində həm nəzəri biliklər, həm də real iş təcrübəsi qazandım. Müəllimlərimiz də çox diqqətli idi. Təhsilin ikinci ilində artıq usta köməkçisi kimi işləyirdim. Bitirdikdən sonra isə özümə alətlər alıb sərbəst işləməyə başladım. İndi ayda ortalama 1500-2000 manat gəlirim var. Müştərilərim çoxalıb və kiçik usta briqadası da qurmuşam. Bəzən dostlarım deyir ki, “universitetə getmədin, amma işin var və bizdən daha çox qazanırsan”. Doğrudur - sənəti olan adam heç vaxt işsiz qalmır. Universitetə girmək alınmadı deyə həyat bitmir. Əsas odur ki, nəyi yaxşı bacarırsan – onu tap və inkişaf etdir. Peşə sahibi olmaq, öz ayaqların üstündə durmaq deməkdir”.
Peşə təhsili təkcə bu sahədə təhsil alanların özü üçün yox, həm də rəqabətqabiliyyətli iqtisadiyyatın və inkişaf etmiş cəmiyyətin formalaşmasında böyük əhəmiyyətə malikdir. Əmək bazarının tələblərinə uyğun kadr hazırlayan peşə təhsili sisteminin yaradılması xüsusi önəm kəsb edir. Peşə təhsili və təliminin ümumi iqtisadi inkişafdakı əhəmiyyətini nəzərə alaraq, bir çox ölkələr bu sahənin inkişafı üçün proqramlar hazırlayır və həyata keçirir.
Müasir dövrdə peşə təhsilinin ölkənin sosial-iqtisadi inkişafına təkan verən əsas amillərdən biri olması danılmazdır. Keyfiyyətli peşə təhsili fərdin peşəkar sahədə elmi-texnoloji biliklərini genişləndirir və onun mütəxəssis kimi formalaşmasına təkan verir. Bununla əlaqədar dövlət səviyyəsində peşə təhsilinin inkişafına istiqamətlənmiş tədbirlər əhalinin fəal hissəsinə yerli və beynəlxalq əmək bazarında dəyişikliklərə sürətlə reaksiya vermək imkanı yaradır.
Azərbaycanda da peşə təhsilinin inkişaf etdirilməsi prioritet istiqamət kimi müəyyən olunub. Bu sahədə peşəkar tədris prosesinin qurulması, əmək bazarının, o cümlədən, işəgötürənlərin tələbatlarına uyğun ixtisaslar üzrə kadr hazırlığının təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir. Qeyd edək ki, son dövrlər paytaxt Bakı ilə yanaşı, bölgələrdə də yeni peşə təhsili müəssisələri qurulur.
Elm və təhsil naziri Emin Əmrullayev deyir ki, peşə təhsilinə münasibət hər birimizin gözü önündə dəyişir: "Əvvəl 9-cu sinfi bitirən şəxs peşə məktəbinə qəbul olunandan sonra təhsil üçün başqa yerə gedə bilmirdi. Çünki ali təhsil almaq üçün mütləq məktəbə qayıdıb X-XI sinfi bitirməli idi”. Artıq peşə təhsilindən istəyən üçün əmək bazarına, həmçinin universitetə birbaşa yol var. Yetər ki, peşəkar ol. Çünki bu gün əmək bazarının tələbi diplomlu yox, bacarıqlı mütəxəssislərə, peşəkarlaradır. Onları da yetişdirməyin optimal yolları var. Tətbiqinə başlanan yeni maliyyələşmə mexanizminə görə, həmçinin həmin vəsait kadr harada yetişdirilirsə oraya yönəldiləcək.
Elm və təhsil nazirinin müavini İdris İsayev hesab edir ki, bu gün açılan yeni iş yerləri əvvəlkindən fərqlidir: "Burada yüksək texnologiyaların tətbiqindən, əmək məhsuldarlığının yüksək olmasından söhbət gedir. Bugünkü iş yerləri sadə deyil, işçilər daha müasir bilik və bacarıqlara sahib, eləcə də özəl sektorun tələblərinə cavab verən kadrlardır. Peşə təhsil sistemi də bu kimi çağırışlara hazır olmalı, imkanlardan istifadə etməlidir".
