Azedu.az

Peşə məktəbinin 68 yaşlı tələbəsi: Hədəfim sahibkarlıqla məşğul olmaqdır

Peşə Təhsili

6 Yanvar 2025, 11:05
Peşə məktəbinin 68 yaşlı tələbəsi: Hədəfim sahibkarlıqla məşğul olmaqdır

 

Ömürboyu öyrənmək, sevdiyin peşə üzrə fəaliyyət göstərmək insanların cəmiyyətə verə biləcəyi əsas faydalardandır. Həyatımızın istənilən dönəmində sevimli işimizlə məşğul olmalı, gördüyümüz hər işə sevgi qatmalıyıq. 

AzEdu.az xəbər verir ki, “Azərbaycan müəllimi”nin budəfəki müsahibi İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin 68 yaşlı tələbəsi Qətibə İsayevadır. 1956-cı ildə Bakıda anadan olan həmsöhbətimiz ailə həyatı qurduqdan sonra İsmayıllı rayonunda yaşayıb. Hazırda evdar xanımdır, eyni zamanda, təqaüdçüdür. Oxumaqdan, bilik və bacarıqlarını artırmaqdan yorulmayan müsahibimiz övladları, doğmaları üçün bir-birindən gözəl şirniyyatlar bişirsə, qənnadçılığı bacarsa da, bu peşənin sirlərini daha da dərindən öyrənmək istəyib və bu məqsədlə də  İsmayıllı Dövlət Peşə Təhsil  Mərkəzinin “Qənnadçı-şirniyyatçı” ixtisasına qəbul olub.

“İlk dərs günündə sinfə daxil olanda mənimlə oxuyan tələbələr elə biliblər ki, müəlliməm. Qrup yoldaşlarım mənə xüsusi hörmətlə yanaşırlar”,- deyən Qətibə xanımin əsas hədəfi  oxuduğu peşəni daha dərindən öyrənib sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdır: “Peşə Təhsil Mərkəzinə gəlməmişdən əvvəl ətrafımdakı insanlardan müəssisə haqqında məlumatlar öyrənmişdim. Ondan sonra qərar verdim ki, qənnadçı peşəsinə yiyələnməklə bu sahəni daha dərindən öyrənib sahibkarlıq fəaliyyəti ilə məşğul olum”.

Qətibə xanım deyir ki, Bakı şəhəri 239 nömrəli tam orta məktəbi bitirdikdən sonra universtitetə daxil olmaq üçün imtahan versə də, qəbul ola bilməyib:

 “Həmin zaman ali məktəbə qəbul olmaq üçün azı 6 aylıq əmək təcrübəsi tələb edilirdi. Bu səbəbdən bir müddət tikiş fabrikində çalışdım, amma şirniyyat bişirməyə olan marağım itməmişdi. İndi  bu peşə üzrə bildiklərimi Peşə Təhsil Mərkəzinin yüksək imkanları ilə təkmilləşdirmək istəyirəm. Gənclik illərindən işləməyə həvəsim var idi, lakin işlə bağlı müraciət etdiyim müəssisələrdə bu peşə üzrə rəsmi sənəd tələb edildiyindən şirniyyat ustası kimi işləyə bilmirdim. 
Sözün düzü, peşə məktəbinə qəbul olana qədər bilməzdim ki, burada dərslər belə yaxşı tədris edilir. İnsanlar fikirləşə bilərlər ki, burada dərsə yəqin səthi yanaşılır. Əsla elə deyil. Dərslər çox yaxşı keçirilir, hər kəs qəbul olduğu peşənin sirlərinə dərindən yiyələnə bilir, müəllim kontingenti də olduqca peşəkar və savadlıdır. Peşəyə maraq və sevgi yaratdıqlarından tələbələr hər gün dərsə bol enerji ilə gəlirlər”.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox