Bu gündən etibarən orta ixtisas təhsil müəssisələrinə tam (11 illik) orta təhsil bazasında ixtisas seçimi başlayır. Məlumdur ki, universitetlərə ixtisas seçimi edən 82883 namizəddən 27227 nəfəri tələbə adını qazana bilmədi.
Hər il müşahidə edirik ki, ali məktəblərə ixtisas seçimindən uğur qazana bilməyənlər kolleclərə sənəd qəbulunda iştirak edirlər.
Bu amili də nəzərə alsaq, cari ildə kolleclərdə rəqabət necə olacaq? Ballarda artım müşahidə oluna bilərmi?
Təhsil eksperti Rizvan Fikrətoğlu AzEdu.az-a açıqlamasında bildirib ki, bu il kolleclərdə keçid balları artacaq:
“Ali məktəbə sənəd verib qəbul ola bilməyənlərin bir çoxu kolleclərə ixtisas seçimində iştirak edirlər. Ali məktəblərə qəbulun ilk turunda müşahidə etdik ki, III ixtisas qrupunun DT altqrupunda 150-209 bal aralığında bal toplayan hər bir abituriyent müsabiqədən kəsilib. Bu baxımdan ümumi vəziyyəti nəzərə alsaq, kolleclərə ixtisas seçimində iştirak edənlərin sayı çox olacağını deyə bilərik. Bundan əlavə bu il buraxılış nəticələrinin yüksək olması kolleclərdə balların artımına səbəb olacaq.
Abituriyentlərə tövsiyəmiz ondan ibarətdir ki, maksimum dərəcədə ehtiyatlı davransınlar. İxtisas seçimi üçün ayırılan 20 yeri 3 hissəyə bölsünlər. İlk 6 yerə ballarından yüksək, ikinci 6-lığa ballarına uyğun, sonuncu 8 yerə ballarından aşağı yerləri qeyd etsinlər. Nəzərə almalıyıq ki, burada ərazi amili də çox önəmlidir. Belə ki, Bakı, Sumqayıt, Gəncə və Lənkəran kimi bölgələrdə keçid balları daha çox olur. Bundan əlavə ixtisaslara görə də ballar dəyişir. Məsələn, tibb kolleclərinin ixtisaslarında, eləcə də iqtisadiyyat və kompüter yönümlü ixtisaslarda balların daha çox yüksələcəyini proqnozlaşdırmaq olar”.
Ekspert bildirib ki, kollec oxuyub, daha sonra subbakalavr kimi ali məktəbə daxil olmaq istəyənlər sosial iş, kargüzarlıq, kitabxana işi kimi ixtisaslara seçim etməsinlər:
“Bu ixtisaslar üzrə ali məktəblərə qəbul olmaq çox çətin prosesdir. Yaxşı olar ki, aqrar fermer təsərrüfatı ixtisasını yazsınlar. Çünki bu ixtisas üzrə seçim edənlər daha az olur”.