Azedu.az

"Distant təhsil ənənəvi təhsilin alternativi deyil"

Xəbərlər

29 Oktyabr 2025, 16:45
"Distant təhsil ənənəvi təhsilin alternativi deyil"

"Gələcəkdə distant təhsilin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı müvafiq müzakirələr davam etdirilir".

Bu barədə  Elm və Təhsil Nazirliyindən bildirilib.

Maraqlıdır ki, distant təhsilin genişləndirilməsi təhilimizə hansı müsbət və mənfi cəhətlər qazandıracaq?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli qeyd edib ki, distant təhsilin genişləndirilməsi ilk növbədə təhsilin çevikliyini və əlçatanlığını artıracaq:

171226"Bu, təhsilimizin gələcək inkişaf istiqamətləri baxımından çox vacib və aktual bir məsələdir. Distant təhsilin genişləndirilməsi ilk növbədə təhsilin çevikliyini və əlçatanlığını artıracaq. Bu model xüsusilə regionlarda yaşayan, fiziki məhdudiyyətləri olan, yaxud iş və təhsil balansını qorumağa çalışan şəxslər üçün real fürsət yaradır. Distant format həm də ömürboyu təhsil konsepsiyasına xidmət edir, çünki fərdlərə zaman və məkan məhdudiyyəti olmadan biliklərini artırmaq imkanı verir.

Bununla yanaşı, distant təhsil müasir tədris texnologiyalarının tətbiqini, müəllimlərin rəqəmsal bacarıqlarının inkişafını və interaktiv öyrənmə mühitlərinin formalaşmasını stimullaşdırır. Bu proses həm müəllimlərin metodoloji baxımdan yenilənməsinə, həm də şagirdlərin fərdi öyrənmə tempinə uyğunlaşdırılmış təhsil mühitlərinin yaranmasına səbəb ola bilər".

Məsələni yalnız müsbət tərəfdən dəyərləndirmək düzgün olmaz:

"Distant təhsil, xüsusilə məktəb səviyyəsində, sosial-emosional bacarıqların formalaşmasına, komanda işi və canlı ünsiyyət kimi mühüm komponentlərə mənfi təsir göstərə bilər. Bundan başqa, bu modelin uğuru texniki infrastrukturun və internet əlçatanlığının səviyyəsindən birbaşa asılıdır. Əgər regionlar arasında bu sahədə fərqlər qalarsa, distant təhsil bərabər imkanlar prinsipini zəiflədə bilər.

Əsas məsələ distant təhsili ənənəvi tədris modelinə alternativ deyil, tamamlayıcı vasitə kimi görməkdir. Optimal yanaşma “hibrid” formatın yəni həm üzbəüz, həm də onlayn elementlərin birləşdirildiyi modelin inkişafıdır. Bu halda həm interaktivlik, həm də əlçatanlıq təmin olunur.

Yekun olaraq, distant təhsil, təhsil sistemimizin gələcəyi üçün vacib istiqamətdir, lakin onun uğuru texnoloji baza, pedaqoji adaptasiya və psixososial amillərin balanslı şəkildə nəzərə alınmasından asılı olacaq".

Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı
Son xəbərlərDaha çox