Azedu.az

Bakıda 4500-dən çox müəllim sertifikasiyadan keçəcək

Paytaxt təhsili

Bakı Şəhər üzrə Təhsil İdarəsi

24 İyun 2025, 13:36
Bakıda 4500-dən çox müəllim sertifikasiyadan keçəcək

18-25 iyun (18, 19, 20, 24, 25 iyun) 2025-ci il tarixlərində dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin biologiya, kimya, fizika, coğrafiya, informatika fənləri üzrə sertifikatlaşdırılması həyata keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AzEdu.az-a verilən məlumata görə, 2025-ci ildə paytaxtda qeyd olunan fənlər üzrə 4 500-dən çox müəllim sertifikasiyaya cəlb olunur. Bakıda 9 imtahan mərkəzində sertifikatlaşdırılma imtahanı aparılır. Mərkəzlərdə müəllimlərin biliklərini sərbəst və şəffaflıq şəraitində ifadə etmələri üçün hər cür imkan mövcuddur.

Məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan təhsilverənlərin peşəkarlıq səviyyələrinin yoxlanılması, onların peşəkar inkişafına nail olmaq, təlim ehtiyaclarını öyrənmək və sosial rifahının yüksəldilməsinə imkan yaratmaqdan ibarətdir. Bu, həm də ölkəmizin “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hədəflərindən biridir. Hədəf 2022–2026-cı illərdə 150 min müəllimin pedaqoji yararlığını qiymətləndirmək və ehtiyaclara uyğun müəllim hazırlığını təmin etməkdir.

Ötən illərin statistik göstəricilərinə nəzər salsaq, 2022–2024-cü illərdə təhsilverənlərin sertifikatlaşdırılmasında ibtidai sinif, Azərbaycan dili, fransız dili, alman dili, ingilis dili, riyaziyyat, rus dili, rus dili və ədəbiyyatı fənləri üzrə 15 mindən çox müəllim iştirak edib. 2022–2024-cü illərdə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan 12 793 müəllim sertifikatlaşdırma imtahanında uğur qazanıb.

Sertifikatlaşdırma prosesində dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan ali və orta ixtisas təhsilinə malik şəxslər iştirak edirlər. Proses iki mərhələdən – test və müsahibə mərhələsindən ibarətdir.

Test mərhələsində azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar. Test mərhələsində imtahan iştirakçılarına 60 sual təqdim olunur, sualların cavablandırılmasına 120 dəqiqə vaxt ayrılır.

Sertifikatlaşdırma prosesinə buraxılmayan təhsilverənlər hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) və ilk dəfə işə qəbul olunan və 3 ili tamamlanmamış şəxslərdən ibarətdir. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.

Hər bir imtahan günü bitdikdən dərhal sonra apellyasiya müraciətlərinin qəbuluna başlanılır. Müəllimlər proseslə bağlı portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər. Apellyasiyanın keçirilməsində məqsəd iştirakçıların müraciətlərinin araşdırılması, hər hansı uyğunsuzluq hallarının aradan qaldırılması, eyni zamanda şəffaflığın və obyektivliyin təmin edilməsidir.

Sertifikatlaşdırmanın ilk cəhdində müsbət nəticə əldə etməyən təhsilverənlərin təkrar sertifikatlaşdırılması sayəsində bu müəllimlərə ikinci dəfə şans verilir. Yəni ilkin mərhələdə uğur qazanmayan təhsilverənlərə 1 il sonra imtahanda təkrar iştirak üçün imkan yaradılır. Bu, onların potensialına və inkişafına olan inamın göstəricisidir.

Təkrar sertifikasiyaya hazırlıq məqsədilə hər il davamlı olaraq təlimlər keçirilir. Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən müəllimlər üçün vebinarlar, onlayn resurslar və videodərslər təşkil olunur. Məqsəd müəllimləri peşəkar şəkildə bu prosesə hazırlamaqdır.

Sertifikatlaşdırma prosesi 2026-cı ilin sonuna kimi mərhələli şəkildə davam etdiriləcək.

Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!
Son xəbərlərDaha çox