İKT, turizm-xidmət, avtomobil diaqnostikası, elektrik qaz qaynaqçısı, bərbər, avtomatika, dərzi, qrafik dizayner, aqroservis mütəxəssisi kimi ixtisaslar artıq uzun müddətdir ki, əmək bazarının dəyişməz tələbatı olaraq qarşımıza çıxır. Bu ixtisaslar həm də gənclərin ən çox yiyələnmək istədikləri ixtisaslardır. Son 3 ildə İKT sahəsi üzrə ixtisaslara - veb dizayner, kibertəhlükəsizlik, kompüter sistemlərində proqramlaşdırma ixtisaslarına böyük maraq müşahidə olunur. Dayə, qrimçi-pastijor, laborantmikrobioloq, moda dizaynı isə qızların ən çox maraq göstərdiyi ixtisaslardır. Qızlar həmçinin kimyəvi analiz laborantı, geyim üzrə dizayner, xalçaçı, kargüzar, tədbirlərin təşkilatçısı və qənnadçı, şirniyyatçı ixtisaslarına da seçim üstünlüyü verirlər. Gənclərin subbakalavr dərəcəsi verən yüksək peşə təhsilinə artan marağı isə onların ömürboyu öyrənmə imkanlarından yararlanacaqlarının əsas göstəricisidir. Bazarla təhsilalanların istəkləri isə həmişə üst-üstə düşmür.
Müasir dövrdə təhsil sisteminin əsas məqsədlərindən biri əmək bazarının tələblərinə uyğun kadr hazırlamaqdır. Bu məqsədə çatmaq üçün təhsilin müxtəlif pillələri – ali və peşə təhsili – özünəməxsus funksiyaları yerinə yetirməlidir. Lakin bəzi hallarda ali məktəblərdə tədris olunan ixtisasların eyni və ya oxşar formalarının peşə məktəblərində də təkrarlanması müşahidə olunur Bu gün ali təhsil müəssisələrində mövcud olan ixtisasların bəziləri peşə məktələrində təkrarlanır. Doğurdanmi buna ehtiyac var. Məsələn, əksər peşə məktəblərində mühasib ixtisası var. Ali məktəblərin mühasib üzrə qəbul planına baxsaq görərik ki, yetərincə bu kadrlar yedişdirilir və bəzi ali məktəblərin yetişdirdiyi kadrlar rəqabətdə uduzur, iş tapa bilmir. Çünki müasir mühasibatlıq, artıq o dərəcədə inkişaf edib ki, bu kompitensiyalara heç bəzi ali məktəblərdə nail olmaq mümkün deyil, o ki qaldı, peşə təhsil mərkəzlərində.
Ali təhsil daha çox elmi, nəzəri biliklərə əsaslanaraq mütəxəssis və alimlər yetişdirir. Peşə təhsili isə praktiki bacarıqlara söykənərək, müəyyən sahədə dərhal işləyə biləcək texniki kadrlar hazırlayır.
Eyni ixtisasların hər iki təhsil pilləsində verilməsi, bu sərhədlərin qarışmasına və təhsilin funksional bölgüsünün pozulmasına, tədris resurslarının təkrarlanmasına, kadr ehtiyacının düzgün qiymətləndirilməməsinə, əmək bazarında ixtisas üzrə rəqabət balansının pozulmasına səbəb ola bilər.
Məsələn, “İnformasiya texnologiyaları” adlı ixtisas həm universitetdə, həm də peşə məktəbində varsa, bu zaman həmin sahədə praktiki və nəzəri biliklərin qarışması problemi ortaya çıxır.
