Azedu.az

Təhsildə köhnə sistemin təsiri: “Bəzi yaşlı müəllimlər şiddətə meyilli olur”

Xəbərlər

28 Oktyabr 2025, 18:14
Təhsildə köhnə sistemin təsiri: “Bəzi yaşlı müəllimlər şiddətə meyilli olur”

Son illərdə cəmiyyətdə belə bir fikir formalaşıb ki, yaşlı müəllimlər şagirdlərə qarşı daha sərt, gənc müəllimlər isə daha səbirli və anlayışlı davranırlar.

Bəs, müəllimin şagirdə yanaşması onun yaşından asılıdır, yoxsa fərdi keyfiyyətləri və peşəkar təcrübəsi daha önəmlidir?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, 40 yaşdan yuxarı müəllimlərin əksəriyyəti ənənəvi təhsil sistemindən gəldiyi üçün kurikulum tələblərinə tam uyğunlaşa bilmirlər:

“Bunun bir neçə səbəbi var. Birincisi odur ki, yaşı 40-dan yuxarı olan müəllimlərimizin hamısı ənənəvi təhsil sistemindən gəliblər və hələ də kurikuluma uyğunlaşa bilmirlər. Halbuki, Azərbaycanda kurikulum tətbiq olunan müəllimlər üçün çoxlu sayda təlimlər keçirilib, onlar sertifikasiya olunublar, bilik və bacarıqları yoxlanılıb. Lakin idarəetmə mərhələsində bu müəllimlər hələ də köhnə ənənələrini davam etdirirlər".

Bəzi müəllimlər kurikulumun fəlsəfəsini hələ də praktikada düzgün tətbiq edə bilmirlər:

“Bugünkü müşahidələr göstərir ki, sinifdə sadəcə partaların yerini dəyişməklə kurikulumun tətbiqi mümkün deyil. Müəllimlər yalnız nəzəri baxımdan özlərini kurikulum sisteminə uyğun göstərməyə çalışırlar, amma ümumi mənzərə onu göstərir ki, yaşlı müəllimlər hələ də tam uyğunlaşmayıblar. Onlar yeni texnologiyalara alışmaqda çətinlik çəkirlər və kurikulum qaydalarının tətbiqini tam mənimsəməyiblər".

Bu uyğunsuzluq müəllimlərin dərs prosesindəki davranışına və şagirdlərlə münasibətinə də təsir göstərir:

“Müşahidələrə əsasən, şagirdə qarşı sərt davranış, şiddət və ənənəvi nəzarət üsulları daha çox yaşı 40-ı keçmiş müəllimlərdə müşahidə olunur. Bu, onların illərlə formalaşmış tədris vərdişlərindən qaynaqlanır".

Gənc nəsil müəllimlər müasir tələblərə daha rahat uyğunlaşır və idarəetmə baxımından daha çevik davranırlar:

“Bugünkü vəziyyətdə gənc nəsil ilə 45-50 yaş və üzəri müəllimlər arasında fərq aydın görünür. Yeni nəsil texnologiyalara daha tez uyğunlaşır. Sertifikasiya nəticələri və praktiki fəaliyyət də bunu təsdiqləyir. Gənc müəllimlərdə idarəetmə və şagirdə yanaşma bugünün tələblərinə daha çox cavab verir. Amma yaşlı nəsil üçün bu sahədə hələ də müəyyən çətinliklər mövcuddur".

Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı
Son xəbərlərDaha çox