 
                                Təhsilverənlərin sertifikatlaşdırılması prosesi artıq həm test, həm də müsahibə mərhələsi üzrə yekunlaşıb. Prosesdə iştirak edən bütün müəllimlər öz nəticələrindən xəbərdardır.
Müsahibə mərhələsində yüksək nəticə əldə edənlərdən biri də Hüseynova Aysel Əhməd qızıdır.
O, imtahanla bağlı təəssüratlarını AzEdu.az-a bölüşüb:
Müsahibimiz qeyd edib ki, sertifikasiya müəllimləri daha məsuliyyətli olmağa çağırır:
"1996-cı ildə Bakı şəhərində anadan olmuşam. 2014-2018-ci illərdə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat fakültəsinin informatika ixtisası üzrə təhsil almışam. Pedaqoji fəaliyyətimə 2018-ci ildən başlamışam. 2018-2020-ci illərdə isə Bakı Dövlət Universitetinin Hesablama diaqnostikası ixtisası üzrə magistratura təhsili almış və magistraturanı fərqlənmə diplomu ilə bitirmişəm.
2021-ci ildən Təhsildə İnnovativ Texnologiyalar Mərkəzində təlimçi kimi fəaliyyət göstərirəm. Hazırda Bakı şəhəri 251 nömrəli məktəbdə informatika və STEAM fənlərini tədris edirəm.
Sertifikasiyanın test mərhələsindən 56, müsahibə mərhələsindən isə 40 bal toplamışam. Müsahibədən bu nəticəni gözləyirdim, çünki təlimlərlə bağlı müəllimlərlə tez-tez ünsiyyətdə oluram. Təqdim edilən suallara əhatəli şəkildə, həyacanlanmadan cavab verdim. Test mərhələsində maksimum bal toplaya bilməməyimə tələskənliyim səbəb oldu.
Sertifikasiya müəllimləri daha məsuliyyətli olmağa çağırır. Həmçinin, bu proses müəllimlərə öz müsbət və mənfi cəhətlərini görmək imkanı yaradır. Məsələn, mən öz tələskənliyimi bu prosesdə dərk etdim və bununla bağlı tədbirlər gördüm.
Sertifikasiya müəllimləri yeniliklərdən xəbərdar olmağa, daim öz üzərində işləməyə təşviq edir. Suallar arasında müəyyən çətinliklərin olması təbiidir. Biz şagirdlərin qarşısına çıxırıq, onlar da dərs dediyimiz fənlərdən imtahan verirlər. Buna görə də müəllimlər imtahanlara ciddi hazırlaşmalıdırlar. Bu, onların borcudur.
Müəllimlər öz fənlərini tədris etməyi sadəcə dörd divar arasında davam etdirməməlidirlər. Onlar daim yeniliklərdən xəbərdar olmalı, bir tapşırığı tək bir üsulla deyil, müxtəlif üsullarla yerinə yetirməyin yollarını araşdırmalıdırlar".