Hindistanın Karnataka ştatında Təhsil Departamenti noyabrın 1-dən etibarən dövlət məktəblərində “Əxlaq elmi” fənni üzrə rəqəmsal dərsliyə keçidə başlayıb. Yenilənmiş rəqəmsal kitabda şagirdlərə sosial və mənəvi dəyərlərin öyrədilməsinə xüsusi diqqət yetirilir.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, kitabda 10 əsas dəyər müzakirə olunur: empatiya, hörmət, dürüstlük, davamlı yaşayış tərzi, ekoloji şüur, vətəndaş məsuliyyəti, müxtəliflik və inklüzivlik, emosional zəka və dayanıqlılıq, elmi təfəkkür və yaradıcı düşüncə, təhlükəsizlik və gender bərabərliyi.
Təhsil Departamentindən bildirilib ki, gələcəkdə bu kitabın çap versiyası da hazırlanacaq və məktəblərdə fənn üçün ayrıca dərs saatı ayrılacaq. Yeni proqramın məqsədi gənclərdə sosial məsuliyyət, empatiya və əxlaqi dəyərləri möhkəmləndirməkdir.