Rəqəmsal imtahanların keçirilməsi nəticələrin daha tez açıqlanmasına və sadalanan digər müsbət məqamların reallaşmasına imkan verəcəkdir.
Bu sözləri AzEdu.az-a təhsil eksperti Elçin Əfəndi söyləyib.
Müsahibimiz qeyd edib ki, növbəti ildən etibarən bəzi digər imtahanların da elektron formada təşkili planlaşdırılır:
"İmtahanların rəqəmsal formada keçirilməsi bir çox müsbət məqamlarla xarakterizə oluna bilər. Birinci növbədə, bu, imtahan nəticələrinin daha tez imtahan bitdikdən dərhal sonra elan olunmasına imkan yaradır. Yəni, imtahan başa çatan kimi imtahan verən namizədlər nəticələri barədə dərhal məlumat əldə edə bilirlər.
İkinci bir tərəfdən, qiymətləndirmə prosesi birbaşa avtomatik şəkildə həyata keçirilir. Artıq marker müəllimlərin imtahan nəticələrini yoxlaması və yaxud kənar təsirlərin olması ehtimalı sıfıra enir. Konkret olaraq, abituriyent və ya digər namizədlər imtahan verdikləri anda dərhal qiymətləndirmə aparılır və nəticə əks olunur.
Üçüncü müsbət məqam kimi kağız daşıyıcılardan istifadənin məhdudlaşdırılmasını göstərmək olar. Bu, ekoloji baxımdan da müsbət hal kimi qiymətləndirilə bilər".
Rəqəmsal imtahanların keçirilməsi imtahan prosesinin müxtəlifliyini də artırır:
"Bundan əlavə, rəqəmsal imtahanların keçirilməsi imtahan prosesinin müxtəlifliyini də artırır. Belə ki, burada müxtəlif tipli sualları daxil etmək, həmçinin imtahan verən namizədlərə fərdi qaydada təqdim etmək mümkündür. Suallar dinləmə mətnləri və ya şəkillər üzərindən təqdim oluna bilər. Əgər çap versiyasında bəzi məlumatlar itə bilirdisə, rəqəmsal versiyada vizual materiallar vasitəsilə imtahanlar daha aydın şəkildə keçirilə bilər.
Eyni zamanda, rəqəmsal formatda müxtəlif növ imtahanların təşkili də mümkündür. Məsələn, artıq dövlət qulluğu imtahanları və magistratura imtahanlarının bir hissəsi elektron qaydada keçirilir. Növbəti ildən etibarən bəzi digər imtahanların da elektron formada təşkili planlaşdırılır. Dövlət İmtahan Mərkəzi tərəfindən bir müddət öncə elektron imtahan binası istifadəyə verilib".
İmtahanları elektron qaydada keçirmək üçün mütləq baza yaradılmalıdır:
"Düşünürük ki, qarşıdakı illərdə bir sıra təhsil müəssisələrində də elektron imtahanların keçirilməsi üçün müvafiq baza formalaşacaq və nəticə etibarilə daha kütləvi şəkildə imtahanların təşkili mümkün olacaq. Hazırda yalnız məhdud sayda mərkəzlər mövcuddur. Lakin bəzi imtahanlar məsələn, buraxılış və qəbul imtahanları kütləvi xarakter daşıyır və iştirakçı sayı 90-100 min nəfəri ötür. Bu səbəbdən belə imtahanları elektron qaydada keçirmək üçün mütləq baza yaradılmalıdır.
Ümumilikdə isə, qeyd etdiyim kimi, rəqəmsal imtahanların keçirilməsi nəticələrin daha tez açıqlanmasına və sadalanan digər müsbət məqamların reallaşmasına imkan verəcəkdir".