 
                                Hindistanın Tamil Nadu ştatının Trichy bölgəsində hökumət məktəblərini bitirən şagirdlər arasında kollecə qəbul nisbəti rekord səviyyəyə çatıb. Rəqəmlərə əsasən, bu il 11 000-dən çox XII sinif şagirdi imtahan verib və onlardan 10 800-dən çoxu ali təhsil müəssisələrinə qəbul olunub.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, bu uğur əsasən davamlı izləmə sistemi, müəllimlərin fərdi yanaşması, maarifləndirmə tədbirləri və valideynlərlə sıx əməkdaşlıq sayəsində əldə edilib. Layihə çərçivəsində hər bir şagirdin təhsil davamlılığı izlənilib, məktəbdən yayınma halları isə minimuma endirilib.
Trichy təhsil idarəsinin nümayəndələri qeyd ediblər ki, bu göstərici bölgəni Hindistan miqyasında ən az “dropout” (məktəbdən yayınma) göstəricisinə malik rayonlardan birinə çevirib. Onların sözlərinə görə, məqsəd növbəti illərdə 100 %-lik keçid səviyyəsinə çatmaq və bu təcrübəni ölkənin digər bölgələrində də tətbiq etməkdir.
Bu nəticə həm müəllimlər, həm də şagirdlər üçün motivasiyaedici nümunə hesab olunur və Hindistanda dövlət məktəblərinin təhsildəki roluna dair müsbət tendensiyanı göstərir.