Paytaxtdakı general Ə.Şıxlinski adına 135 nömrəli tam orta ümumtəhsil məktəbinin 55 illik yubileyi qeyd olunub.
AzEdu.az xəbər verir ki, yubiley tədbirində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev, Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Sevinc Süleymanova, şöbə müdiri Nicat Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədr müavini Sevinc Abdullayeva, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin sədri Fuad Rəsul, dünya və Avropa çempionu Rəsul Çunayev, məktəbin kollektivi, məzunlar, şagirdlər və valideynlər iştirak ediblər.
Qonaqlar əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Yubiley tədbiri Dövlət Himninin səsləndirliməsi ilə başlayıb.
Tədbir iştirakçılarını salamlayan məktəbin direktoru Şəfa Qurbanova kollektiv üzvlərini, məzunları yubiley münasibətilə təbrik edib, təhsil ocağının yarandığı vaxtdan bu günə qədər keçdiyi inkişaf yolundan, əldə olunan nailiyyətlərdən və kollektivin fədakar əməyindən söz açıb. Bildirib ki, təhsil ocağı minlərlə savadlı, vətənpərvər gəncin yetişməsində mühüm rol oynayıb və bu gün də bu ənənə davam edir.
Yubiley mərasimində çıxış edən qonaqlar ölkəmizdə təhsilin inkişafı istiqamətində həyata keçirilən layihələrdən, təhsil müəssisələrinin infrastrukturunun gücləndirilməsindən, məktəbin, müəllimin nüfuzunun qorunmasının vacibliyindən danışıb, kollektivə intellektual, vətənpərvər gəncliyin yetişdirlməsi işində davamlı nailiyyətlər arzulayıblar.
Daha sonra şagirdlərin ifasında vətənpərvərlik mövzusunda mahnılar, şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Sonda məktəbin fəaliyyətinə dəstək olan məzunlara “Fəxri məzun” plaketləri təqdim olunub.