Azedu.az

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı üzrə yeni əməkdaşlıq müqaviləsi imzalanıb

Xəbərlər

31 Oktyabr 2025, 16:59
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı üzrə yeni əməkdaşlıq müqaviləsi imzalanıb

Təhsilin İnkişafı Fondu ilə Qırmızı Ürəklər Fondu arasında “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının həyata keçirilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İlqar Bayramlı və Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov imzalayıblar.

AzEdu.az xəbər verir ki, sosial həssas kateqoriyadan olan gənclərin ali təhsilə çıxış imkanlarını artırmaq və onların akademik, şəxsi inkişafına dəstək göstərmək məqsədi daşıyan proqram ikinci dəfə həyata keçiriləcək. İlk il ərzində proqram çərçivəsində seçilmiş 23 tələbə təqaüd müddətini uğurla başa vuraraq proqramı müvəffəqiyyətlə tamamlayıb.

2025/2026-cı tədris ili ərzində isə proqram çərçivəsində ölkə üzrə ali təhsil müəssisələrinin I kursunda bakalavriat səviyyəsində təhsil alan tələbələr müraciət edə biləcəklər. Seçilən 20 tələbə aylıq 200 manat məbləğində təqaüdlə təmin ediləcək.

Təqaüd proqramında iştirak üçün tələbələrdən yüksək akademik göstəricilərlə yanaşı, sosial meyarlara cavab vermələri tələb olunur. Seçim prosesi onlayn müraciət, qiymətləndirmə və müsahibə mərhələlərindən ibarət olacaq.

Layihə çərçivəsində təqaüdçülərdən 10 nəfər İT və texnologiya yönümlü ixtisaslarda təhsil alan tələbələr arasından, digər 10 nəfər isə ixtisas məhdudiyyəti olmadan seçiləcək.

Bu əməkdaşlıq Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondunun təhsildə sosial məsuliyyətin gücləndirilməsi, bərabər imkanların yaradılması və gənclərin inkişafına dəstək istiqamətində atdığı önəmli bir addımdır.

Qeyd edək ki, təqaüd proqramı Qırmızı Ürəklər Fondunun başlatdığı “Onu Oxut” ianə toplama aksiyası çərçivəsində toplanan ianə vəsaitləri hesabına həyata keçirilir.

Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı
Son xəbərlərDaha çox