 
                                Bir fermerin fermasında üç növ heyvan var. Üçü istisna olmaqla hamısı qoyundur, dördü istisna olmaqla hamısı keçi, beşi istisna olmaqla hamısı atdır. Deməli, fermerin bir atı, iki keçisi və üç qoyunu var.Bu sadə tapmaca bəzilərinə çox asan gəlir, digərləri isə çaşqınlıq içində qalır.
Bəs niyə riyaziyyat bəzilərinə bu qədər asan gəlir, digərləri isə çətinlik çəkir?
Cavab yalnız genetikaya deyil, həm də biologiya, psixologiya və ətraf mühitin birgə təsirinə bağlıdır.
Azedu.az ingiltərə mətbuatının hazırladığı araşdırmanı təqdim edir:
Əkiz tədqiqatları
Londondakı Goldsmiths Universitetinin genetik və psixoloqu, professor Yuliya Kovas, insanların riyaziyyat qabiliyyətindəki fərqləri araşdırır. O, doğulduqdan etibarən 10.000 eyni və qardaş əkizin müşahidə edildiyi, genetik və ətraf mühit amillərinin öyrənmə qabiliyyətinə təsirini araşdıran genişmiqyaslı bir tədqiqatda iştirak edib.
Professor Kovas bildirir:
“Eyniyyət əkizləri bütün psixoloji xüsusiyyətlərdə qardaş əkizlərə nisbətən bir-birinə daha çox bənzəyir.
Onlar riyaziyyat qabiliyyəti baxımından da bir-birinə daha çox bənzəyirlər. Bu isə ev mühitinin bu fərqləri tam izah etmədiyini göstərir. deməli, genlər mühüm rol oynayır".Onun sözlərinə görə, genlər orta məktəb və yetkinlik dövründə riyaziyyat öyrənməsində və bacarıqların formalaşmasında təxminən 50–60 faiz paya malikdir. “Bu, həm genlərin, həm də ətraf mühitin vacib olduğunu göstərir,” – deyə o əlavə edir.
Ətraf mühit amilləri
Ətraf mühitimizdəki təsirlər də riyaziyyat qabiliyyətinin formalaşmasında mühüm rol oynayır.
Məsələ yalnız məktəbin keyfiyyəti və ya ev tapşırığında nə qədər kömək aldığımızla bitmir.
Professor Kovasa görə, hətta radioda eşitdiyimiz təsadüfi bir fikir belə maraqlarımıza təsir göstərə bilər.
O qeyd edir ki, müəyyən genetik xüsusiyyətlər insanın hansı məlumat və təcrübələrə daha çox məruz qalmasına da səbəb ola bilər.
Riyaziyyat bacarığı inkişaf etdirilə bilərmi?
İngiltərədəki Loughborough Universitetinin tədqiqatçısı, riyaziyyat təhsili üzrə mütəxəssis doktor İro Xenidou-Dervou hesab edir ki, hər kəs riyaziyyat qabiliyyətini inkişaf etdirə bilər.
O vurğulayır ki, düşüncələrimiz, inanclarımız və emosiyalarımız ədədi və riyazi bacarıqların formalaşmasında böyük rol oynayır.
Doktor Xenidou-Dervou “riyaziyyat narahatlığı” adlı anlayışa da diqqət çəkir. Onun fikrincə, insanlar özlərini “riyaziyyatdan zəif” hesab etdikdə, bu inam özünü doğruldan bir prosesə çevrilir.
“Riyaziyyat narahatlığı” nədir?
Bu, riyaziyyatla bağlı mənfi emosiyaların insanın düşünmə və hesablama qabiliyyətinə təsir etdiyi vəziyyətdir.
Doktor Xenidou-Dervou bunu belə izah edir:
“Əgər sizə riyaziyyatdan pis olduğunuz və ya sinif yoldaşlarınızdan daha aşağı qiymət aldığınız deyilirsə, bu, narahat düşüncələrin yaratdığı pis dövrə səbəb olur. Riyaziyyatla bağlı uğursuzluq qorxusu riyaziyyatdan uzaqlaşmağa, bu isə daha zəif nəticələrə gətirib çıxarır. Nəticədə narahatlıq daha da güclənir.” O əlavə edir ki, bu narahatlıq düşünmənin baş verdiyi iş yaddaşına təzyiq göstərir: “Bu mənfi düşüncələr iş yaddaşındakı dəyərli yerin çox hissəsini tutur, nəticədə problemi həll etmək üçün çox az yer qalır.
Riyaziyyat üçün fitri hiss
London Universitet Kollecinin professoru Brian Butterworth koqnitiv neyropsixologiya sahəsində apardığı tədqiqatlarla insanların rəqəmləri fitri şəkildə anlama qabiliyyətinə malik olduğunu göstərib. O bildirir ki, hətta saymağı öyrənməmiş uşaqlarda belə bu instinkt müşahidə olunur. Lakin professor qeyd edir ki, bəzilərində bu “fitri mexanizm” tam düzgün işləməyə bilər. Bu vəziyyət diskalkuliya adlanır — yəni rəqəmləri və kəmiyyətləri anlamaqda çətinlik yaradan öyrənmə pozuntusu. Butterworth-un sözlərinə görə, diskalkuliya disleksiya qədər yayğındır və insanların təxminən 5 faizini təsir edir.
Diskalkuliyası olan şəxslər sadə hesablamalar — məsələn, 5 × 8 və ya 6 + 16 kimi əməliyyatlarla belə çətinlik çəkirlər. Onun komandası uşaqlara, xüsusən də diskalkuliyası olanlara kömək etmək üçün xüsusi oyunlar və proqramlar hazırlayıb. Lakin professor vurğulayır ki, bu cür müdaxilələrin uzunmüddətli faydaları hələ tam aydın deyil: “Əsas məsələ erkən müdaxilədir. Bu uşaqları vaxtında müəyyən edib, növbəti illərdə onların inkişafını izləmək lazımdır.”
Riyaziyyat digər fənlərdən nə ilə fərqlənir?
Doktor Xenidou-Dervou riyaziyyatı öyrənmə prosesini “kərpiclərlə zehni divar qurmağa” bənzədir: “Riyaziyyatda kərpicləri atlaya bilməzsiniz. Məsələn, tarixdə müəyyən mövzunu yaxşı bilməyə bilərsiniz və bu, böyük problem yaratmaz. Amma riyaziyyatda bir mərhələni buraxsanız, növbəti pilləyə keçmək çətinləşir.”
Dünyadan nümunələr
Professor Kovas 2000-ci illərin əvvəllərində aparılan Beynəlxalq Tələbə Qiymətləndirmə Proqramı (PISA) testlərinin nəticələrinə diqqət çəkir. Bu testlər 15 yaşlı şagirdlərin riyaziyyat, oxu və elm sahələrində bilik və bacarıqlarını qiymətləndirir.“Reytinqlərin başında Çinli şagirdlər, bəzi digər Şərqi Asiya ölkələri və Finlandiya dayanır. Finlandiyanın bu ölkələr arasında yer alması onu Avropada bir növ istisnaya çevirib,” – deyə Kovas bildirir.Çindəki Jiangxi Normal Universitetinin riyaziyyat təhsili üzrə dosenti Zhenzhen Miao isə qeyd edir: “Çində riyaziyyat tədrisi əsas biliklərə və əsas bacarıqlara yönəlib.”