Peşə məktəbləri daha çox qısa müddətdə iş bacarığı qazanmaq istəyənlərə, tezliklə əmək bazarına daxil olmaq istəyənlərə, ali təhsilə imkanı və ya marağı olmayanlara yönəlikdir.
Ali təhsil müəssisələri isə elmi araşdırma və dərin nəzəri biliklərə sahib olmaq istəyənlərə, peşəkar mütəxəssis, menecer və ya tədqiqatçı olmaq istəyənlərə yönəlib. Bu iki fərqli auditoriyanın eyni ixtisaslarla yüklənməsi, həm tədrisin keyfiyyətinə, həm də diplomların dəyərinə mənfi təsir edir.
Ali və peşə təhsili bir-birini tamamlamalı, lakin təkrarlamamalıdır. Hər təhsil pilləsinin öz missiyası və hədəfi vardır. Əgər ixtisaslar eyni qalarsa, bu zaman nə peşə təhsili praktik bacarıq verə bilər, nə də ali təhsil dərin elmi bilik qazandıra bilər. Bu səbəbdən ixtisasların düzgün bölgüsü - həm təhsil sisteminin effektivliyini, həm də ölkənin iqtisadi inkişafını təmin edən əsas şərtlərdən biridir.
Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, son illər peşə təhsil müəssələrinə bir qədər fərqli yanaşma var. Ölkəmizdə fəaliyyət göstərən peşə təhsil müəssisələri Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılandan sonra artıq işlərinə əvvəlki dövrlə müqayisədə daha ciddi yanaşırlar: “Buna da səbəb kimi Agentliyin yaranandan sonra bəzi müsbət qərarlar alması, qərarlardan biri də bəzi yüksək texniki peşələrə subbakalavr dərəcəsinin verilməsidir. Hansı ki, həmin dərəcəni alan şəxslər müvafiq olaraq ali təhsil müəssisələrinin müsabiqəsində imtahan vermədən, yəni müsabiqədə iştirak edə bilərlər. Bu isə artıq bəzi şəxslərin məhz peşə təhsil istiqamətində təhsil almalarını hardasa maraqlı edə bilir. O nöqteyi nəzərdən düşünürəm ki, bu yalnız yüksək texniki ixtisaslar deyil, digər ixtisaslara da tətbiq edilsə, o zaman peşə təhsili istiqamətində təhsil almaq istəyən gənclərin sayına da müsbət təsir etmiş olar. Əlbəttə,bu sualların formalaşmaması üçün düşünürəm ki, istər Peşə Təhsili üzrə Dövlət Agentliyi, istərsə də təhsil müəssisələri öz məzunlarının gələcəkdə əmək fəaliyyətinə başlaması ilə bağlı müvafiq qurumlarla əməkdaşlıq etməlidirlər. Yəni məzunlarının təcrübə keçmək və yaxud işə başlamaq imkanlarını mütləq diqqətdə saxlamalıdırlar. Belə olan halda, əlbəttə ki, peşə təhsili istiqamətinə maraq yarana bilər”.
