“Abşeron rayonu Qobu qəsəbəsinin Ə.İbrahimov adına 2 nömrəli tam orta məktəbinin və Güzdək qəsəbə tam orta məktəbinin şagirdləri ilə birlikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə tanışlıq turu təşkil etdik.”
AzEdu.az-a bu barədə Milli Məclisin deputatı Nigar Məmmədova məlumat verib.
Deputat qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə təşkil olunan turun əsas məqsədi ətraf mühitin qorunması və ekoloji tarazlığın saxlanılması ilə bağlı biliklərin aşılanmasıdır:
“Səfər zamanı uşaqlar hava müşahidələrinin aparılması, hava proqnozlarının hazırlanması kimi maraqlı proseslərlə yaxından tanış oldular. Onlara hidrometeorologiyanın gündəlik həyatımızda və ölkənin ekoloji təhlükəsizliyində oynadığı mühüm rol haqqında geniş izahlar verildi.
Şagirdlər həm nəzəri, həm də praktiki biliklər əldə etməklə yanaşı, mütəxəssislərlə maraqlı sual-cavab formatında fikir mübadiləsi apardılar. Belə tədbirlər uşaqlarda təbiətə sevgi, ekoloji məsuliyyət hissi və elmə maraq formalaşdırır.
Bu kimi layihələr gələcək nəsillərin daha şüurlu və məsuliyyətli yetişməsinə böyük töhfə verir”, - deyə deputat vurğulayıb.