Azedu.az

Abituriyentlər imtahana hazırlığı necə planlaşdırmalıdır?

Xəbərlər

1 Noyabr 2025, 09:30
Abituriyentlər imtahana hazırlığı necə planlaşdırmalıdır?

İlk növbədə qeyd edim ki, abituriyentlərin əvvəlcə buraxılış imtahanlarına fokuslanması və daha sonra qısa müddətli blok imtahanına hazırlıq mərhələsinə keçməsi, tədris prosesinin məzmununda sistemsizlik və strateji uyğunsuzluq yaradır.

Bu fikirləri AzEdu.az-a təhsil eksperti Kamran Əsədov açıqlamasında qeyd edib. 

O, bildirib ki, buraxılış imtahanı formatı əsasən orta təhsilin nəticələrini qiymətləndirməyə, yəni biliklərin minimum səviyyədə mənimsənilməsini ölçməyə yönəlib:

 

"Bu, xüsusilə fənlərarası biliklərin dərinləşməsinə, analitik düşünmə bacarığının formalaşmasına və yüksək nəticələrin əldə edilməsinə mənfi təsir göstərir. Statistik müşahidələr göstərir ki, bu model üzrə hazırlaşan abituriyentlərin böyük hissəsi qəbul imtahanlarında yüksək nəticə göstərə bilmir  yəni 300 baldan yuxarı nəticə əldə edənlərin əhəmiyyətli hissəsi ilboyu ardıcıl və inteqrativ şəkildə hazırlıq aparan abituriyentlərdir.

Buraxılış imtahanı formatı əsasən orta təhsilin nəticələrini qiymətləndirməyə, yəni biliklərin minimum səviyyədə mənimsənilməsini ölçməyə yönəlib. Bu imtahanlar struktur baxımından reproduktiv (yadda saxlama və təkrarlama) biliyi ölçür. Halbuki blok imtahanları abituriyentdən analitik, məntiqi, müqayisəli düşünmə və tətbiqetmə bacarıqları tələb edir. Bu iki imtahanın mahiyyət fərqinə baxmayaraq, bir çox abituriyent hazırlığı eyni prinsiplə aparır, nəticədə isə konseptual fərqləri anlamadan eyni üsulla suallara yanaşır. Bu, xüsusilə riyaziyyat, tarix və kimya kimi fənlərdə özünü daha aydın göstərir, çünki bu fənlərdə bilik sadəcə əzbərləmə deyil, düşüncə ardıcıllığı və dərin məntiq tələb edir.

Qısa müddətli, intensiv blok hazırlığı metodik baxımdan davamlı öyrənməni təmin etmir. Beynəlxalq psixopedaqoji araşdırmalar göstərir ki, uzunmüddətli və fasiləsiz hazırlıq zamanı yaddaşın sabitləşməsi 2,5 dəfə daha effektiv olur. Qısa intensiv dövrdə isə “kütləvi yüklənmə effekti” yaranır  yəni məlumatlar sürətlə öyrənilsə də, tez unudulur. Buna görə də abituriyent buraxılış imtahanından sonra cəmi 1–2 ay ərzində blok imtahanına hazırlaşdıqda, beyin yeni bilikləri uzunmüddətli yaddaşa keçirməyə vaxt tapmır. Nəticə etibarilə, yüksək bal toplamaq üçün tələb olunan dərin qavrayış formalaşmır".

Buraxılış imtahanından sonra abituriyentlərdə psixoloji yorğunluq olur:

"Bu yanaşma, həmçinin stressin və motivasiya dalğalanmalarının artmasına səbəb olur. Çünki buraxılış imtahanından sonra abituriyentlərdə psixoloji yorğunluq müşahidə olunur, ardınca isə yüksək səviyyəli blok imtahanına az müddətdə hazırlıq tələbi əlavə təzyiq yaradır. Bu, performansda dalğalanmalara gətirib çıxarır. Elm və Təhsil Nazirliyinin 2023-cü il üzrə məlumatına görə, buraxılış imtahanında yüksək nəticə göstərənlərin təxminən 42 faizi blok imtahanında eyni səviyyəni qoruyub saxlaya bilmir. Bu, məhz hazırlıq modelinin davamlı olmamasının nəticəsidir.

Dünya təcrübəsində abituriyentlərin hazırlıq prosesi mərhələli şəkildə təşkil olunur. Məsələn, Finlandiya, Cənubi Koreya və Estoniyada məktəb proqramı ilə ali təhsil imtahanları arasında məzmun inteqrasiyası var. Bu ölkələrdə şagirdlər son iki ildə həm buraxılış, həm qəbul imtahanlarına paralel hazırlaşır və qiymətləndirmə prosesinin vahid planlaşdırılması səbəbindən əlavə repetitorluğa tələbat azalır. Azərbaycanda isə buraxılış imtahanları ilə blok imtahanları arasında həm məzmun, həm də psixoloji fərq çox böyükdür, bu da abituriyenti iki ayrı rejimdə işləməyə məcbur edir.

Hazırlaşmanın bu modeli eyni zamanda tədris planlarının koordinasiyasızlığından qaynaqlanır. Məktəblərdə buraxılış imtahanına yönəlik tədris daha çox fənnin baza hissəsinə fokuslanır, halbuki qəbul imtahanında fənlərin dərin mövzuları üstünlük təşkil edir. Nəticədə, abituriyentlər ilin böyük hissəsini təkrar və test strategiyalarına sərf edir, sonra isə vaxt məhdudiyyəti içində mürəkkəb sual tiplərini öyrənməyə çalışırlar. Bu, uzunmüddətli akademik inkişafı təmin etmir və sadəcə “imtahana yönəlik öyrənmə” vərdişini gücləndirir".

Buraxılış imtahanından sonra qısa müddətli hazırlıq metodunun tətbiqi nəticə etibarilə səmərəli deyil:

"Müsbət tərəf ondan ibarətdir ki, buraxılış imtahanlarının nəticələri müəyyən mənada abituriyentlərə öz bilik səviyyəsini ölçmək və zəif tərəflərini müəyyənləşdirmək imkanı yaradır. Lakin bu fürsətdən düzgün istifadə etmək üçün hazırlıq prosesi ardıcıl, mərhələli və planlı olmalıdır. Elm və Təhsil Nazirliyinin son illərdə qəbul imtahanlarının məzmununu buraxılış imtahanları ilə uyğunlaşdırmaq istiqamətində atdığı addımlar bu problemi mərhələli şəkildə azaldır. Həmçinin, “rəqəmsal tədris resursları”nın genişləndirilməsi və təlim proqramlarının sinxronlaşdırılması gələcəkdə bu boşluğu azaldacaq.

Hesab edirəm ki, buraxılış imtahanından sonra qısa müddətli hazırlıq metodunun tətbiqi nəticə etibarilə səmərəli deyil. Yüksək nəticə üçün hazırlıq prosesi ilboyu davamlı, mərhələli və düşünülmüş şəkildə aparılmalıdır. Elm və Təhsil Nazirliyinin məqsədi də bu istiqamətdə fənn proqramlarının inteqrasiyasını təmin etmək, məktəbdə verilən biliklə qəbul imtahanının tələbi arasında körpü yaratmaqdır. Əgər bu yanaşma ardıcıl tətbiq olunsa, abituriyentlərin imtahan nəticələri yüksələcək, stress səviyyəsi azalacaq, təhsil prosesi isə daha sistemli və məqsədyönlü xarakter alacaq".

Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı
Son xəbərlərDaha çox