Azedu.az

Direktorların işə qəbulu: kimlər iştirak edə bilər və seçim necə aparılır?

Xəbərlər

30 Oktyabr 2025, 16:19
Direktorların işə qəbulu: kimlər iştirak edə bilər və seçim necə aparılır?

Xəbər verdiyimiz kimi direktorların işə qəbul müsabiqəsində iştirak etmək istəyən namizədlər 30 oktyabr saat 11:00-dan 11 noyabr saat 17:00-dək //miq.edu.az/direktor linkinə daxil olaraq elektron ərizələrinə müvafiq məlumatları daxil etdikdən, tələb olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra ərizələrini təsdiq etməlidirlər.

AzEdu.az direktorların işə qəbulu üzrə müsabiqəsi ilə bağlı tez-tez verilən sualları təqdim edir:

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə kimlər iştirak edə bilər? 

-Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

Müsabiqədə namizədlər hansı ballarla iştirak edə bilərlər?

- Namizədlərin seçim mərhələsinə buraxılması zamanı məktəbdə təhsilalanların sayına və müəssisənin növünə görə müxtəlif minimal ballar tələb olunur.

a) Məsələn, namizəd təhsilalanların sayı 501-dən çox olan təhsil müəssisələri, eləcə də lisey, gimnaziya, internat tipli lisey və gimnaziyalar üzrə sertifikatlaşdırılmanın test imtahanı mərhələsində, müəllimlərin işə qəbulu müsabiqəsində və ya müəllimlərin diaqnostik qiymətləndirilməsinin test imtahanında 85% və daha yuxarı nəticə göstərməlidir;

b) Digər təhsil müəssisələri üzrə sertifikatlaşdırılmanın test imtahanı mərhələsində, müəllimlərin işə qəbulu müsabiqəsində və ya müəllimlərin diaqnostik qiymətləndirilməsinin test imtahanında 70% və daha yuxarı nəticə göstərməlidir.

Şagird sayı 501-dən çox olan məktəblər, lisey və gimnaziyalar üzrə kimlərə üstünlük verilir?

- Bu kateqoriyaya aid təhsil müəssisələri üzrə müsahibəyə dəvət ardıcıllığı aşağıdakı kimidir:

a) vakansiyanın mövcud olduğu müəssisənin tabe olduğu yerli bölmə üzrə müəssisələrdə çalışan direktorlar, vakansiyanın mövcud olduğu müəssisədə çalışan direktor müavinləri və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar;

b) vakansiyanın mövcud olduğu müəssisənin tabe olduğu yerli bölmə üzrə müəssisələrdə çalışan direktor müavinləri və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar;

c) vakansiyanın mövcud olduğu müəssisələrdə çalışan müəllimlər;

d) vakansiyanın mövcud olduğu rayon (şəhər) üzrə müəssisələrdə çalışan müəllimlər;

e) vakansiyanın mövcud olduğu müəssisənin tabe olduğu yerli bölmə üzrə müəssisələrdə çalışan müəllimlər;

f) müvafiq tələblərə cavab verən Azərbaycan Respublikası vətəndaşları.

Eyni nəticə göstərən namizədlər arasında seçim necə aparılır?

- Aşağıdakı ardıcıllıqla üstünlük verilir:

a) Daha yüksək test nəticəsi olan;

b) Magistr dərəcəsinə malik olan;

c) Pedaqoji stajı çox olan;

d) Rəhbər vəzifə təcrübəsi olan.

Müsahibə mərhələsində namizədin hansı meyarlar üzrə qiymətləndirilməsi aparılır?

- Namizəd aşağıdakı meyarlar üzrə qiymətləndirilir:

a) Liderlik və strateji idarəetmə bacarıqları;

b) Pedaqoji və tədris bacarıqları;

c) İdarəçilik və təşkilatçılıq bacarıqları;

d) Ünsiyyət və əlaqə bacarıqları;

e) Problemlərin həlli və qərarvermə;

f) Rəqəmsal və texnoloji bacarıqlar;

g) Sosial və emosional bacarıqlar

İşə qəbul prosesi hansı formada həyata keçirilir? -

Müsahibə nəticələri elan edildiyi vaxtdan qanunvericiliklə müəyyən olunmuş müddətdə, sənədlərin yoxlanmasından sonra vakant direktor vəzifəsini tutmuş namizədlə 1 il müddətinə əmək müqaviləsi bağlanılır. Həmin müddət başa çatdıqdan sonra məktəbin akademik göstəriciləri nəzərə alınaraq müqavilə müddəti uzadıla və ya daimi əsaslarla bağlanıla bilər.

 

Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı
Son xəbərlərDaha çox