Azedu.az

Ekspert: "Valideyn uşağı yalnız məktəbə aparmaqla vəzifəsini yerinə yetirmiş sayır"

Xəbərlər

29 Oktyabr 2025, 14:29
Ekspert: "Valideyn uşağı yalnız məktəbə aparmaqla vəzifəsini yerinə yetirmiş sayır"

Bugün elə valideynlər var ki, onların fikrincə, yalnız səhər uşağı məktəbə aparmaq, sonra öz işi ilə məşğul olmaq və günün sonunda ya dayəyə tapşırmaq, ya da repetitor yanına göndərməklə onların işi bitir.

AzEdu.az-a bu sözləri təhsil eksperti Məzahir Məmmədli söyləyib. 

Müsahibimiz qeyd edib ki, təhsil müəssisəsi tərbiyə müəssisəsi deyil, təlim-tərbiyə ocağıdır:

"Belə bir fikir vardır: cəmiyyət uşaqları ailədən tez tərbiyə edir. Bugün cəmiyyətin axarına buraxılan uşaqlar, təbii ki, valideyn himayəsindən kənarda qalanlardır. Ailələrin ya iş və məşğuliyyətlə başı qarışıb, ya da problemli ailələr mövcuddur və həmin uşaqlar məhz bu ailələrin övladlarıdır.

Bütün hallarda təhsil müəssisəsi tərbiyə müəssisəsi deyil, təlim-tərbiyə ocağıdır. Uşaq məktəbə gələndə artıq 6 yaşında olur və bu vaxta qədər müəyyən ailə tərbiyəsini almalıdır. Ona görə də ən yaxşı hal odur ki, uşaq 6 yaşa qədər olan tərbiyə dövrünü elə keçirsin ki, məktəbə gələndə artıq müəllimə, cəmiyyətə və dərs prosesinə problem yaratmasın.

Bugün elə valideynlər var ki, təəssüf ki, aramızda belələri çoxdur. Məsələn, onların fikrincə, valideynin işi yalnız səhər uşağı məktəbə aparmaq, sonra öz işi ilə məşğul olmaq və günün sonunda ya dayəyə tapşırmaq, ya da repetitor yanına göndərməklə bitir. Əlbəttə, bu, gələcək nəsil üçün müəyyən problemlər yaradacaq. Belə uşaqlar artıq valideynin o isti münasibətini və qayğısını hiss etmir. Onların həyatı ancaq qaça-qaç, qova-qov içində keçir. Uşağın nə əyləncəyə, nə də cəmiyyətə sosiallaşmaq üçün vaxtı qalır".

Əgər vəziyyət bu cür davam etsə, nəticələr xoş olmayacaq:

"Düşünürəm ki, sosial şəbəkələrdə bu mövzu ətrafında gedən müzakirələr kifayət qədər əsaslıdır və gələcək üçün ciddi bir sosial siqnal verir. Əgər vəziyyət bu cür davam etsə, nəticələr xoş olmayacaq. Axşam evə gələn valideynlər də, çox vaxt, ev işləri ilə məşğul olur, sonra isə hər kəs öz telefonuna, sosial şəbəkəsinə qapılır və uşaq yenə diqqətdən kənarda qalır.

Bugünün uşağı artıq zamanın diktəsinə uyğunlaşır. Yəni, zaman nəyi diqtə edirsə, uşaqlar da o istiqamətdə gedirlər. Mən buna yalnız təəssüf edə bilərəm, çünki bu cür davam edərsə, bizim milli  ənənələrimizə xas olan dəyərlər tədricən itə bilər. Bu səbəbdən çalışmaq lazımdır ki, bu məsələ ilə bağlı ümumi bir konsepsiya, bir plan formalaşsın, gələcək nəsillərin tərbiyəsi üçün sistemli iş qurulsun". 

Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı
Son xəbərlərDaha çox