Paytaxt məktəbliləri və ümumi təhsil müəssisələrinin pedaqoji kollektivləri XI Bakı Beynəlxalq Kitab Sərgisində iştirak ediblər.
AzEdu.az xəbər verir ki, sərgidə məktəblilər ustad dərsləri, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatlarını izləyib, stendlərə baxış keçirib, Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarları ilə, eləcə də Türkiyə, Argentina, İngiltərə, Litva, Qətər və digər ölkələrin görkəmli yazarları və elm adamları ilə görüşüblər.
1-7 oktyabr 2025-ci il tarixlərində keçirilən "Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi" mövzusuna həsr olunan sərgi çərçivəsində keçirilən tədbirlər, simpozium və konfranslar, müsabiqələr, imza günləri, qiraət və musiqi saatları müəllim və şagirdlərdə xoş təəssürat yaradıb.
Qeyd edək ki, Bakı Beynəlxalq Kitab Sərgisi uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.