Təhsil eksperti Kamran Əsədov deyir ki, uzun illər ərzində peşə məktəbləri “aşağı səviyyəli” və “az imkanlı” təhsil ocağı kimi qəbul olunub. Cəmiyyətin, xüsusən də valideynlərin, peşə məktəblərinə qarşı bu düşüncəsi təhsil sahəsində arzuolunan inkişafın qarşısını alır. Valideynlər düşünür ki, övladları ali təhsil almasa, cəmiyyətdə yaxşı yer tuta bilməz, bu səbəbdən, övladlarını peşə məktəbinə yönəltməkdən çəkinirlər: “İlk növbədə, peşə təhsilinə qarşı cəmiyyətdə mövcud olan mənfi münasibət bunun əsas səbəblərindən biridir. Peşə təhsilinə qarşı cəmiyyətdəki bu mənfi münasibət yalnız valideynlərə deyil, həm də işəgötürənlərə və dövlət qurumlarına aiddir. İşəgötürənlər peşə məktəbini bitirənləri işə götürməkdə çətinlik çəkir, çünki həmin şəxslərin praktiki biliklərinin zəif olduğunu düşünürlər. Bu isə, öz növbəsində, peşə məktəblərinin işçi qüvvəsinə uyğun tədris proqramlarının olmaması ilə bağlıdır. Tədris planlarının çox vaxt real iş mühitinə uyğun olmaması, tələbələrin öyrəndikləri bilik və bacarıqları iş yerində tətbiq etməkdə çətinlik çəkməsinə səbəb olur. Peşə məktəblərində tədris proqramlarının, avadanlıqların və təcrübə imkanlarının günümüzün tələblərinə uyğun olmaması da bu problemi daha da dərinləşdirir. Peşə məktəblərinin əksəriyyətində istifadə olunan texnologiyalar köhnəldiyindən tələbələr müasir iş bazarına hazır olmurlar. Nəticədə, məktəbi bitirənlər yalnız diplom əldə edir, lakin ixtisasın dərinliyini və incəliklərini tam öyrənmədən məzun olurlar”.
Kamran Əsədov vurğulayıb ki, bu problemlər peşə məktəblərinə qarşı maarifləndirmənin də az olması ilə birləşərək ciddi bir maneəyə çevrilir: “Peşə təhsilinin üstünlükləri, ixtisaslaşmanın faydaları və iş bazarındakı tələb-təklif haqqında yetərli məlumatın olmaması valideynləri və gəncləri ali təhsilə yönəltməyə vadar edir. Hər kəs ali təhsil alıb akademik biliklərə yiyələnməyə çalışır, halbuki iqtisadiyyatda böyük ehtiyac duyulan müxtəlif peşə sahələrinə maraq azalır. Halbuki inkişaf etmiş ölkələrdə peşə təhsili sektoru iqtisadi inkişaf üçün əhəmiyyətli rol oynayır. Məsələn, Almaniyada peşə təhsili çox sayda tələbəni real iş bazarına uyğun təhsil ilə təmin edir. Bu cür model Azərbaycanda da tətbiq olunarsa, peşə təhsili ilə bağlı stereotiplərin də dəyişməsi mümkündür".
Təhsil eksperti hesab edir ki, peşə məktəblərinə marağın az olmasının bir başqa səbəbi isə bu sahədə təlimçilərin və müəllimlərin də ixtisaslaşma dərəcələrinin və praktik biliklərinin kifayət qədər olmamasıdır: “Təcrübəli və peşəkar mütəxəssislərdən ibarət tədris heyətinin olmaması təhsilin keyfiyyətini azaldır və tələbələrdə praktiki biliklərdən çox nəzəri biliklərin üstünlük təşkil etməsinə səbəb olur. Təcrübəli mütəxəssislərin cəlb olunması üçün isə əmək şəraitinin və maaşların yaxşılaşdırılması, eyni zamanda peşə təhsilinə dövlət dəstəyinin artırılması tələb olunur. Həmçinin, peşə təhsilinin prestijinin artırılması üçün media vasitəsilə bu təhsil formasının cəmiyyətdə dəyərli olduğu vurğulanmalıdır. Televiziya proqramları, sosial media kampaniyaları və maarifləndirici tədbirlər vasitəsilə peşə təhsilinin üstünlükləri haqqında geniş məlumat verilə bilər. Bu isə təkcə tələbələrin deyil, həm də onların valideynlərinin düşüncəsini dəyişə bilər. Peşə məktəblərinin rəqabət qabiliyyətini artırmaq üçün dövlət və özəl sektorun əməkdaşlığına da ehtiyac var. Özəl sektor tərəfindən peşə təhsilinə sərmayə qoyulması və peşə təhsili alan tələbələr üçün işəgötürmə proqramlarının inkişaf etdirilməsi gənclərin bu sahəyə marağını artırar”.
