 
                                Ali təhsil müəssisələrinə hazırlaşan bir çox abituriyent ilk növbədə buraxılış imtahanlarına fokuslanır. Buraxılış imtahanlarını verdikdən sonra isə abituriyentlər əsasən 1-2 ay müddətində blok imtahanlarına hazırlaşmağa başlayırlar.
Bu hazırlaşma metodu onların nəticələrinə necə təsir edir?
Mövzu ilə bağlı AzEdu.az-a təhsil eksperti Sevinc Purkeştasib danışıb.
Müsahibimiz qeyd edib ki, buraxılış imtahanlarında əsasən şagirdlərin ümumi məktəb bilikləri və əsas anlayışları mənimsəmə səviyyəsi qiymətləndirilir:
"Son zamanlar aparılan müşahidələr göstərir ki, ali təhsil müəssisələrinə qəbul olmaq istəyən bir çox abituriyentlər ilk mərhələdə yalnız buraxılış imtahanına fokuslanırlar. Bu imtahanlar başa çatdıqdan sonra isə qısa bir müddət qalır. Həmin qısa müddət ərzində də 1-2 ay ərzində blok imtahanına hazırlaşmağa çalışırlar. Təbii ki, bu hal abituriyentlərin yekun nəticələrinə istənilən qədər müsbət təsir göstərmir.
Buraxılış imtahanlarında əsasən şagirdlərin ümumi məktəb bilikləri və əsas anlayışları mənimsəmə səviyyəsi qiymətləndirilir. Blok imtahanlarında isə artıq dərindən bilik, analitik düşüncə, məntiqi əlaqə qurmaq bacarığı, müxtəlif fənlər arasında əlaqələri anlama səviyyəsi yoxlanılır. Bu səbəbdən, buraxılış imtahanlarına hazırlaşmaq abituriyentlərə baza qazandırsa da, blok imtahanında uğur qazanmaq üçün daha əhatəli və sistemli hazırlıq tələb olunur".
Qısa müddətdə hazırlığın mənfi tərəflərini izah edim:
"Buraxılış imtahanından sonra abituriyentlər çox zaman artıq imtahan yorğunluğu yaşayır və motivasiyalarında azalma müşahidə olunur. Bu mərhələdə cəmi 1–2 ay ərzində yeni fənlərə dərindən fokuslanmaq həm zehni baxımdan çətindir, həm də effektiv nəticə vermir.
Qısa müddətdə hazırlıq zamanı mövzuları tam mənimsəyə bilmirlər, düzgün strategiyalar formalaşdıra bilmirlər, sürətli düşünmə və zaman idarəetməsi kimi bacarıqları inkişaf etdirməkdə çətinlik çəkirlər. Nəticədə zaman bölgüsünü düzgün qura bilmirlər, stres artır.
Daha səmərəli hazırlıq strategiyası isə uğurlu abituriyentlərin etdiyi kimi, hazırlıq prosesini mərhələli və planlı şəkildə qurmaqdır. Yəni, uğurlu abituriyent hazırlıq prosesini mərhələli və planlı şəkildə aparmalıdır. Buna həm buraxılış, həm də blok imtahanlarına hazırlıq daxildir.
Məsələn, 10-cu sinifdə əsas anlayışlar möhkəmləndirilirsə, 11-ci sinifdə həmin bilikləri testlərdə tətbiq etmək və dərinləşdirmək lazımdır. Beləliklə, buraxılış mərhələsi asanlıqla keçirilir. Buraxılış imtahanı uğurla keçildikdə, təbii ki, abituriyent özünü daha rahat hiss edir".
Abituriyentlərə həm bilik, həm də düşünmə bacarığı qazandırmaq lazımdır:
"Buraxılış imtahanının səviyyəsi orta məktəb proqramını tam əhatə etdiyinə görə bir o qədər də çətin olmur. Mənim fikrimcə, bəzən abituriyentlər buraxılış imtahanına öncədən daha çox üstünlük versələr, bu, daha məqsədəuyğun olar.
Nəticədə, buraxılış imtahanı üçün ayrıca, blok imtahanı üçün isə sonradan ayrıca hazırlaşmaq düzgün strategiya deyil. Effektiv nəticə əldə etmək üçün hazırlıq prosesi il boyu planlı şəkildə qurulmalıdır. Buraxılış imtahanlarının tələbləri paralel şəkildə nəzərə alınmalıdır. Abituriyentlərə həm bilik, həm də düşünmə bacarığı qazandırmaq lazımdır. Unutmaq olmaz ki, imtahanda uğur qazanmaq qısa müddətli səyin deyil, ardıcıl və məqsədyönlü zəhmətin nəticəsidir".