Epşteyn-Barr adlı virus uşaqlarda “öpücük xəstəliyi” adlanan infeksiyanı yaradır. Bu virus tüpürcək vasitəsilə ötürüldüyü üçün uşaqları ağızdan və ya ağıza yaxın yerdən öpmək olmaz. Xəstəlik çox geniş yayılıb və uşaqlara asanlıqla keçə bilir.
Pediatr Günay Rəsulova AzEdu.az-a açıqlamasında bildirib ki, bu infeksiyanın müalicəsi əsasən simptomlara yönəlik aparılır. Əgər uşaqda qızdırma varsa, qızdırmasalıcı dərmanlar verilir, dəstək müalicə və yataq istirahəti tövsiyə olunur.
Həkimin sözlərinə görə, böyük yaşda olan insanların təxminən 95 faizi bu xəstəliyi keçirib:
"Bəzi uşaqlarda xəstəlik yüngül formada və hiss edilmədən keçir, digərlərində isə ağır simptomlarla müşahidə olunur. Uşağı yoluxduran şəxs çox vaxt sağlam görünür, çünki xəstəliyi keçirmiş şəxsin tüpürcəyində virus 6 ay, bəzən isə 1 ilə qədər qala bilər. Belə şəxs uşağı öpməklə onu ciddi təhlükə altına sala bilər.
Virus orqanizmə daxil olduqdan sonra ilk olaraq boğazda çoxalır, daha sonra qan və limfa sistemi vasitəsilə bədənin digər orqanlarına yayılır. Xəstəlik qaraciyərdə, dalaqda və limfa düyünlərində infeksiya törədir.
Uşaqlarda boğaz ağrısı, 5-10 gün davam edən qızdırma, halsızlıq, qarın və baş ağrısı müşahidə olunur. Boyundakı limfa düyünləri, qaraciyər və dalaq böyüyür. Bu simptomlar bir çox yuxarı tənəffüs yolu xəstəliklərində də müşahidə olunsa da, öpücük xəstəliyində əlamətlər daha güclü olur. Boğaz ağrısı daha şiddətli, qızdırma isə adətən 38-38,5°C olur".
Bu xəstəlik zamanı yersiz antibiotik istifadəsi bədəndə səpgilərə səbəb ola bilər:
"Xüsusilə penisillin qrupuna aid antibiotiklərin qəbulundan sonra ilk 24 saat ərzində səpgilər yaranır. Xəstəlik çox vaxt öz-özünə sağalır, lakin bəzi hallarda ağırlaşmalarla müşahidə oluna bilər. Onların arasında ensefalit, menenjit, ürək əzələsinin zədələnməsi (miokardit, perikardit) kimi problemlər yer alır.
Bu xəstəlik zamanı uşaqlarda dalaq böyüyür. Bu səbəbdən uşaqlar idman və ya oyun zamanı qarın nahiyəsinə zərbə aldıqda dalaq yırtılması riski yaranır.
Diaqnoz klinik əlamətlər və laborator müayinələr vasitəsilə müəyyən edilir. Qan analizində limfositar leykositoz, trombositopeniya müşahidə olunur, periferik yaxmada atipik limfositlər görünür. “Monotest” adlı sürətli test və virusun spesifik anticisimlərinin qanda aşkarlanması da diaqnostikada istifadə olunur.
Bu xəstəliyin spesifik müalicəsi yoxdur. Antibiotiklər və ya virusəleyhinə preparatların istifadəsi məqsədəuyğun sayılmır. Müalicə simptomlara yönəlik aparılır, uşağa istirahət və qızdırmasalıcı dərmanlar verilir".
Xüsusilə bağçaya gedən uşaqlar oyuncaqları ağıza götürməklə bu virusa yoluxa bilər:
"Həmçinin ağızdan su axan uşaqlar tüpürcək vasitəsilə digər uşaqlara da virusu keçirə bilər. Bu səbəbdən kollektiv mühitdə gigiyena qaydalarına ciddi riayət edilməlidir. Oyuncaqlar tez-tez yuyulmalı, uşaqların əlləri mütəmadi təmizlənməli və oyuncaqlar ağıza alınmamalıdır. Həkim vurğulayıb ki, diqqətlə aparılan təmizlik bu xəstəliyin yayılmasının qarşısını ala bilər".