Hələ də ölkədə peşə təhsilinə maraq yetəri qədər deyil. Peşə təhsili lazımı piar və maraqdan kənardadır. Peşə təhsilinə marağın artması cəmiyyətin əmək bazarında kölgədə qalan, lakin aparacı qüvvəyə çevrilən ixtisaslarının lazımi kadrlarla təminatı deməkdir. Əmək bazarı nəyi diqtə edirsə, biz o istiqamətə yönəlməliyik.
Təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri hesab edir ki, əmək bazarının tələblərinə görə, peşə təhsili universitet və kollecləri qabaqlaya bilir: “Buna görə də, peşə təhsilinə maraq və dəstək artırılmalıdır. Bir çox layihə və proqramlar Azərbaycan peşə təhsil seqmentinə yönəldilməlidir. Uşaqların peşə təhsilinə cəlbi daha asan yolla həyata keçirilməlidir”.
Təhsil eksperti Nadir İsrafilovun fikrincə, oğlanlara peşə təhsilində hərbidən möhlət hüququnun verilməməsi onların peşə təhsilinə marağını azaldır: “Əksər oğlanlar hərbi xidmətdən qayıtdıqdan sonra peşə təhsilini davam etdirmir. Bu problemi aradan qaldırmaq üçün peşə təhsili dövründə oğlanlara hərbidən möhlət hüququ verilməlidir. Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Ölkəmiz müharibə şəraitində deyil. Ona görə də peşə təhsili müddətində oğlanlara hərbidən möhlət verilməsinə zərurət var. Bu, onların hərbi xidmətdən sonra əmək bazarında özlərinə iş tapmasına da yardım edəcək. Peşə öyrənmək üçün təhsildə fasilə əldə edilən biliklərin unudulmasına səbəb olur. Bütün bunlar nəzərə alınaraq peşə təhsilinə də ali təhsildə olduğu kimi hərbidən möhlət hüququ verilməlidir”.
Bu gün Azərbaycanda kənd təsərrüfatı, sənaye, habelə yüksək texniki bilik tələb edən bir sıra sahələrdə kadr potensialına ciddi ehtiyac var. Bu ehtiyacı qarşılamaq üçün peşə təhsilinin inkişafı vacibdir. Bir sıra Avropa ölkələrində orta məktəbdə şagirdlər artıq müəyyən yaşdan sonra peşə ixtisası üzrə maarifləndirilir və istədikləri halda bu istiqaməti seçə bilirlər. Bu ölkələrdə peşə təhsili alanlar da, ali təhsil almış şəxslər qədər əmək bazarında yüksək qiymətləndirilirlər. Eyni zamanda, onlar əmək bazarında fəallıq və canlanmanı, məşğulluq səviyyəsinin və sosial rifahın artmasını şərtləndirirlər. Peşə təhsili həm də xüsusi peşəkarlıq səriştəsinə sahib olmaq deməkdir.
Millət vəkili Vüqar Bayramov qeyd edib ki, peşə təhsilinin inkişafı Azərbaycan üçün prioritet istiqamətlərdən biridir. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da peşə təhsilinin daha da inkişaf etdirilməsi, onun əhatə dairəsinin genişləndirilməsi, peşə təhsili alan tələbələrin sayının 50 faiz artırılması nəzərdə tutulub: “Peşə təhsilinin genişləndirilməsi, infrastrukturunun yenilənməsi bu sahədə ixtisaslı kadrlara olan ehtiyacı da artırır. İnanıram ki, bugünkü imtahanlar peşə təhsili sisteminin ixtisaslı kadrlarla təminatına imkan verəcək. Bu gün inkişaf etmiş ölkələrdə peşə təhsilinə xüsusi önəm verilir. Peşə təhsili daha qısa zamanda əmək bazarına daxil olmağa imkan yaradır. Azərbaycanda da gələcəkdə peşə təhsilinin daha sürətlə inkişafı proqnozlaşdırılır və gözləniləndir”.
Nərmin Qarazadə